Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası İşçi qrupunun MƏLUMATI

  Cari ilin 7 noyabr tarixində qeyri-hökumət təşkilatı olan “Narkotiklərə dair Milli Təbliğat Ofisi”nin rəhbərinin müavini Leyla Yolçiyeva “2014-cü ildə yetkinlik yaşına çatmayan uşaqlar arasında 5 nəfər narkotik maddə istifadəçisinin aşkar olunduğu, onların arasında 7, 9, 10-cu sinif şagirdlərinin olduğu, hətta 4 və 5-ci siniflərdə də narkotikdən istifadə edən şagirdlərə rast gəlindiyi” barədə xəbər agentliklərinə rəsmi mənbəyi olmayan, yalnız təmsil etdiyi təşkilatı tanıtmaq xatirinə məlumat vermiş, bu yalan məlumat kütləvi informasiya vasitələrində yayımlanmaqla, ictimaiyyət arasında çasqınlıq yaratmış, sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olmuşdur.

  Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi məlumatına görə 31 dekabr 2014-cü il tarixinə  Respublika Narkoloji Mərkəzində  ölkə üzrə 28.656 nəfər narkotik istifadəçisi qeydə alınmışdır ki, onların da 1 nəfəri 14 yaşında, 5 nəfəri 15-17 yaşlarında, 1403 nəfəri 18-24 yaşlarında, 3999 nəfəri 25-29 yaşlarında, 4243 nəfəri 30-34 yaşlarında, 4377 nəfəri 35-39 yaşlarında, 3487 nəfəri 40-44 yaşlarında, 3053 nəfəri 45-49 yaşlarında, 2554 nəfəri 50-54 yaşlarında, 2221 nəfəri 55-59 yaşlarında,  2008  nəfəri 60-64 yaşlarında, 1305 nəfəri isə 65 yaşdan yuxarı olanlardır.

  Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupu rəsmi olaraq bildirir ki, ölkə üzrə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə, narkomanlığın yayılmasına qarşı görülən işlər, əhali, xüsusən yeniyetmə və gənclər arasında aparılan antinarkotik təbliğat barədə mütəmadi olaraq Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasınınrəsmi internet səhifəsində (nmdk.gov.az) məlumat verilir və vətəndaşlarımızdan xahiş edirik ki, bu sahədə onları maraqlandıran məsələlər barədə dövlətin rəsmi orqanlarına müraciət etsinlər.




Baxılıb: 1130