Qəbələ rayonunda narkomanlıqla mübarizə sahəsində maarifləndirmə tədbirlərinin aparılması məqsədi ilə təlimçilər hazırlanması üçün seminar-məşğələ keçirilib

  “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa  qarşı mübarizəyə  dair  2013-2018-ci illər üçün Dövlət Proqramı”nın 4.4.23-cü bəndinin (narkomanlıqla mübarizə sahəsində maarifləndirmə tədbirlərinin aparılması məqsədi ilə təlimçilər hazırlanması) icrası ilə əlaqədar  Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupu Qəbələ rayon İcra Hakimiyyəti ilə birgə Daxili İşlər, Səhiyyə, Təhsil Nazirliklərinin, o cümlədən, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşlarının  iştirakı ilə 24 oktyabr 2016-cı il tarixdə rayon komissiyasının üzvləri, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi və uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu,  orta təhsil məktəblərinin direktor müavinləri (təlim-tərbiyə işləri üzrə), psixoloqları və tibb işçiləri üçün təlim-məşğələ keçirmişdir.

  Təlimdə aidiyyəti dövlət orqanlarının nümayəndələri çıxış edərək narkomanlığın qarşısının alınması ilə bağlı həyata keçiriləcək tədbirlərə diqqətin artırılması, təhsil müəssisələrində təhsil işçiləri, məktəblilər və şagirdlər arasında narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar, həmçinin narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə təbliğat aparılması, şagird və tələbələrin antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədi ilə kütləvi idman və bilik yarışlarının keçirilməsi istiqamətində müvafiq işlərin davam etdirilməsinin zəruriliyi barədə təlim iştirakçıları məlumatlandırılmış, təlim iştirakçılarını maraqlandıran suallar  ətrafında geniş diskussiyalar aparılmışdır.

   Eyni zamanda Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış xüsusi qovluqlarda narkotik maddələrin qeyri-tibbi istehlakının profilaktikası, narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyən edilməsinə kömək məqsədi ilə pedaqoqlar, tibb işçiləri, valideynlər və yetkinlik yaşına çatmayanlar, təhsil, gənclər və idman təşkilatlarının əməkdaşları üçün hazırlanmış yaddaş kitabçaları, xəbərdarlıq vərəqələri və metodik materiallar (o cümlədən təlim materiallarının diskə daxil edilmiş elektron variantda da əlavə olunaraq) təlim iştirakçılarına təqdim olunub.




Baxılıb: 729