“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın 4.4.23-cü bəndinin (narkomanlıqla mübarizə sahəsində maarifləndirmə tədbirlərinin aparılması məqsədi ilə təlimçilər hazırlanması) icrası ilə əlaqədar Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupu Balakən Rayon İcra Hakimiyyəti ilə birgə Daxili İşlər, Səhiyyə, Təhsil Nazirliklərinin, o cümlədən, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşlarının iştirakı ilə 27 oktyabr 2016-cı il tarixdə təlim-məşğələ keçirmişdir.
Yerli Komissiyanın üzvləri, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibləri və uşaqlarla iş üzrə məsləhətçi-psixoloqları, orta təhsil məktəblərinin direktor müavinləri (təlim-tərbiyə işləri üzrə), psixoloqları və tibb işçiləri üçün təşkil olunmuş təlimin rəsmi hissəsindən öncə məktəblilər tərəfindən narkomaniyanın törətdiyi fəsadlar barədə hazırlanmış rəsm sərgisi nümayiş olunmuşdur.
Eyni zamanda təlim iştirakçıları Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış xüsusi qovluqlarda metodik vəsaitlər, bukletlər, yaddaş kitabçaları, xəbərdarlıq vərəqələri və digər zəruri təbliğat materialları (o cümlədən diskə daxil edilmiş elektron variantda əlavə olunmaqla) ilə təmin edilmişdir.