Narkomaniya gəncləri cəmiyyətdən təcrid edir.

   Narkomaniya artıq bütün dünyada cəmiyyəti narahat edən ağrılı bir problem olmaqla, əhatə dairəsinə görə geniş miqyas alaraq ümumbəşəri bəlaya çevrilməkdədir. Narkotik vasitələrə aludəçilik cinayətkarlıq, zorakılıq  və korrupsiya üçün münbit zəmin yaradan mühüm amillərdən biri olaraq  məhsuldar qüvvələrin  inkişafına mənfi təsir göstərməklə gəncləri sosial-iqtisadi  və siyasi proseslərdən uzaqlaşdırır, ailələrin və bütövlükdə cəmiyyətin inkişafını ləngidən ağrılı bir prosesə çevrilir.

  Məlum olduğu kimi, dövlət müstəqilliyinə qovuşduqdan  sonra coğrafi baxımdan  Avropa və Asiyanın qovuşmasındakı  mühüm bir məntəqədə yerləşən Azərbaycan Respublikası əlverişli nəqliyyat dəhlizi olaraq  tranzit  bir ölkəyə çevrilmiş, bu  isə öz növbəsində ölkə ərazisində narkotik qaçaqmalçılığına   münbit şərait yaratmışdır.

  Ölkəmizdə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri son illər xeyli güclənmiş, bu işə məsul olan cavabdeh şəxslər, dövlət qurumları tərəfindən  həyata keçirilən tədbirlərin  səmərəliliyi artırılmış,  müvafiq icra qurumları və yerli özünüidarə strukturları və qeyri-hökumət təşkilatları tərəfindən əhalinin maarifləndirilməsi istiqamətində fəallıq canlanmış, narkotik  aludəçiliyin aradan qadırılması sahəsində bir sıra kütləvi tədbirlər həyata  keçirilmişdir.

    Son illər Yaxın Şərq ölkələrində baş verən hadisələr, ölkəmizin erməni işğalı altında olan torpaqlarında narkotik vasitələrin əkilib-becərilməsi barədə təkzibedilməz faktların olması,  bu mənfur  bəlanı bütün dünyaya yayanların diqqətini bizim ölkəyə cəlb etmiş, narkotiklərin Azərbaycan ərazisindən nəqli ön plana keçmişdir. Belə bir ərazidə yerləşməyimiz, ölkəmizdə narkotik istehlakçılarının sayına əhəmiyyətli dərəcədə təsir göstərməkdədir.

 Azərbaycan dövləti narkomanlığın yayılmasının qarşısının alınması istiqamətində həm respublika daxilində, eyni zamanda beynəlxalq müstəvidə də səylərini ilbəil gücləndirir. Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyev beynəlxalq qurumlarda çıxışları, dünyanın müxtəlif ölkələrinə səfərləri zamanı Dağlıq Qarabağda separatçıların nəzarəti altında olan ərazilərdə qanunsuz narkotiklərin istehsalı ilə məşğul olunduğunu dəfələrlə dünya ictimaiyyətinin diqqətinə çatdırmışdır. Ölkə başçısının sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram”ın tələblərindən irəli gələn məsələlərin həyata keçirilməsi istiqamətində kompleks təşkilati tədbirlərin həyata keçirilməsi  ölkəmizdə narkotizmə qarşı mübarizəyə verilən önəmin əyani sübutudur.

  Müvafiq dövlət proqramı rəhbər tutulmaqla, Ağdaş rayon komissiyası tərəfindən də Tədbirlər Planı tərtib olunaraq  təsdiq edilmişdir. Tədbirlər planında rayon ərazisində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi, bu istiqamətdə hüquq mühafizə orqanları tərəfindən əməliyyat-axtarış tədbirlərinin daim gücləndirilməsi, narkomanlığın qarşısının alınması, bu bəlanın profilaktikası, antinarkoloji və maarifləndirmə tədbirləri istiqamətində polis şöbəsi, rayon mərkəzi xəstəxanası, İcra Hakimiyyətinin inzibati ərazi dairələri üzrə nümayəndəlikləri, bələdiyyələr və qeyri-hökumət təşkilatlarının səyləri səfərbər olunaraq ardıcıl tədbirlər həyata keçirilir.

  Cari ilin müvafiq dövrü ərzində aidiyyəti qurumların bu istiqamətdə həyata  keçirdiyi kompleks tədbirlərlə bağlı hesabatları dinlənilmiş,  məsələ ilə bağlı rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Şurada  məsələlər  müzakirə olunaraq  müvafiq qərarlar qəbul edilmiş, aidiyyəti qurumların birgə fəaliyyətinin tənzimlənməsi istiqamətində mühüm addımlar atılmışdır.

   Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 2014-cü ilin 9 ayı ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsi üzrə 12 narkotik faktı, 5 satış, 5 saxlama və 2 əkin araşdırılaraq rayon məhkəməsinə göndərilmiş,  ümumi çəkisi 522,2 qram heroin, marixuana  2 aqrotexniki qaydada  yetişdirilən  7820 qram xaş-xaş  və çətənə kolları aşkar edilərək dövriyyədən çıxarılmışdır. Bundan əlavə “Xaş-Xaş-2014” şərti adı altında rayonun Mürsəl kəndi ərazisində su arxının kənarında 2,5 ha ərazidə ümumi çəkisi 2820 kiloqramdan artıq yabanı halda bitmiş çətənə kolu aşkarlanaraq ictimaiyyətin nümayəndələri və kütləvi informasiya vasitələri təmsilçilərinin iştirakı ilə yandırılaraq məhv edilmişdir.

   Sözügedən kampaniya ərzində rayonun təhsil müəssisələri, idarə müəssisə və təşkilatları, yerli bələdiyyələrin ərazisində gənclərin məşğulluq problemləri, onların işlə təminatı, əsrimizin bəlasına çevrilən narkotik aludəçiliyinin aradan qaldırılması və profilaktikası barədə rayon Ağsaqqallar Şurası, Gənclər İdman İdarəsi, ərazi tibb müəssisələrinin əlaqədar tibb işçilərinin iştirakı ilə birgə müzakirələr və qabaqlayıcı tədbirlər həyata keçirilmişdir.

    Cari ilin 9 ayı ərzində rayonda narkomanlığın profilaktikası sahəsində İcra Hakimiyyəti yanında yaradılmış hüquqi biliklərin təbliğatı qrupu tərəfindən  yerlərdə ardıcıl təbliğati tədbirlər həyata keçirilmiş, Beynəlxalq Avrasiya Mətbuat Fondunun  “Gənclərə dəstək” layihəsi çərçivəsində gənclərin zərərli vərdişlərdən çəkindirilməsi mövzusuna həsr edilən tədbir  təşkil edilmiş, fondun nümayəndələri ilə keçirilən görüşdə gənclərin zərərli vərdişlərdən çəkindirilməsi və ətraf mühitin sağlamlaşdırılması istiqamətində mövcud problemlərin aradan qaldırılması üçün təkliflər səsləndirilmişdir.

    Rayon Gənclər və İdman idarəsi və ərazi gənclər təşkilatları ilə birgə 2014-cü ildə də yeniyetmə və gənclərin  narkomaniya  kimi zərərli vərdişlərdən çəkindirilməsi, onların asudə vaxtının səmərəli təşkili və idmanın inkişafı sahəsində tədbirlərə uyğun olaraq  ənənəvi idman turniri olan  IX ümumrayon spartakiadası keçirilmiş, idmanın 14 növü üzrə keçirilən yarışlarda  3 mindən artıq yeniyetmə və gənc  iştirak edərək  qüvvələrini sınamış, qaliblər simvolik medallar və qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.

   Son illər rayonda  gənclərin asudə vaxtının  səmərəli təşkili sahəsində böyük abadlıq-quruculuq tədbirləri həyata keçirilməkdədir. Həyata keçirilən bu səpkili tədbirlər nəticəsində rayonda müasir tələblərə cavab verən Olimpiya idman kompleksi istifadəyə verilmiş, şəhərin Heydər parkında  aparılan əsaslı yenidənqurma  tədbirləri  gənclərin mənalı istirahəti üçün  maksimum şəraitin yatadılmasını təmin etməyə başlamışdır.

    Möhtərəm Prezidentimizin fəaliyyətində regionların sosial-iqtisadi inkişafı  mühüm yerlərdən birini tutur. Ölkə Prezidenti cənab İlham Əliyev 01 may 2014-cü il tarixdə rayonumuza etdiyi sayca dördüncü səfəri zamanı ictimaiyyətin nümayəndələri ilə görüşündəki nitqində görülən işlərə yüksək qiymət verərək bildirmişdir: “Ağdaş rayonunda böyük işlər görülmüşdür. Rayonda sosial infrastrukturun yaradılması, məktəblərin inşası, qazlaşdırma, və kənd yollarının tikintisi layihələri icra edilir. Yəni insanların normal yaşaması üçün bütün şərait yaradılır və Ağdaş şəhəri də gözəlləşir, abadlaşır. Ağdaşın yeni tikilən inzibati mərkəzində işlər  böyük səliqə ilə, zövqlə görülüb, ağaclar əkilib qazonlar salınıbdır”.

    2014-cü il ərzində rayonda kompyuter oyunlarının təşkili ilə bağlı silsilə tədbirlər həyata keçirilməkdədir. Rayonumuzun gəncləri bu tədbirlər üzrə keçirilən respublika  əhəmiyyətli yarışlarda da  əhəmiyyətli nəticələr  qazanmışdır.

   Rayon gənclərinin iştirakı ilə hər yay mövsümü ərzində Heydər Əliyev Mərkəzi, şəhərin mərkəzi istirahət parkında  məktəblilər və gənclərin iştirakı ilə bədii-əyləncəli təbirlər təşkil olunmuş, 26 iyun BMT-nin “Narkotiklərlə mübarizə günü”  ərəfəsində futbol və tennis yarışları təşkil edilmişdir.

   Narkomaniya ilə mübarizə heç şübhəsiz ki, çoxşaxəli  fəaliyyət, eyni zamanda iri maliyyə tutumu tələb edən dinamik bir prosesdir. Bu bəlanın ictimai təhlükəsi ondan ibarətdir ki,  o, milli varlığımıza böyük zərbə vura bilər. Məhz buna görə də əsasən gizli şəraitdə baş verən, alış-satışı, istehlakının geniş vüsət aldığı bu təhlükənin dəf edilməsi dövlət və özəl qurumların fəaliyyətinin əsas hədəfi olmalıdır. Rayonun əlaqədar dövlət qurumları və ictimaiyyətin nümayəndələri genefondumuza zərbə vuran və  müstəqilliyimizi təhdid edən bu bəlaya qarşı fəaliyyətlərini daim  artırmaq üçün əzmlə çalışır.

 

Elnur Məmmədov,

 

Ağdaş Rayon İcra Hakimiyyətinin

Hüquq şöbəsinin müdiri




Baxılıb: 1144