Narkomaniyaya qarşı birlikdə mübarizə aparaq.

  Qazax rayonu İcra hakimiyyəti başçısı aparatı yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə komissiya Qazax rayonunda fəaliyyət göstərən müvafiq idarə, müəssisə və təşkilatlarla birlikdə Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2013-cü il tarixli 2966 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Narkotik vasitələrin, psixotrop maddələrin prekursorların qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət Proqramı”ndan (2013-2018-ci illər) irəli gələn vəzifələrə uyğun olaraq kompleks qabaqlayıcı profilaktik tədbirlər həyata keçirmişdir.

  2014-cü ilin başlanğıcında 109 nəfər “narkomaniya”, 53 nəfər isə “Xroniki alkoqolizm” diaqnozu ilə dispanser qeydiyyatında olmuşdur. 2014-cü ilin 9 ayı ərzində 5 nəfər “narkomaniya” diaqnozu ilə, 8 nəfər “xroniki alkoqolizm” diaqnozu ilə qeydiyyata götürülmüşdür. 2014-cü ilin 9 ayı ərzində qeydiyyatda olan xəstələr müayinədən keçmişdir. 2 nəfər “narkomaniya” diaqnozu ilə xəstə öldüyünə görə qeydiyyatdan çıxarılmışlar. Hazırda rayon üzrə 112 nəfər “narkomaniya”, 61 nəfər isə “xroniki alkoqolizm” diaqnozu ilə dispanser qeydiyyatındadır.

  Məlum fərmanlardan və proqramdan irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə Qazax rayonu İcra hakimiyyəti başçısı yanında Narkomanlığa və narkotik vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Komissiyanın rəhbərliyi ilə birgə 
  Rayon Gənslər və İdman idarəsi, Rayon Təhsil Şöbəsi və Rayon Polis Şöbəsinin Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşları rayon ərazisində fəaliyyət göstərən ali və orta ixtisas məktəblərin rəhbərləri, icra nümayəndələri, bələdiyyələr və ictimaiyyətin nümayyəndələri narkomanlığa qarşı mübarizə məqsədilə bir sıra tədbirlər həyata keçirmişlər. Narkotik vasitələrin qanunsuz döviryyəsi ilə məşğul olan şəxslərin müəyyən olunması, narkotik tərkibli bitkilərin əkilib-becərilməsinin müəyyən edilməsi üçün əməliyyat-axtarış və profilaktiki tədbirlər həyata keçirilmişdir.
  2014-cü ilin 9 ayı ərzində Qazax rayon Polis şöbəsinin Narkotiklərlə mübarizə qrupunun əməkdaşı şöbənin digər əməkdaşları ilə birlikdə narkomanlığa qarşı mübarizə sahəsində müəyyən işlər görmüşdür.

  Narkotik vasitələrin tranzit daşınmasının qarşısının alınması məqsədilə rayonun “Sınıq körpü” Sərhəd Buraxılış məntəqəsində digər hüquq mühafizə orqanlarının əməkdaşları ilə birlikdə mütəmadi olaraq əməliyyat-profilaktik tədbirləri görülür.
  Rayon ərazisində keçirilmiş tədbirlər nəticəsində 2014-cü ilin 9 ayı ərzində narkotiklə bağlı 7 fakt aşkar edilmişdir. Onlardan 3 fakt saxlama, 2 fakt satış, 2 fakt inzibati olmuşdur. Bütün faktlar üzrə cinayət işi başlanaraq cinayətkarlar cinayət məsuliyyətinə cəlb olunmuş, 1,797 qr. heroin maddəsi dövriyyədən çıxarılmışdır.

  2014-cü ilin 9 ayı ərzində RTŞ-nin fəaliyyət planına uyğun olaraq rayonun ümumtəhsil məktəblərində narkomaniya və narkotik vasitənin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədi ilə işlər davam etdirilmişdir.
  Rayonun ümumtəhsil məktəblərində şagirdlərin, müəllimlərin, valideynlərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə birgə görüşlər keçirilmiş, “Dəyirmi masa”lar təşkil olunmuş və burada narkomaniya və onun törətdiyi bəlalar barədə fikir mübadiləsi aparılmışdır.
  Narkomaniya əleyhinə təbliğat işini gücləndirmək məqsədilə ümumtəhsil məktəblərində əyani təbliğat guşələri yaradılmış, tərbiyə ilə bağlı keçirilən təşkilat saatlarında şagirdlərə bu məsələ barədə məlumat verilmişdir.

  Təlim-tərbiyə müəssisələrində tərbiyə işlərini təkmilləşdirmək, şagirdlərin milli mənəvi dəyərlər əsasında formalaşdırmaq, onlarda sağlam həyat tərzi aşılamaq məqsədi ilə vaxtaşırı müxtəlif tədbirlər keçirilmişdir. 20-25 fevral 2014-cü il tarixlərdə rayonun hüquq mühafizə orqanları və səhiyyə işçilərinin iştirakı ilə ümumtəhsil məktəbləri pedaqoji kollektivlərinin birgə toplantılarında “Narkomaniyaya qarşı mübarizə”, “Şagirdlərin hüquq və vəzifələri” mövzularında sağlam həyat tərzində, hüquq pozuntularının profilaktikalarına həsr olunan söhbətlər aparılmışdır. Azərbaycan Respublikasının Narkomaniyaya qarşı ümummilli proqramına və Təhsil Qanununa müvafiq olaraq rayonun ümumtəhsil məktəblərində psixoloji-pedaqoji xidmət təşkil edilmiş, 35 ümumtəhsil məktəbində praktik psixoloqlar fəaliyyət göstərir.

  Rayon Təhsil şöbəsi gənclər arasında hüquq pozuntuları, narkomanlıq və digər neqativ halların profilaktikası ilə bağlı rayon İcra Hakimiyyəti, Gənclər və İdman idarəsi, rayon Hüquq mühafizə orqanları və Səhiyyə şöbəsi ilə əməkdaşlıq əlaqələri genişləndirilmişdir. 
  Narkomanlığın fəsadları haqqında məktəblilərdə düzgün təsəvvürlərin formalaşdırılması və onların yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi məqsədilə məktəbdənkənar, sinifdənxaric tədbirlərin - rəsm, inşa müsabiqələrinin, hərbi vətənpərvərlik oyunlarının keçirilməsi təşkil edilmişdir.
Rayonun ümumtəhsil məktəblərində laboratoriya, təcrübə otaqlarında və tibb kabinetlərində vaxtaşırı monitorinqlər keçirilmiş və narkotik vasitələrin olması faktları aşkarlanmamışdır.

  Narkomaniya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiya, Rayon Təhsil şöbəsi, Gənclər və İdman idarəsinin birgə fəaliyyəti nəticəsində valideyn nəzarətindən uzaq, məktəbdən yayınan yetim və aztəminatlı ailələrin uşaqlarının pedaqoji cəhətdən düzgün istiqamətləndirilməsi nəticəsində yetkinlik yaşına çatmayanlar arasında narkotik vasitələrdən istifadə faktı olmamışdır.

  Narkotik vasitələrin qanunsuz dövriyyəsinin artması, narkotiklərlə bağlı cinayətlərin getdikcə daha çox ciddi problemə çevrilməsi və narkotik vasitələrə aludə olanlar içərisində yeniyetmə və gənclərə də təsadüf edilməsi böyük təəssüf hissi doğurur. Bütün bunları nəzərə alan Qazax rayon Gənclər və İdman idarəsi 2014-cü ilin 9 ayı ərzində aşağıdakı tədbirləri həyata keçirmişdir.

  15 aprel 2014-cü il tarixdə Qazax rayon Gənclər və İdman idarəsi tərəfindən Qazax rayon Mədəniyyət şöbəsinin akt zalında “Öyrədərək Öyrənirik” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi ilə birgə “Narkomaniyaya yox deyək” başlığı altında gənclər arasında təbliğat aksiyası keçirildi. Aksiya zamanı gənclərə narkomaniya əleyhinə buketlər paylandı.

  30.04.2014-cü il tarixdə Qazax Mədəniyyət Evində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının birgə təşkilatçılığı ilə Bakı Uşaq Teatrının tamaşası oynanıldı. Tamaşanı Qazax rayon gənclərinin bütün təbəqələri təmsil olunmaqla 460 nəfər gənc izlədi.

  02.05.2014-cü il tarixdə Qazax Gənclər mərkəzində “Ağ ölüm qara ləkə” başlığı altında dəyirmi masa keçirildi. Tədbirdə Qazax rayon Gənclər və İdman idarəsinin rəisi V.Nəbiyev, psixoloq K.Cəfərova, narkoloq həkim N.Osmanova, tələbə Gənclər təşkilatının sədrləri və başqaları iştirak etdilər. Tədbir iştirakçılarına narkomaniya əleyhinə buketlər paylandı.

  Gənclərimizi zərərli vərdişlərdən, xoşagəlməz hallardan uzaq tutmağın ən yaxşı üsullarından birinin gənclərimizin asudə vaxtlarının səmərəli təşkili eyni zamanda kütləvi şəkildə bədən tərbiyəsi-sağlamlıq və idman tədbirlərinə cəlb edilməsi olduğunu nəzərə alaraq il ərzində bədən tərbiyəsi və idman yarışları keçirilmiş bu yarışlarda yüzlərlə yeniyetmə və gənc yaxından iştirak etmişdir.

  Gənclər arasında hüquq pozuntularının, narkomanlığın və digər zərərli vərdişlərin qarşısının alınması məqsədilə işimizi rayon Polis şöbəsində fəaliyyət göstərən Yetkinlik yaşına çatmamışların profilaktikası üzrə təşkilat qrupu ilə əlaqəli şəkildə qurmişuq. Keçirdiyimiz görüş və dəyirmi masalarda polis və prokurorluq orqanlarının əməkdaşları yaxından iştirak edirlər.

  Narkomaniya və narkobizneslə mübarizə üsullarından birinin də maarifləndirmə işinin olduğunu nəzərə alaraq kütləvi informasiya vasitələrində keçirilən tədbirlər və narkomaniyanın fəsadları haqqında məqalələrin dərc olunmasını təşkil edirik. 
  Qazax rayon Gənclər və İdman idarəsi bundan sonra da sağlam gəncliyimizin formalaşması. Cəmiyyətimizə faydalı vətəndaş kimi yetişməsi üçün əlindən gələni əsirgəməyəcəkdir.

  Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2013-cü il tarixli 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın 4.1.11 bəndinin icrası ilə bağlı narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə vətəndaşların aktiv fəaliyyət göstərməsi üçün rayonda 022-295-31-55 nömrəli etimad telefonu yaradılmışdır.

  Bundan başqa Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2013-cü il tarixli 2966 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Narkotik vasitələrin, psixotrop maddələrin prekursorların qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət Proqramı”nın (2013-2018-ci illər) müvafiq bəndlərinin icrası və 26 iyun BMT-nin “Narkotiklərlə mübarizə günü” ilə əlaqədar Qazax Dövlət Rəsm Qalereyasında sərgi, Azərbaycan Müəllimlər institutunun Qazax filialında və Qazax Dövlət Sosial-İqtisadi Kollecində maarifləndirici tədbirlər keçirilmişdir.

  Qazax rayonu İcra Hakimiyyəti Başçısı aparatı yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiya bundan sonra da rayonun idarə, müəssisə və təşkilatları ilə birlikdə Azərbaycan Respublikası Prezidentinin “Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə” üzrə Fərmanından və “Ümummilli Proqramdan” irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində ardıcıl olaraq məqsədyönlü tədbirlər həyata keçirəcəkdir.

 

Fərman Nağdalıyev,
Qazax rayonu İcra Hakimiyyəti başçısının birinci müavini,
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz
Dövriyyəsinə Qarşı Mübarizə üzrə komissiyanın sədri




Baxılıb: 1555