Astara rayonunda narkomanlığa qarşı mübarizə daim diqqət mərkəzindədir.

  Bu problemin geniş yayılmasında narkotik vasitələrin qanunsuz dövriyyəsi həlledici rola malikdir. Müstəqil dövlətimizdə narkotik maddələrin qanunsuz dövriyyəsi və narkomanlığa qarşı mübarizənin daim diqqət mərkəzində saxlanmasına baxmayaraq ölkəmizin əlverişli coğrafi mövqeyə malik olması, tranzit ölkəsi kimi Asiya və Avropanın yol qovşağında yerləşməsi narkotik alverçilərinin öz çirkin məqsədlərindən istifadə etməsinə daha çox həvəsləndirir. Bunun qarşısının alınması məqsədilə ölkəmizdə geniş miqyasda əməli və təsirli tədbirlər həyata keçirilir. Bu mənada yerlərdə fəaliyyət göstərən “Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə” komissiyaların üzərinə çox ciddi və məsul vəzifələr düşür.

  Astara rayon İcra hakimiyyəti başçısı yanında fəaliyyət göstərən eyni adlı komissiya tərəfindən narkomanlığa, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında qanunvericiliyə uyğun olaraq konkret tədbirlər həyata keçirilmişdir.

  Məlumat üçün bildirmək istəyirəm ki, Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2013-ci il tarixli 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın tələblərindən irəli gələn vəzifələrin həyata keçirilməsi məqsədilə geniş tədbirlər planı hazırlanmış və icrası nəzarətə götürülmüşdür. Bu istiqamətdə rayonun bütün yaşayış məntəqələrində geniş izahat, maarifləndirmə və profilaktiki işlər görülmüşdür.

  2014-cü ilin doqquz ayında Narkomaniya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizəni daha da gücləndirmək üçün rayon İcra Hakimiyyətinin, rayon Gənclər İdman idarəsinin, rayon Təhsil Şöbəsinin, rayon Mədəniyyət və Turizm Şöbəsinin, rayon Mərkəzi Xəstəxanasının, rayon Polis Şöbəsinin birgə kompleks tədbirlər planına uyğun olaraq müxtəlif mövzularda tədbirlər: seminar müşavirələri, gənclərlə görüşlər, idman yarışları, rəsm müsabiqələri, təlim kursları, mədəni-kütləvi aksiyalar keçirilmişdir. Bu tədbirlərdə 1435 nəfərdən çox gənc iştirak etmişdir. Burada “Narkotiklərsiz XXI əsr”, “Narkomaniya uçuruma aparan yoldur”, “Bəşəriyyətin faciəsi”, “Narkotiklərsiz həyat”, “AİDS XXI əsrin bəlasıdır”, “Zərərli vərdişlər sağlamlıq üçün təhlükədir”, “Narkomaniyaya yox deyək” mövzularda məruzə və mühazirələr oxunmuş, söhbətlər aparılmış, seminar müşavirələr keçirilmiş, foto və rəsm sərgiləri təşkil olunmuşdur.

  Astara rayon İcra hakimiyyəti, Astara Təhsil şöbəsi və Astara rayon Gənclər və İdman idarəsi ilə birlikdə rayonun ümumtəhsil müəssisələrində 10, 11, 13, 17, 24, 25 fevral 2014-cü il tarixlərində “Əsrin faciəsi” mövzusunda, 24,25, 27 fevral və 3 mart 2014-cü il tarixlərdə “Narkotiksiz XXİ əsr” mövzusunda, 1 aprel 2014-cü il tarixdə isə Heydər Əliyev Mərkəzində “Bəşəriyyətin faciəsi” mövzusunda gənclərlə görüşlər, 21 fevral 2014-cü il tarixdə rayon Gənclər evində “Astaralı gənclər QİÇS-ə yox deyir” mövzusunda dəyirmi masa keçirilmişdir. 15 aprel 2014-cü il tarixdə Astara şəhər 4 saylı tam orta məktəbində və 18 aprel 2014-cü il tarixdə Astara şəhər 2 saylı tam orta məktəbində “Zərərli vərdişlər sağlamlıq üçün təhlükədir” mövzusunda gənclərlə seminarlar keçirilmişdir. Tədbirlərdə 712 nəfərə yaxın yeniyetmə və gənc iştirak etmişdir. Tədbir iştirakçılarını maarifləndirmək məqsədi ilə rayon Gənclər və İdman idarəsi tərəfindən hazırlanmış “Narkotiklərsiz həyat”, “Narkomaniya-uçuruma aparan yol” mövzularında broşuralar paylanmışdır. 5-10 may 2014-cü il tarixdə Astara Olimpiya İdman Kompleksində “Zərərli vərdişlərə yox deyirik” mövzusunda voleybol üzrə rayon çempionatında 84 idmançı mübarizə aparmışdır. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizəni daha da gücləndirmək məqsədi ilə Astara rayon Gənclər və İdman idarəsi aidiyyəti təşkilatlarla birlikdə “31 may Dünya Tütünlə Mübarizə günü”, “26 iyun Beynəlxalq Narkotiklərlə Mübarizə günü” mövzularında gənclərlə tibbi maarifləndirmə seminarı və mədəni kütləvi aksiyaların həyata keçirilməsini təmin etmişdir.

  Vaxtaşırı olaraq gənclər və məktəblilər arasında keçirilən idman yarışları məktəblilərin idmana cəlb edilməsi, asudə vaxtlarının mənalı keçirməsi, fiziki və mənəvi cəhətdən sağlam yetişməsi, zərərli vərdişlərdən çəkindirilməsində böyük əhəmiyyət kəsb edir. Bu qəbildən oktyabr ayında Astara Olimpiya idman kompleksində “Açıq Əyləncəli Uşaq Futbol Məktəbi” layihəsi çərçivəsində keçirilən idman tədbiri də yaddaqalan olmuşdur. Tədbirdə millət vəkili, Azərbaycan Respublikası Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, Milli Məclisin deputatı, AFFA-nın I vitse-prezidenti, Açıq əyləncəli Futbol Məktəblərinin Azərbaycan üzrə rəhbəri Rauf Əliyev, Astara rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev iştirak etmişlər.

  Narkotik maddələrin qanunsuz dövriyyəsi və narkomanlığa qarşı mübarizə sahəsində dövlət orqanlarının rayonda fəaliyyət göstərən Ağsaqqallar Şurası, Qadınlar Şurası, Gənclər təşkilatları, Veteranlar Şurası və digər qeyri-hökumət təşkilatları ilə yaxından əməkdaşlıq etməsi, qarşılıqlı əlaqəli işləməsi təqdirəlayiq hesab edilməlidir.

  Komissiyanın tədbirlər planına əsasən “Xaş-xaş” şərti adı altında rayon Polis şöbəsi, Gömrük xidməti, İnzibati Ərazi Dairələri üzrə nümayəndələr və Bələdiyyələrlə birlikdə aprel-oktyabr aylarında kompleks əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Keçirilmiş əməliyyatlar zamanı xaş-xaş 261 kol (6 kq 265 qram), çətənə 133 kol (10 kq 270 qram) narkotik maddə aşkar edilərək dövriyyədən çıxarılmışdır.

  2014-cü ilin doqquz ayı ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı həyata keçirilən tədbirlər nəticəsində 1,549 qram heroin, 5,208 qram tiryək, 207,73 qram - cəmi 214,487 qram narkotik maddə, 0,283 qram psixotrop maddə olan metofetamin aşkar edilib dövriyyədən çıxarılmışdır. Ötən müddətdə 1 saxlama, 4 satma, 1 priton və 237 əkib becərmə faktı aşkarlanmışdır.

  07 yanvar 2014-cü il tarixdə Astara şəhəri, M.Əzizbəyov küçəsi ev 37-də yaşayan Cəfərov Abdulla Nizami oğlunun üstündən 1,047 qram heroin aşkar edilərək götürülmüşdür. Bununla bağlı Azərbaycan respublikası CM-nin 234.1 maddəsi ilə cinayət işi açılaraq iş məhkəməyə verilmişdir. 03 fevral 2014-cü il tarixdə Astara rayonun Sərək kənd sakini İsmayılov Rüfət Nəcəf oğlu 11,80 qram həşiş qətranını şərti alıcıya satarkən yaxalanmışdır. Bununla bağlı Azərbaycan Respublikası CM-nin 234.2 maddəsi ilə cinayət işi açılmışdır.

  10 mart 2014-cü il tarixdə Astara rayonunun Ərçivan qəsəbə sakini Əliyev Dəyanət Davud oğlunun üstündən 0,219 qram heroin aşkar edilərək tutulmuşdur. Bununla bağlı Azərbaycan Respublikası CM-nin 234.1 maddəsi ilə cinayət işi açılmışdır.
  20 mart 2014-cü ildə Astara rayonun Siyatük kənd sakini Əhmədov Şirvan Yaşar oğlu 3,669 qram tiryəki şərti alıcıya satarkən yaxalanmış, CM-nin 234.2 maddəsi ilə təqsirli bilinərək məhkəməyə verilmişdir. eyni tarixdə Astara şəhəri Z.Bünyadov küçəsi ev 14-də yaşayan Səmədov Aqil Vüqar oğlu 3,669 qram tiryəki Şirvan Əhmədova satmış, onun üzərinə baxış keçirilən zaman 1,534 qram tiryək aşkar edilmiş, CM-nin 234.2 maddəsi ilə təqsirli bilinərək məhkəməyə verilmişdir.

  Narkoloji kabinetdə dispanser qeydiyyatında 305 nəfər narkoman, 190 nəfər profilaktik narkoman, 9 nəfər alkoqolizm diaqnozu ilə qeydiyyatda durur. 
Astara rayonun İran İslam Respublikası ilə 100 km-ə yaxın quru sərhədi, 20 km-lik dəniz sərhədi vardır. Burada narkotiklərin qanunsuz dövriyyəsinə mübarizəni gücləndirmək məqsədi ilə daha ciddi tədbirlərin görülməsi tələb olunur.
  Rayonda Narkomanlığa, Narkotik Vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizəni gücləndirmək məqsədilə rayonun ümumtəhsil məktəblərində, mədəniyyət evi, klub və kitabxanalarda, ayrı-ayrı yaşayış məntəqələrində həyata keçirilən tədbirlər “Astara” rayon qəzetində dərc edilmişdir.

  Narkomanlığa, Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyası rayonda narkomanlığa, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizəni daim nəzarətdə saxlamaqla bu istiqamətdə zəruri olan bütün tədbirləri aidiyyəti idarə, müəssisə və təşkilatlarla qarşılıqlı əlaqəli şəkildə həyata keçirəcək, fəal gənclərin və ictimai təşkilatların yaxından köməyindən səmərəli istifadə edəcəkdir.

 

Allahverən Mahmudov
Astara rayon İcra Hakimiyyəti başçısının birinci müavini, 
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə rayon komissiyanın sədri




Baxılıb: 1151