Narkomaniya insanı əsarətdə saxlayır.

  Narkomaniya müasir cəmiyyətin ağrılı bəlasıdır. Bu xəstəlik çoxlu insan həyatını, gələcəyi, ümidləri məhv etməkdədir. Narkomaniya cinayətə, həbsə, ölümə aparan yoldur.

  Asılılığın çoxlu növləri var. Lakin narkotik asılılığı çox mürəkkəbdir. Narkotik insanı yalnız cismani deyil, həm də psixi əsarətdə saxlayır. Növbəti dozadan ötrü narkomanlar yalan danışmaqdan, soyğunçuluqdan, hətta adam öldürməkdən belə çəkinmirlər.

  Narkotik asılılığın birinci mərhələsində psixi asılılıq yaranır. Birinci dəfə narkotik qəbul etdikdən sonra bu asılılıq artıq inkişaf edir. 1-2 aydan sonra fiziki asılılıq yaranır (ikinci mərhələ). Narkotik vasitədən 6 ay mütəmadi istifadədən sonra üçüncü mərhələ başlayır, bu cür insanlar artıq cəmiyyət üçün çox təhlükəlidirlər. Onlar davranışlarına nəzarət edə bilmir və yalnız narkotik vasitə əldə etmək məqsədi ilə yaşayırlar. Yeniyetmələr arasında isə narkomaniya bu üç mərhələni daha da tez keçir. Narkotik maddələr insan sağlamlığına bərpaedilməz ziyan vurur, fiziki qüvvələri tükəndirir, bədənin çəkisini birdən-birə azalır, ümumi zəhərlənmə baş verir.

  Narkomanlıq narkotiklərin qanunsuz dövriyyəsinin coğrafiyası kimi sərhəd tanımır. Bu dəhşətli xəstəlik dinindən, dilindən, irqindən, sosial vəziyyətindən və s. asılı olmayaraq hamı üçün eyni dərəcədə təhlükəlidir; o, cinayətkarlığı, zorakılığı və korrupsiyanı yaradır, QİÇS-in sürətlə artmasına təkan verir, sosial-iqtisadi inkişafı səngidir, ailə və icmaları dağıdır, sosial partlayışlara sürükləyir.

  Narkomaniyanın səbəbləri çoxdur. Əsas səbəb sosial şərait və valideynlərin diqqətsizliyidir, lakin hər bir hal individual xarakter daşıyır.

  Beləliklə, narkomaniyanın əsas səbəbləri arasında aşağıdakıları qeyd etmək olar:

- Daxili problemlər (sosial bərabərsizlik, ailədə bir-birini başa düşməmək),
- Maraq (çoxları fikirləşir ki, bu bir dəbdir, və yaxud heç olmazsa həyatda bir dəfə hər şeyi dadmaq lazımdır),
- Yeni hisslərin axtarışı,
- Özünütəsdiq və böyük görünmək arzusu,
- Narkotik vasitənin rahat əldə edilməsi.

  Bu faktorların hamısı bir yerdə və hər biri ayrı-ayrılıqda narkomaniya kimi xəstəliyin yaranmasına, onun yayılmasına və cəmiyyəti dağıtmasına imkan yaradır.

  Narkomaniya ilə mübarizə aparmaq çox çətindir. Lakin mübarizə aparmaq lazımdır. Narkomaniyaya düçar olmuş şəxsə biganə yanaşmaq olmaz. Axı yaxınlarımız, doğmalarımız da bu vəziyyətə düşə bilər. Cəmiyyətin biganəliyi onları məhv edə bilər. Narkomaniya ilə mübarizə aparmaq hamının borcudur. Mübarizəni isə profilaktikadan başlamaq lazımdır. Profilaktik tədbirlər hər bir ailədə, həm də bütövlükdə cəmiyyətdə aparılmalıdır. Valideynlər uşaqlarına nəzarəti gücləndirməli, onların gün rejimini düzgün bölməlidirlər ki, orqanizmləri həddindən artıq yüklənməsin, onların şübhəli şəxslərlə ünsiyyətinə mane olmalıdırlar.

  Narkomaniyanın nəticələri haqqında fikirləşməmək, danışmamaq, onları görməmək, hiss etməməmək olar. Lakin onlar mövcuddur. Bu nəticələr həmin şəraitdir ki, o şəraitdə bizim uşaqlarımız yaşamalıdır. Əgər biz narkomaniya ilə mübarizə aparmasaq bir-neçə nəsildən sonra dünyamız necə olacaq?

  Narkotikdən istifadə etməyən, lakin narkomanların ətrafında olan şəxslər üçün də bu ölüm bataqlığına düşmək təhlükəsi var.

  Hətta narkomanların əhatəsində olmayan insanlar da üzərilərində narkomaniyanın nəticələrini hiss edirlər. Bu, bəşəriyyətin, insanlığın ümumi ağrısıdır. Narkomaniya problemi hər birimizin problemidir. Nə qədər ki, cəmiyyətdə biganə insanlar var, bu problemi həll etmək mümkün deyil. Yalnız sıx birləşib narkomaniyaya qarşı mübarizədə qalib gəlmək olar. Narkomaniya ilə mübarizədə bütövlükdə cəmiyyətin, dövlətin, xalqın, nəhayət hər bir şəxsin fərdi və birgə fəaliyyətinə, barışmaz münasibətinə və əməli köməyinə böyük ehtiyac vardır.

  Narkomaiya gəncləri cəmiyyət üçün təmamilə lazımsız, hətta təhlükəli ünsürə çevirir. Cəmiyyət narkoman gənclərin timsalında işgörmə qabiliyyəti yüksək olan bir nəsli itirir. Narkomanlığın nəsilartırma qabiliyyətinə necə mənfi təsir göstərdiyi isə bilinən faktdır.

İlqar Dadaşov,
Lənkəran RİH birinci müavini, Narkomanlığa
və narkotik vasitələrin qanunsuz dövriyyəsinə
qarşı mübarizə üzrə komissiyanın sədri




Baxılıb: 1926