Müasir dünyada cəmiyyəti narahat edən problemlər içərisində ən mürəkkəbi, faciəvi nəticələrə gətirib çıxaranı narkomaniya və narkobiznesdir. Narkomaniya və narkobiznes təkcə insanların sağlamlığına, mənəviyyatına deyil, həm də dünya iqtisadiyyatına ciddi zərbə vurur. O, dünyada münaqişə və müharibə ocaqlarının, işğal və nəzarətsiz zonaların, nüvə bazalarının, terrorçu mərkəzlərin, mütəşəkkil cinayətkar qrupların yaradılması, silah alverinin güclənməsi sahəsində mühüm amil rolunu oynayır.
Narkomaniya ilə uğurlu mübarizəni şərtləndirən əsas amillərdən biri hər bir ölkənin qanunvericiliyində narkomaniyaya qarşı mübarizənin beynəlxalq standartlara uyğun hüquqi əsasların mövcudluğu və bu əsaslar müasir tələblə cavab verməklə effektli mübarizəni özündə əks etdirməsidir.
Bu baxımdan Azərbaycan Respublikası ərazisində narkotiklərlə bağlı mübarizə sahəsində hüquqi məsələləri tənzimləyən qanunvericilik bazasının təkmilləşdirilməsi, dəyişən şəraitə və tələblərə uyğunlaşdırılması hökumətin və dövlətin əsas fəaliyyət istiqamətlərindən biridir. Qəbul olunan qanun və normativ aktların məqsədi narkotiklərin dövriyyəsi ilə bağlı sosial, iqtisadi, hüquqi və s. münasibətlərdə baş verən dəyişiklikləri özündə əks etdirməkdədir.
Azərbaycan Respublikasında narkotizmlə və narkobizneslə mübarizənin əsası ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 18 iyun 1999-cu il tarixli Qanunu ilə qoyulmuşdur. 2005-ci ildə həmin Qanunun təkmilləşdirilməsi və bir sıra maddələrin dəyişdirilib əlavələr olunması nəticəsində yeni Qanun yaranmışdır.
Ölkədə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğat, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması, narkomanlığa düçar olmuş şəxslərin müalicə edilməklə sağlam həyata qaytarılması, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi və beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2013-cü il 24 iyun tarixli 2966 nömrəli Sərəncamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nı təsdiq etmişdir və dövlət orqanları tərəfindən həyata keçirilir.
Dövlət Proqramının əsas məqsədi ölkədə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizənin gücləndirilməsi, analitik təbliğat, maarifləndirmə yolu ilə narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısının alınması, narkomanlığa düçar olmuş şəxslərin müalicə etməklə sağlam həyata qaytarılması, müalicə-bərpa sahəsindəki fəaliyyətin daha da təkmilləşdirilməsi, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, cəza tədbirlərinin səmərəliliyinin öyrənilməsi üçün elmi və praktiki araşdırmaların aparılması, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsindən ibarətdir.
Qəbul olunan və icraya yönəldilən eyni zamanda bu sahədə nəticələrin olması göstərir ki, Azərbaycanda narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizədə proqramlı dövlət siyasəti həyata keçirilir.
Ayrı-ayrı dövlətlər səviyyəsində fərdi şəkildə və ya beynəlxalq əməkdaşlıq çərçivəsində narkomaniyaya qarşı mübarizə aparılsa da, ildən-ilə dünya üzrə narkomaniyaya düçar olanların sayında artım qeydə alınır.Dünyaya nəzər salsaq görərik ki, bu gün təxminən 208 milyondan artıq şəxs narkotik maddələrdən bu və ya digər formada istifadə etməkdədir. Bu isə dünya əhalisinin təxminən 4.8 faizi deməkdir. Onlardan 26 milyonu sırf narkoman xəstələridir. Marixuana kimi nisbətən yüngül narkotik maddələrdən istifadə edən şəxslər isə daha çoxluq təşkil edir və onların sayı 165 milyon nəfərdən artıqdır. Aparılmış araşdırmalar onu deməyə əsas verir ki, son dövrlər heroin, opium və tiryəkdən istifadə edənlərin sayı daha çox artmaqdadır. Hazırda narko istehsalçı dövlət kimi Əfqanıstan dünya ölkələri arasında liderliyi qoruyub saxlayır.
Şərqin qapısı sayılan Azərbaycanın geosiyasi mövqeyi narkotiklərin qanunsuz olaraq Avropaya daşınması üçün də əlverişlidir. Beynəlxalq narkosindikatlar Azərbaycan ərazisindən istifadə etməklə narkotik vasitələrin Müstəqil Dövlətlər Birliyi ölkələrinə və Avropaya çatdırılmasına nail olmağa çalışırlar. Həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bütün sahələrdə olduğu kimi, narkotiklərin ölkə ərazisində qanunsuz dövriyyəsinə də öz mənfi təsirini göstərmişdir. Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının 20 faiz ərazisinin işğalı, Azərbaycanın İranla olan dövlət sərhədinin 132 kilometrinə Ermənistan silahlı qüvvələri tərəfindən nəzarət edilməsi nəticəsində həmin sahədən Avropa və Qara dəniz hövzəsi ölkələrinə, həmçinin, digər dövlətlərə narkotik maddələrin güclü axını həyata keçirilir. Dağlıq Qarabağ ərazisi narkotik tranziti, narkotiklərin becərilməsi, satılması, transmilli cinayət üçün nəzarətsiz zona kimi istifadə olunur. Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazisinin narkoişbazlar üçün cəlbedici olması ölkəmizdə bu istiqamətdə ciddi mübarizə aparılmasını tələb edir ki, bu da hər bir şəxsin öz sahəsində narkomaniya və narkobiznesə qarşı vicdanla mübarizə aparması nəticəsində mümkündür. Bu mübarizə yalnız inzibati metodlarla aparılmalı deyil, tutduğu vəzifə və statusundan asılı olmayaraq hər kəsin işinə çevrilməlidir.
Narkomaniya xəstəliyinin ümumbəşəri problem olması, buna qarşı mübarizədə əhali və xüsusi ilə gənclər arasında profilaktiki işin səmərəliliyinin artırılması sahəsində hüquqi maarifləndirmə və təbliğat tədbirləri respublikamızın hər yerində olduğu kimi Masallı rayonunda da gücləndirilmişdir.
Əsas diqqəti narkotiklərin rayon ərazisinə qeyri-qanuni yollarla qonşu rayonların ərazilərindən gətirilmə kanallarının müəyyən edilməsinə, narkotiklərin satışı faktlarının aşkarlanmasına, profilaktiki qeydiyyatda olan narkomanlar ətrafında əməliyyat tədbirlərinin həyata keçirilməsinin və eyni zamanda əhali və xüsusi ilə məktəblilər arasında narkomaniya ilə mübarizə ilə bağlı maarifləndirmə işlərinin aparılmasına yönəldilmişdir və sevindirici haldır ki, Masallı rayonunda yetkinlik yaşına çatmayanlar arasında narkotik və toksik maddələrin istifadəçiləri aşkar edilməmişdir.
Rayon ərazisində narkotik maddələrin istifadəsi, alqı-satqısı, narkotik tərkibli bitkilərin əkilib becərilməsi, qaçaqmalçılıq yolu ilə rayon ərazisinə narkotik maddələrin gətirilməsi ilə məşğul olan şəxslərin aşkar olunması və cinayət məsuliyyətinə cəlb edilməsi ilə yanaşı, narkomaniyaya meyilli şəxslərin aşkar olunaraq uçota alınması və onların müalicəsi istiqamətində işlər görülmüşdür.
Dövlət orqanlarının narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə işinə ağsaqqalların, din xadimlərinin və fəal gənclərin köməklik göstərməsi bizi sevindirir.
Nadir Abiyev,
Masallı rayon İcra hakimiyyəti başçısının I müavini-
Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Masallı rayon Komissiyasının sədri