Biləsuvar rayonunda narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı ciddi mübarizə aparılır.

  Azərbaycan Respublikası Prezidentinin “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri haqqında” 26 avqust 1996-cı il tarixli Fərmanının, “Narkoloji xidmət və nəzarət haqqında” “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının dövriyyəsi haqqında” qanunların Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2013-cü il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət Proqramı (2013-2018-ci illər)”nın icrası Biləsuvar rayonunda da narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə işinin təşkilinə xüsusi təkan vermişdir. 
  Biləsuvarın sərhədyanı rayon olması narkotiklərlə mübarizə sahəsində müəyyən problemlər yaradır, bu istiqamətdə aparılan işlərə kompleks və ixtisaslı yanaşılmasını zəruri edir.

  Rayonda narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi zamanı narkomanlığın əleyhinə təbliğat və narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə bağlı hüquq pozuntularının profilaktikasına yönəldilmiş fəaliyyətə daim üstünlük verilmişdir. Narkotik Vasitələrin, Psixotrop Maddələrin və Prekursorların Qanunsuz Dövriyyəsinə Qarşı Rayon Komissiyası Narkomanlığın Əleyhinə təşkilatlararası əlaqələndirmə funksiyasını öz üzərinə götürməklə narkomaniyanın profilaktikası ilə bağlı təhsil, səhiyyə şöbələrinin, gənclər və idman idarəsinin birgə işini əlaqələndirmişdir. Komissiya tərəfindən narkomanlığın yaşadığımız cəmiyyətə və insan sağlamlığına zərəri barədə mühazirələr oxunmuş, fərdi söhbətlər və görüşlər keçirilmiş, təbliğat və maarifləndirmə fəaliyyətinə diqqət daha da artırılmışdır.

  Ötən il ərzində hər həftə yaşayış məntəqələrində rayon İcra Hakimiyyəti başçısı tərəfindən əhali ilə keçirilən görüş və qəbullarda yetkinlik yaşına çatmayanların asudə vaxtlarının lazımi səviyyədə təşkil olunması, habelə sağlam həyat tərzi ilə bağlı təbliğat, maarifləndimə işinin ümummilli proqramdan irəli gələn tələblərə uyğun qurulması istiqamətində cavabdeh vəzifəli şəxslərin hesabatları dinlənilmiş, bu sahədə yol verilən nöqsanların aradan qaldırılması və gələcəkdə belə hallara yol verilməməsi ilə bağlı tapşırıqlar verilməklə nəzarətə götürülmüşdür.

  2014-cü il ərzində məktəblərdə “Narkomaniyaya qarşı mübarizə mənəviyyatın xilası deməkdir” mövzusunda tədbir, “Narkomaniya ilə mübarizə hər birimizin işidir” mövzusunda yığıncaq, “Narkomaniya və digər cinayətkarlıq hallarının qarşısının alınması, siqaretlə mübarizə məqsədi ilə sağlam həyat” mövzusunda tədbir, “Narkomaniyanın və HİV/AİDS-nın gənclər arasında yayılmasının profilaktikası”, “Ağ ölüm nə deməkdir?”, “Narkomaniya və onun zərərli nəticələri” mövzularında dəyirmi masa və “Narkotiklərsiz həyat” mövzusunda yığıncaq keçirilmişdir. Bütün tədbirlərdə “narkomaniyaya yox deyək” mövzusunda rəsm işlərindən ibarət sərgi nümayiş etdirilmiş və “Narkomaniya bəşəriyyətin bəlasıdır” adlı qısametrajlı videoçarxlardan istifadə edilmişdir.

  Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının tövsiyələrinə uyğun olaraq rayon komissiyası öz qüvvələrini narkomanlığın ilkin profilaktikasına, antinarkotik təbliğat və maarifləndirməyə, narkotik xassəli bitkilərin qanunsuz əkilib becərilməsinin qarşısının alınmasına, bu tədbirlərə ictimai birliklərin cəlb olunmasına, narkotik durumla əlaqədar əhalinin məlumatlandırılmasına yönəldilmişdir.

  Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə tədbirlərindən biri də narkotik xassəli bitkilərin qanunsuz əkinlərinin aşkar edilərək məhv edilməsi, habelə onların yabanı növlərinin yayılmasının qarşısının alınmasıdır. Bu istiqamətdə kənd icra nümayəndəliklərinin və bələdiyyə strukturlarının üzərinə xeyli vəzifələr düşmüş, onlar yerlərdə narkotik xassəli bitkilərin əkilib becərilməsinin qadağan olunması, yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkarlanaraq yerindəcə məhv edilməsi ilə bağlı əhali arasında izahat işləri aparmış, fəalların yığıncaqlarını keçirmişlər.

  Narkomanlığın profilaktikası, narkomanlığın müalicəsi və onların normal həyat tərzinə qaytarılması, narkomanlığın yayılmasına təkan verən səbəblərin aradan qaldırılması üçün zəruri olan tədbirlərin həyata keçirilməsi, narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədi daşıdığını nəzərə alaraq tibbi yoxlama, yəni narkoloji xəstəliyin diaqnozunun müəyyən edilməsi rayon xəstəxanasında fəaliyyət göstərən narkoloji kabinetdə müəyyən olunur, xəstəxananın narkoloji kabinetində 01 yanvar 2014-cü il vəziyyətinə narkomanlıq diaqnozu ilə 140 nəfər qeydiyyatda olub və il ərzində 5 nəfər artım olmuşdur.

  Ötən il narkomaniya xətti üzrə rayon polis şöbəsi tərəfindən 12 fakt aşkar edilmişdir. Həmin faktlarla bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq aparılmışdır. Cinayət xarakterli 12 faktdan 5-i narkotik maddələrin saxlanması üzrə, 7-si isə narkotik maddələrin satışı üzrə olmuşdur. Həmin faktlar üzrə maddi sübut kimi ümumilikdə 17 kq 858,76 qram narkotik vasitələr aşkar edilərək götürülmüşdür.

   Narkotik vəziyyəti sabitləşdirmək məqsədilə ilk növbədə hüquq mühafizə, səhiyyə, təhsil, gənclər və idman, digər dövlət və ictimai qurumların səyləri birləşdirilmişdir. Xüsusilə sərhədlərin mühafizəsinin gücləndirilməsi nəzarət altında saxlanılır.
  Qeyd edək ki, hər il “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun və “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət Proqramı (2013-2018-ci illər)”nın icrasından irəli gələn tədbirlərin icra vəziyyəti İcra Hakimiyyəti başçısı yanında Şuranın iclaslarında müzakirə olunur və bu sahədə görüləcək işlər müəyyən edilərək icrası nəzarətə götürülür.

Xanlar Məmmədov, 
Biləsuvar Rayon İcra Hakimiyyəti
başçısının birinci müavini, Narkomanlığa və
Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Rayon Komissiyasının sədri




Baxılıb: 864