Narkotizmlə mübarizə gücləndirilməlidir.

  Beynəlxalq təşkilatların ən son məlumatları və təhlilləri birmənalı şəkildə təsdiq edir ki, qlobal təzahür kimi narkotizm sürətlə artmaqda və genişlənməkdədir. Bu təzahür özünü xəstəlik olaraq narkomaniya, böyük gəlir əldə etmə vasitəsi kimi narkobiznes və digər formalarda və məzmunda göstərə bilir. Hüquqi tənzimetmə sənədlərində - normativ-hüquqi aktlarda isə bu təzahür narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi kimi səciyyələndirilir.

  Azərbaycanın müstəqillik illərində dünyanın və ayrı-ayrı ölkələrin ictimai-siyasi sabitliyinə, əhalinin sağlamlığına, ekologiyaya, qayda-qanuna əməl edilməsinə ciddi təhlükələr yaradan təzahür kimi belə əməllərlə mübarizə gücləndirilmişdir. Ulu öndər Heydər Əliyevin birbaşa rəhbərliyi ilə bu sahədə sistemli, ardıcıl və kompleks tədbirlər həyata keçirilmiş, zəruri normativ-hüquqi baza və təşkilati-hüquqi qurumlar yaradılmışdır. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə siyasəti cənab Prezidentimiz İlham Əliyev tərəfindən də ardıcıl olaraq davam etdirilməkdədir. Dövlətimizin başçısı bir çox beynəlxalq səviyyəli tədbirlərdə, işğal altında olan Dağlıq Qarabağın nəzarətsiz zonalarında erməni seperatçıları tərəfindən narkotik plantasiyalar salındığını və istehsal edilən narkotik maddələrin Avropaya daşınmasında tranzit ərazi kimi geniş istifadə edildiyini vurğulamış və beynəlxalq birliyi belə təzahürlərlə mübarizəyə çağırmışdır.

  Bu gün ölkənin hüquq-mühafizə orqanları ilə yanaşı, vətəndaş cəmiyyətinin fəalları da narkotizmlə mübarizəyə qoşulmuşlar. Hər il Nazirlər Kabineti yanında fəaliyyət göstərən İşçi Qrup bu sahədə vəziyyəti ümumiləşdirir və Dövlət Proqramının həyata keçirilməsi sahəsində əlaqələndirici funksiyanı təmin edir. Birgə səylər nəticəsində narkotizmlə mübarizə sahəsində ölkədə sözün əsl mənasında böyük işlər görülmüş, maarifləndirmə və hüquq təbliğatı əhəmiyyətli dərəcədə genişləndirilmişdir. Son on ildə ölkədə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı otuz minə yaxın və ya dəqiq desək 29203 cinayət hadisəsi qeydə alınmışdır. Bunun da 9911-i və ya cəmi 34%-i narkotik maddələrin satışı ilə və ya narkobizneslə əlaqədar olmuşdur. Görülmüş tədbirlər nəticəsində müxtəlif növlərdən olan altı tona qədər marixuana, tiryək, kokain və s. bu kimi maddələr aşkar edilib, qanunsuz dövriyyədən çıxarılmış və məhv edilmişdir. Son on ilin təhlilləri göstərir ki, ölkədə ildə orta hesabla 2500-3000 cinayət faktı qeydə alınır ki, bunun da 500-600-ü narkotiklərin satışı ilə bağlı olur. Aparılan təhlillər göstərir ki, ildə orta hesabla qadınlar tərəfindən bu qəbildən olan 70-80, yetkinlik yaşına çatmamışlar tərəfindən isə 5-10 cinayət hadisəsi qeydə alınır. Xəstə narkomanların sayı da ildən-ilə artmaqdadır. Lakin bütün bu faktlar Müstəqil Dövlətlər Birliyinin və ümumiyyətlə region ölkələrində ən aşağı göstəricilərdən hesab olunsa da, lakin mövcud vəziyyət ciddi narahatçılıq doğurur və mübarizənin intensiv olaraq təkmilləşdirilməsini tələb edir. BMT-nin yüksək ixtisaslı peşəkar ekspertlərinin apardıqları təhlillər birmənalı şəkildə təsdiq edir ki, ümumiyyətlə, dünyada narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi - narkobiznes kimi çoxaspektli və çoxistiqamətli təzahürlərin sürətli inkişafı dünya səviyyəsində intensiv olaraq artmaqdadır. Narkotizm, onun təhlükəli təzahürlərindən olan narkobiznes müxtəlif zəmində baş verən münaqişələrin və müharibələrin qızışdırılmasına stimul verir, cəmiyyətdə sabitliyi pozur, hüquqi dövlətin qurulmasına, demokratiyanın inkişafına, insan hüquq və azadlıqlarının qorunmasına mənfi təsir göstərir, transmilli mütəşəkkil cinayətkarlığın, qəsdən törədilən digər xüsusilə ağır cinayətlərin dövlət çevrilişlərinin, “rəngli inqilablar”ın baş verməsinə şərait yaradır, bazar iqtisadiyyatının inkişafına, pul-kredit siyasətinin şəffaflığına, gömrük və vergi qanunvericiliyinin pozulmasına, qaçaqmalçılığın, korrupsiya və rüşvətxorluğun artmasına, “çirkli pullar”ın yuyulmasına zərurət yaradır, terrorizmin, insan alverinin, silah alverinin və digər xüsusilə ağır cinayətlərin maliyyə mənbəyini təşkil edir. İnsanlara, ailələrə böyük sosial fəlakət gətirir, əhalinin sağlamlığına zərər vurur, QİÇS və digər bu kimi təhlükəli xəstəliklərin yayılmasına və psixi xəstəliklərin artmasına şərait yaradır, ekologiyanı pozur, torpaqların korroziyasını gücləndirir, atmosferi zəhərləyir və s.

  Cənubi Amerika, Əfqanıstan və bir sıra ərəb ölkələrinin təcrübəsi qeyd olunan təzahürləri birmənalı şəkildə təsdiq edir. Lakin bütün bu təhlükəli təzahürlər narkobiznesin yalnız müəyyən mənfi təsirini səciyyələndirir. Mahiyyət etibarilə narkobiznes bəşəriyyət üçün qlobal təhlükə yaradır. Buna görə də dünya birliyi, ayrı-ayrı ölkələr, beynəlxalq və regional təşkilatlar narkobizneslə mübarizəyə xüsusi önəm verilməsini, səylərin birləşdirilməsini vacib hesab edirlər. Elə son illər ölkəmizin səyi ilə Bakıda keçirilən bir sıra beynəlxalq konfranslar bu sahəyə göstərilən diqqətin bariz nümunəsi ola bilər. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə məsələlərinə həsr edilmiş sonuncu beynəlxalq konfransda, BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsinin icraçı direktoru Yuri Fedotov, Ümumdünya Gömrük Təşkilatının baş katibi Kiniyo Mikruya ilə yanaşı, dünyanın 42 ölkəsinin və 7 beynəlxalq təşkilatının 90 nəfərdən çox nümayəndəsi iştirak etmişdir. Konfransda BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin icraçı direktoru Yuri Fedotovun məruzəsi böyük maraq kəsb etmiş və bu problemin aktuallığı haqqında ciddi təəssüratlar yaratmışdır. Y.Fedetov məruzəsində göstərmişdir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ölkələrdə sabitliyi pozur, cinayətkarlığın sürətli inkişafına təkan verir, insan sağlamlığına ciddi zərər vurur. Bu baxımdan problemə bir ölkə çərçivəsində baxmaq düzgün olmazdı. Narkotik qaçaqmalçılığı ümumdünya problemi kimi qiymətləndirilməli və nəzərə alınmalıdır ki, bu, ölkələrin milli təhlükəsizliyi ilə birbaşa əlaqədardır. Bildirilmişdir ki, Azərbaycanın işğal altında olan ərazilərindən narkotik vasitələrin qanunsuz dövriyyəsi zamanı tranzit kimi istifadə edilir. Əfqanıstanda tiryək istehsalının son illərdə 61% artması və ümumdaxili məhsulun 10%-ni təşkil etməsi qarşıdakı illərdə region ölkələrini öz siyasətini bu axına qarşı səmərəli mübarizə aparılmasına səfərbər etməlidir.

  Sonuncu beynəlxalq konfransın işinə Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev böyük diqqət yetirmiş və onun iştirakçılarına məktub göndərmişdir. Qeyd edilmişdir ki, XXI əsrin çağırışlarından hesab edilən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin gücləndirilməsi bəşəriyyətin gələcəyi üçün yaranmış böyük təhlükələrdən doğur. Bu təzahür terrorizmin başlıca maliyyə mənbəyi olmaqla, beynəlxalq təhlükəsizliyə ən ciddi təhdidlərindən biri kimi özünü göstərir. Müasir dünya hərbi münaqişə zonalarından narkotiklərin qanunsuz dövriyyəsi üçün istifadə olunmasından dərin narahatlıq keçirir. Ölkəmiz 30 ilə yaxındır ki, bu problemlə üzləşmişdir. Ermənistanın silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərimizdən narkotik vasitələrin istehsalı və tranziti üçün istifadə edilməsi narkobiznesin və beynəlxalq terrorizmin genişlənməsinə şərait yaradır. Buna görə də Azərbaycanda sosial iqtisadi və siyasi sabitliyin təmin edilməsi, insanların sağlamlığının, rifahının və mənəvi-əxlaqi dəyərlərinin qorunması məqsədilə narkomanlığa, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə ümumdövlət vəzifəsi kimi müəyyən edilmişdir. Bu sahədə həyata keçirilən Dövlət Proqramları çərçivəsində zəruri qanunvericilik bazası yaradılmış, institusional islahatlar həyata keçirilmiş, Azərbaycan müvafiq sənədlərə və təşəbbüslərə qoşulmuşdur.

  Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi elə geniş miqyas almış cinayətlərdəndir ki, onlar bir çox ölkələrdə labüd surətdə narkobiznes sənayesinin, narkomafiyanın və digər mütəşəkkil cinayətkar təşkilatların təzahür etməsinə stimul verir. Əfqanıstanda, Cənubi Amerika ölkələrində, Pakistanda, ABŞ-da, Ermənistanda baş verən cinayətlər bütün bunları tam təsdiq edir. Lakin məsələnin ağırlığı və qloballığı yalnız bununla bitmir. Məhz belə cinayətkar təşkilatlar narkobiznesin və narkomafiyanın maliyyə yardımı nəticəsində iqtisadiyyatın istənilən sahəsinə nüfuz edir, iqtisadi dayaqlarını kriminal sektor vasitəsilə möhkəmləndirərək dövlətin siyasi xəttinə təhlükə yaradır, mütəşəkkil cinayətkarlığı genişləndirir, terrorçuluğun və kibercinayətkarlığın maliyyə mənbəyi kimi özünü göstərir. Elə “rəngli inqilablar”da, İŞİD və Taliban hərəkatında narkotiklərin rolu danılmazdır. Təsadüfi deyil ki, Soros kimi rəngli inqilablar ustası öz məqsədlərinin həyata keçirilməsi üçün artıq illərdir ki, narkotiklərin satışının leqallaşdırılması ideyasının təşəbbüsçüsü kimi çıxış edir. Bu gün Hollandiyanın, ABŞ-ın və Qərbin bir sıra regionlarında narkotiklərin satışına artıq icazə verilmişdir.

  Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra daha da geniş vüsət alan Dağlıq Qarabağ münaqişəsi ölkəmizdə narkotizm və narkobiznes probleminə özünəməxsus çalarlar verir və belə problemlərlə mübarizəyə xüsusi aktuallıq gətirir. Bütün bunlar nəzərə alınaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsində 234-240-cı maddələri əhatə edən “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər” adlı iyirmi altıncı fəsil daxil edilmiş və belə əməllərlə cinayət-hüquqi vasitələrlə səmərəli mübarizə aparılır.

  Dağlıq Qarabağ münaqişəsi və ərazilərimizin Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilməsi bir faktor kimi narkobiznesə əhəmiyyətli təsir göstərməkdədir. Ölkəmizə qarşı ədalətsiz silahlı müdaxilə, ərazilərimizin işğal olunması və bu ərazilərin Azərbaycan Respublikasının nəzarətindən çıxması, həmin regionda narkotizmin və narkobiznesin inkişafına geniş imkanlar açdı. İndi işğal edilmiş Azərbaycan əraziləri erməni separatçılarının əlində narkobiznesin “əlverişli” meydanına çevrilmişdir. Azərbaycan Respublikası yaranmış vəziyyətin səbəbləri və nəticələri barədə əsl vəziyyəti dünya birliyi qarşısında dəfələrlə bəyan etsə də, təəssüflə qeyd olunmalıdır ki, beynəlxalq təşkilatlar tərəfindən indiyə kimi heç bir təsirli tədbirlər görülməmiş, hətta bu problemlə bağlı BMT-nin sənədləri icrasız qalmışdır. Bu isə beynəlxalq prinsiplərin və hamı tərəfindən qəbul edilmiş normaların açıq-aşkar pozulmasına imkan vermiş, gənc Azərbaycan Respublikasını narkobiznes və terrorizm kimi qlobal təhlükələrlə üz-üzə qoymuşdur. Ona görə də indi Azərbaycanın cinayət hüquq siyasətində ən öncül problemlərdən biri narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satışı ilə - narkobizneslə mübarizəni gücləndirmək və belə təzahürlərin qarşısını almaqdan ibarətdir. Bunu suveren Azərbaycanın milli təhlükəsizliyi tələb edir.

  Narkobiznes geniş yayılmış təzahür forması kimi, onunla mübarizədə dövlət siyasəti kompleks şəkildə, elmi, nəzəri və təcrübi istiqamətlərdə aparılmalı, bu sahədə qanunvericilik vaxtaşırı təkmilləşdirilməlidir. Bu mübarizə dövlət səviyyəsində, beynəlxalq hüququn prinsiplərinə və dünyada mövcud olan qabaqcıl iş təcrübələri əsasında aparılmalıdır. Bu zaman aşağıdakı məsələlərə xüsusi diqqət yetirilməlidir:

  a) narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizəni təmin edən və uzun müddətli dövr üçün nəzərdə tutulan “BMT-nin narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində XXI əsr Konvensiyası” qəbul edilməlidir;
  b) Azərbaycan Respublikasında “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” yeni Qanun hazırlanmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan tərkiblərin yenidən formalaşdırılması daha da dəqiqləşdirilməli və səhih differensiasiya aparılmalıdır. Bu zaman xəstə narkomanların deyil, narkotiklərin qanunsuz istehsalı və satışı ilə məşğul olanların məsuliyyət məsələsinin həll edilməsinə, narkotiklərin miqdar göstəricilərinin dəqiqləşdirilməsinə xüsusi diqqət yetirilməsi zəruridir; 
  c) narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizəni səmərəli təşkil etmək üçün dünyanın bir çox ölkələrində olduğu kimi, mərkəzi İcra Hakimiyyəti statuslu orqanın - “Azərbaycan Respublikasında narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə üzrə Dövlət Komitəsi”nin yaradılması məsələsi nəzərdən keçirilməlidir; 
  ç) narkotizmlə və narkobizneslə mübarizə sahəsində mövcud durumun və inkişaf tendensiyasının beynəlxalq, regional və milli səviyyədə vaxtaşırı olaraq öyrənilməsi, onun qlobal təzahürlərinin aşkar edilməsi və belə təzahürlərlə mübarizədə hüquqi əməkdaşlığın genişləndirilməsi təmin olunmalıdır;
  d) ölkədə narkotizmlə və narkobizneslə mübarizənin gücləndirilməsi, bu sahədə ağır və təhlükəli cinayətlərin aşkar olunması, cinayətin əsas iştirakçılarının müəyyən edilib məsuliyyətə cəlb edilməsi, narkotik vasitələrin mənbəyinin aşkara çıxarılması, belə təzahürləri doğuran səbəbin və şəraitin müəyyən edilməsi, onların aradan qaldırılması və qarşısının alınması sahəsində əməliyyat-axtarış və ibtidai araşdırma orqanlarının fəaliyyətinin elmi, təcrübi və təşkilati əsaslarının əhəmiyyətli dərəcədə yaxşılaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirilməlidir; 
  e) həyata keçirilən sorğular, müşahidələr, yoxlamalar, təhlillər, ümumiləşdirmələr üzrə çıxarılmış nəticələr əsasında əməliyyat-axtarış, ibtidai araşdırma və məhkəmə orqanlarına, eləcə də Dövlət Komissiyasına verilmiş təkliflərin və təqdimatların nəzərə alınmasına, narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərlə mübarizədə profilaktiki tədbirlərin yeni vasitələrinin və metodlarının tətbiqinə xüsusi diqqət yetirilməlidir;
  ə) narkotik vasitələrin və psixotrop maddələrin aktual problemlərinin hüquq, psixologiya, sosiologiya, tibb və digər elm sahələrinin mütəxəssisləri tərəfindən intensiv olaraq tədqiq edilməlidir. Narkomaniya xəstəliyinin müalicəsi, narkomanların psixologiyası, narkotizmin sosiologiyası, profilaktikası, istintaq metodikası və taktikası, cəza siyasətinin istiqamətləri, narkotik qaçaqmalçılıq, kimyəvi tərkibli narkotiklərin təsir imkanları, yetkinlik yaşına çatmayanlar və qadınlar tərəfindən törədilən cinayətlərin aktual məsələləri tədqiq edilməli və bütün bunların nəticələrindən təcrübədə istifadə edilməsi üçün tədbirlər görülməsi zəruridir;
  g) beynəlxalq və regional səviyyədə sınaqdan çıxarılmış profilaktiki tədbirlərdən istifadə etməklə, hökumət və qeyri-hökumət təşkilatlarının səylərini birləşdirməklə narkotizmlə mübarizənin kompleks təşkilinin planlı şəkildə aparılması üçün səmərəli və effektiv tədbirlər görülməlidir;
  h) narkomanlıq xəstəliyinə tutulmuş şəxslərin narkotik vasitələrdən və psixotrop maddələrdən fiziki və psixi asılılığına dair məlumatlardan, habelə bu şəxslərin mənəvi-psixoloji göstəriciləri haqqında informasiyalardan müalicə-reabilitasiya işlərində və profilaktika sahəsində istifadə edilməsinə, narkomanların sayının dəqiqləşdirilməsi sahəsində səmərəli tədbirlərin həyata keçirilməsi zəruridir;
  x) narkobiznesdən əldə olunan “çirkli pullar”ın leqallaşdırılmasının qarşısının alınması sahəsində təşkilati-hüquqi, sosial-siyasi və iqtisadi təbdirlərin gücləndirilməsi və bu sahədə zəruri olan normativ hüquqi aktların yaradılması sahəsində təşəbbüskarlığın artması vacibdir və s.

  Bütun bu tədbirlər sisteminin həyata keçirilməsi bəşəriyyəti narahat edən narkotizmlə və onun təhlükəli təzahürü olan narkobizneslə mübarizədə müəyyən səmərəli nəticələr verə bilər.

Bəhram Zahidov,
AMEA-nın Fəlsəfə və Hüquq İnstitutu direktorunun elmi
işlər üzrə müavini, hüquq elmlər doktoru, professor




Baxılıb: 851