Narkomaniyaya qarşı ictimai qınaq gücləndirilməlidir.

  Azərbaycan Respublikasi Prezidentinin 2013-cü il 24 iyun tarixli, 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədilə ilə Balakən Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə rayon icra hakimiyyəti başçısı yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə rayon komissiyası yaradılmışdır.

  Qeyd olunan Dövlət Proqramının icrası ilə əlaqədar rayon komissiyası 2014-cü il üçün müvafiq tədbirlər planına əsasən üzərinə düşən vəzifələri məsuliyyətlə icra etmişdir. Tədbirlər planına uyğun olaraq narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin, narkomanlığın yayılmasının qarşısının alınması, narkomanlığın ilkin profilaktikası, antinarkoloji təbliğat və maarifləndirmə istiqamətində həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılması, gənclərin asudə vaxtının təşkili və məşğulluq problemlərinin həll olunması sahəsində kompleks tədbirlər görülmüş, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və onlardan sui-istifadə ilə əlaqədar mübarizənin gücləndirilməsi məqsədilə həyata keçirilən tədbirlər barədə ictimaiyyətin məlumatlandırılması təmin edilmişdir.

  2014-cü il ərzində keçirilmiş tədbirlər nəticəsində rayonda narkotiklərlə bağlı 28 cinayət faktı aşkar edilmişdir ki, bunlar da narkotik tərkibli bitkilərin əkilib becərilməsi ilə bağlı olmuşdur. Həmin 28 fakt üzrə vətəndaşlar tərəfindən qeyri-qanuni yolla əkilib becərilmiş, ümumi çəkisi 161 kq 952 qram olan 561 ədəd çətənə bitkisinin kolları götürülmüşdür. Keçirilmiş tədbirlər nəticəsində ümumi çəkisi 2086 kq olan 3476 ədəd yabanı halda bitmiş çətənə kolları aşkar edilərək yığılmış və mütəxəssislərin iştirakı ilə yandırma yolu ilə məhv edilmişdir.

  İl ərzində rayon təhsil şöbəsində, rayon icra hakimiyyətində, Gənclər evində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə rayon komissiyasının sədrinin iştirakı ilə narkomanlığın yayılmasının qarşısının alınması, narkotik vasitələrin dövriyyəsinə qarşı mübarizə məsələləri ilə əlaqədar seminarlar, narkomaniya ilə mübarizəyə həsr olunmuş “Açıq qapı günü” keçirilmişdir. 
Hazırda komissiya 2015-ci il üçün nəzərdə tutulmuş müvafiq tədbirlər planına əsasən öz işini davam etdirir.

  Rayon gənclər və idman idarəsi tərəfindən”Ağ ölümə qarşı mübarizə et” adlı diskussiya xarakterli görüş, “Gəlin gələcəyimizi qoruyaq” mövzusunda “dəyirmi masa” keçirilmiş, “Narkomaniya əsrimizin bəlasıdır” adlı sənədli filmin nümayişi təşkil edilmişdir. Rayon təhsil şöbəsinin təşkilatçılığı ilə məktəblilər və yeniyetmələr arasında narkomanlığın, digər mənfi meyilli amillərin qarşısını almaq məqsədilə məktəblərdə “Narkomaniya uşaqların gözü ilə” mövzusunda inşa, rəsm müsabiqələri, “Narkomaniya insanı yazıqlaşdırır və kölələşdirir”, “Narkomaniya insanı simasızlaşdırır” mövzularında diskussiyalar keçirilmişdir. Klub tipli mədəniyyət müəssisələrində və kitabxanalarda “Narkomaniya nədir”, “Ağ ölüm”, “Narkomaniya əsrin bəlasıdır”və s. mövzularda “dəyirmi masa”lar, diskussiyalar keçirilmiş, sərgilər təşkil olunmuşdur.

  Bu il fevralın 19-da Balakən Rayon Mədəniyyət Mərkəzində icra hakimiyyəti və rayon polis şöbəsi ilə birlikdə “Narkomaniyaya və erkən nikaha “yox” deyək!” devizi altında tədbir keçirilmişdir. Tədbirdə təhsil işçiləri, məktəblərin yuxarı sinif şagirdləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, aidiyyəti idarə və müəssisələrin rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak etmişlər.

  2015-ci ilin I rübündə narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 11 cinayət faktı aşkar edilərək ümumilikdə 6350 qram narkotik vasitə olan marixuana dövriyyədən çıxarılmışdır. Bu il aprelin 1-də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin və Balakən Rayon Polis Şöbəsinin birgə keçirdikləri xüsusi kompleks əməliyyat tədbirləri nəticəsində uzun illər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmuş, cinayət məsuliyyətindən yayına bilmiş mütəşəkkil cinayətkar dəstə yaxalanaraq istintaqa cəlb olunmuşdur. Əməliyyat nəticəsində dəstənin üzvlərindən 9200 qram narkotik vasitə olan marixuana və 5 qram heroin götürülərək dövriyyədən çıxarılmışdır.

  Aprel ayının 6-da Balakən Rayon İcra Hakimiyyəti başçısı yanında Şurada rayon ictimaiyyətinin iştirakı ilə “Rayonda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə işinin vəziyyəti və bu işin gücləndirilməsi tədbirləri barədə” məsələ geniş müzakirə olunmuşdur. Qeyd edilmişdir ki, narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq bu gün ictimaiyyəti, tutduğu vəzifədən, ictimai mövqeyindən, yaşından asılı olmayaraq hər bir vətəndaşı ciddi düşündürməli və narahat etməlidir. Bu problem insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan amildir. Narkomaniyaya qarşı mübarizədə ictimai qınağın əhəmiyyəti qeyd olunmuş və xüsusi vurğulanmışdır ki, öz qanunsuz fəaliyyətləri ilə gəlir əldə edən insanları cəmiyyət özü qınaq obyektinə çevirməlidir. İnsanları narkotiklə zəhərləməklə, onlara və ailələrinə sağalmaz yaralar vurulmaqla narkotik vasitələrin satışından əldə olunan gəlir heç kimə xoşbəxtlik gətirə bilməz.

  Şura iclasında geniş müzakirələrdən sonra qarşıda duran konkret vəzifələrin həyata keçirilməsi məqsədilə müvafiq qərar qəbul edilmişdir. Qəbul edilmiş qərara və müvafiq tədbirlər planına uyğun olaraq narkotik vasitələrin və psixotrop maddələrin qeyri-qanuni dövriyyəsinin qarşısının alınması ilə əlaqədar tədbirlərin səmərəliliyinin artırılması üçün profilaktiki tədbirlərdə ictimaiyyətin gücündən geniş istifadə edilməsi məqsədilə rayonun bütün kəndlərində əhali ilə səyyar görüşlər təşkil edilmişdir.
Bir sözlə Balakən rayonunda narkomaniya ilə mübarizə diqqət mərkəzində saxlanılır və bu istiqamətdə işlər daha ciddi şəkildə davam etdiriləcəkdir.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz 
Dövriyyəsinə Qarşı Mübarizə üzrə Balakən rayon komissiyası




Baxılıb: 961