Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya “yox” deyək!

26 iyun Beynəlxalq Narkotiklərlə mübarizə günüdür

  Ötən yüzilliyin bəlalarından sayılan narkomaniya təəssüflər olsun ki, 21-ci əsrdə də qlobal problemler sırasında qalmaqdadır. Narkomanlığın tarixi çox qədimdir. Hələ eramızdan əvvəl narkotik tərkibli vasitələr haqqında məlumatlara yunan, roma, ərəb alim və həkimlərinin əsərlərində rast gəlinir. Avropa və Asiya qitələrində məskunlaşmış xalqların mifologiyasında yağlı xaşxaş insanların ağrı və əzablarının qənimi kimi qavranılmış, xaşxaş qozasından alınan şirə (tiryək) isə həmişə tibbi məqsədlər üçün istifadə edilmişdir. Ümumiyyətlə, BMT-nin hesablamalarına görə, bu gün dünyada təqribən 250 milyona yaxın insan narkotiklərdən bu və ya digər formada əziyyət çəkir. Bu 15-64 yaş üzrə dünya əhalisinin təqribən 5 faizini təşkil edir. Narkomanlıq narkotik zəhərlərdən psixi asılılıq yaradan xəstəlikdir. Bu, xəstəliyə tutulmuş şəxslər özlərini cəmiyyətdən təcrid edirlər. Bu da onların ətrafdakı insanlara münasibətini dəyişir. Belə insanlara cəmiyyətin hər bir təbəqəsində rast gəlmək olur. Narkomanlıq eynilə narkotiklərin qanunsuz dövriyyəsinin coğrafiyası kimi sərhəd tanımır. Bu dəhşətli xəstəlik dinindən, dilindən, irqindən, sosial vəziyyətindən və s. asılı olmayaraq hamı üçün eyni dərəcədə təhlükəlidir. O, cinayətkarlığı, zorakılığı və korrupsiyanı yaradır, QİÇS-in sürətlə artmasına təkan verir, sosial-iqtisadi inkişafı ləngidir, ailə və icmaları dağıdır. Təkcə Rusiya Federasiyasında, son məlumatlara görə, narkomanların sayı 500 mindən artıqdır. Bu böyük bəla ilə hər bir instansiya öz sahəsində bütün variantlardan istifadə etməklə mübarizə aparılmalıdır. İstər maarifləndirmə, istərsə də inzibati qaydada mütəmadi tədbirlər görülməlidir. Çünki bu ağır xəstəlik cəmiyyətin məhvinə yönəlmişdir. Hər hansı bir xəstəliklə həkimlər öz sahələrində müalicə işləri görür, lazım gəldikdə radikal cərrahi üsullara əl atılır. Lakin narkomaniyanı təkcə tibb sahəsı işçilərinin gücü ilə aradan qaldırmaq olmaz. Cəmiyyətin bütün qüvvələri bu bəla ilə mübarizədə birləşməlidirlər.

  Azərbaycanda də bu sahədə xeyli işlər görülüb. Belə ki, ölkəmiz 1961-ci ildə BMT-nin Narkotik Vasitələrin İstifadəsi üzrə Konvensiyaya, 1971-ci ildə Psixotrop Maddələrin İstifadəsi üzrə Konvensiyasına qoşulub. Həmçinin “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına” və “Narkotik vasitələrin və Psixotrop Maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına” qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürüb. Narkomaniya ilə mübarizdə hər bir vətəndaş fəallıq göstərməlidir. Yeniyetmə və gənclərin bu sahədə daha da maarifləndirilməsi onlar arasında narkomaniyaya və onu yayan vərdişlərə qarşı müqaviməti xeyli artıracaq. Bu da ən əsası həm indiki, həm də gələcek nəsillərin cəmiyyətdə sağlam yetişmələri üçün həlledici rol oynayacaqdır.

  Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənovun müvafiq tapşırığına uyğun olaraq, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının icrası və o cümlədən 26 iyun - Beynəlxalq Narkomaniyaya Qarşı Mübarizə Günü” ilə əlaqədar narkomaniya, onun doğurduğu fəsadlar və s. barədə əhalinin maarifləndirilməsi məqsədi ilə bir sıra tədbirlər təşkil edilib. Bununla əlaqədar olaraq, ictimai maarifləndirmənin genişləndirilməsi məqsədi ilə təbliğat işində sosial reklamların (bilbordların) mühüm rol oynadığını nəzərə alaraq, Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən “Narkomaniyaya qarşı mübarizənin əsas məqsədi sağlam mühit və sağlam gələcəkdir”, “Gələcəyimizi birlikdə düşünək narkomaniya “yox” deyək şüarları adı altında hazırlanmış mətnlər cari ilin mayın 22-dən etibarən Yasamal rayonu Şəfayət Mehdiyev küçəsində və Nizami rayonu Mikayıl Əliyev küçəsi ilə Mehdi Abbasov küçəsinin kəsişməsindəki dairədə quraşdırılmış reklam lövhələrində (600 sm x 300 sm ölçülərdə) yerləşdirilmiş və həmin məlumatların uzunmüddətli nümayişi nəzərdə tutulmuşdur. Bundan əlavə, narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə təbliğat aparılması məqsədi ilə hazırlanmış video çarx Bakı şəhəri üzrə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin 515 piyada dayanacaqlarında yerləşən avtobus informasiya terminal monitorlarında cari il iyunun 15-dən (11 gün ərzində) başlayaraq yayımlanır.

  26 iyun - Beynəlxaq Narkomaniyaya Qarşı Mübarizə Günü ilə əlaqədar görülən işlərin davamı olaraq narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar, həmçinin narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə hazırlanmış sosial çarxların iyunun 20-dən iyun tarixindən (7 gün ərzində) başlayaraq Bakı şəhərinin mərkəzi küçələrində yerləşən reklam tablolarında işıqlandırılır və qeyd olunan sosial çarx cari ilin iyunun 4-dən etibarən “Park Bulvar” Alış-Veriş Mərkəzinin bütün monitorlarında yerləşdirilmiş və uzunmüddətli nümayişi davam etdirilir.

  Eyni zamanda bu işlərin davamı olaraq, narkomanlıqla mübarizə sahəsində maarifləndirmə tədbirlərinin təsirliliyini artırmaq məqsədilə 2015-ci ilin iyunun 25-26-da “Narkomaniyaya birlikdə “yox” deyək adlı xüsusi loqonun intellektual məlumat informasiya tablolarında nümayişi nəzərdə tutulmuşdur .

  26 iyun BMT-nin “Narkotiklərlə Mübarizə Günü” ilə bağlı Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə şəhər, rayon komissiyaları tərəfindən hazırda bir sıra kütləvi maarifləndirici tədbirlərin keçirilməsi davam etdirilir.

Şəmsiyyə Əliqızı, “İki sahil”




Baxılıb: 33545