Narkomaniyaya qarşı birgə mübarizə aparaq.

  Ölkəmizdə narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıqla mübarizə sahəsində dövlət siyasətinin strateji istiqamətləri müəyyən olunmuş, təşkilati-hüquqi, institusional və parktiki tədbirlər həyata keçirilmişdir.

  Problemin həlli üçün ilk dəfə ümummilli lider Heydər Əliyevin 1996-cı il 26 avqust tarixli Fərmanı ilə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində dövlət siyasətinin həyata keçirilməsi, dövlət orqanlarının və qeyri-hökümət təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılmışdır. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə sahəsini tənzimləyən normativ-hüquqi baza təkmilləşdirilmiş, beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində müvafiq işlər görülmüş, ölkəmizin narkotiklərlə mübarizə üzrə beynəlxalq təşəbbüslərində iştirakı daha intensiv xarakter almışdır.

  Bu strateji kurs Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının müvafiq Sərəncamı ilə bu sahədə qətiyyətli mübarizənin təmin edilməsi məqsədi ilə 2018-ci ilə qədər olan dövrü əhatə edən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram təsdiq edilmiş, sənədin icrası müddətində narkotik vasitələrin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısının alınması istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir.

  Dövlət Proqramının Binəqədi rayonunda icrası ilə əlaqədar “Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 23 yanvar 2015-ci il tarixli tədbirlər planı təsdiq edilmişdir.  Eyni zamanda “Binəqədi Rayon İcra Hakimiyyəti başçısı aparatında fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Komissiyanın tərkibinin dəyişdirilməsi haqqında” müvafiq sərəncam imzalanmışdır. Sərəncama əsasən, Rayon Komissiyasının yeni tərkibi təsdiq olunmuşdur.

  Hər il olduğu kimi, cari ilin 6 ayı ərzində də Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon Komissiyasının 2015-ci il üçün təsdiq edilmiş iş planına uyğun olaraq bir sıra tədbirlər keçirilmişdir.

  Belə ki, 2015-ci ilin mart ayında Bakı Humanitar Kollecində “Narkomaniya-qlobal böhran, ona qarşı mübarizə” devizi altında keçirilən elmi-praktik konfransda 250 nəfər gəncin iştirakı təmin olunmuşdur. Tədbirdə Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşı, rayon Polis idarəsinin rəisi, Narkoloji Dispanserin həkimi mövzu ətrafında çıxışlar etmiş və sualları cavablandırmışlar.

  Rayonun orta ümumtəhsil məktəblərində “Narkomaniyaya “yox” deyək!” mövzusunda silsilə tədbirlər keçirilmiş və bu mövzuda tədbirlərin il ərzində davam etdirilməsi nəzərdə tutulmuşdur.

  Fevralın 18-də Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon Komissiyasının iclası keçirilmişdir. İclasda Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqramda (2013-2018-ci illər)” qarşıya qoyulmuş vəzifələrin 2015-ci ilin birinci yarısında yerinə yetirilməsi vəziyyəti müzakirə olunmuşdur.

  “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının müvafiq bəndinə uyğun olaraq yeniyetmə və gəncləri zərərli vərdişlərdən uzaqlaşdırmaq, onlar arasında sağlam həyat tərzinin təbliği və maarifləndirmə işinin genişləndirilməsi məqsədi ilə 18 fevral 2015-ci il tarixdə Binəqədi Mərkəzi Mədəniyyət evinin akt zalında Gənclər və İdman Nazirliyi, Narkomanlığın və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı mübarizə üzrə Dövlət Komissiyasının təşəbbüsü və Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Bakı Uşaq Teatrı tərəfindən səhnələşdirilmiş “Həyatla oyun” adlı teatr tamaşası nümayiş olunmuşdur. Ümumilikdə tamaşanı 140 məktəbli izləmişdir.

  Bu il aprelin 10-da 26 nömrəli Uşaq və Gənclərin Yaradıcılıq Mərkəzində rayon Gənclər və İdman İdarəsi və 26 nömrəli UGYM-in birgə təşkilatçılığı ilə “Biz narkomaniyaya “yox” deyirik!” mövzusunda rəsm müsabiqəsi keçirilmişdir. Müsabiqədə 28 nəfər iştirak etmişdir.

  26 iyun - Narkotiklərlə Beynəlxalq Mübarizə Günü ilə əlaqədar İrəvan Dövlət Azərbaycan Dram Teatrının səhnələşdirdiyi “Ağ ölüm” adlı tamaşa nümayiş olunmuşdur.

  Binəqədi ərazisində dövlət tərəfindən tikilib istifadəyə verilən idman-sağlamlıq kompleksləri rayon ərazisində yaşayan, təhsil alan yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili, eyni zamanda pis vərdişlərdən kənarda qalmalarına müsbət təsir göstərməkdədir.

  Lakin görülən işlər və keçirilən tədbirlərə baxmayaraq, rayonumuzda yeniyetmə və gənclərin hüquq pozuntuları hallarına yol verilməsi faktlarının mövcudluğu, əsrin bəlası olan narkomaniyanın əsasən gənclərimiz arasında geniş yayılması bu sahələrdə həyata keçirilən tədbirlərin daha da gücləndirilməsini tələb edir. Odur ki, bu problemləri yaradan səbəblərin aradan qaldırılması məqsədilə qarşıdakı illərdə də Komissiya olaraq əlaqədar qurumlarla dünyəvi bəlaya çevrilən narkomanlığın yayılmasının və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə işində Azərbaycan Prezidentinin sərəncamlarından, tapşırıq və tövsiyələrindən irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində daha effektiv çalışacaq və problemlərin həlli ilə bağlı aidiyyəti qurumlarla birlikdə lazımi qərarlar qəbul etməklə onların icrasına nəzarəti daha da artıracağıq. 




Baxılıb: 1351