Narkomaniya - ölümə aparan yol

  Əsrimizin bəlalarından sayılan narkomaniya müasir dövrümüzün ən ağrılı problemləri sırasında qalmaqdadır. Bu bəla dünyanın bütün dövlətlərində mövcuddur və Azərbaycandan da yan keçməmişdir. Dövlətimiz aparıcı dünya dövlətləri ilə birgə bu problemin həlli yolunda ardıcıl və məqsədyönlü addımlar atır.

  Problemin həlli üçün ilk dəfə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edərək, 1996-cı il avqustun 26-da müvafiq fərman imzalamış və keçirilən tədbirlər keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur.1996-cı ildən bu günə qədər narkomanlıqla mübarizədə 4 Dövlət Proqramı qəbul edilmiş və müvafiq sərəncamlar imzalanmışdır. Ölkə başçısı cənab İlham Əliyevin “Narkotik vasitələrin və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət Proqramının (2013-2018-ci illər) təsdiq edilməsi barədə” Sərəncamı bu sahədə daha böyük işlər görülməsi üçün zəmin yaradıb.

  Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədi ilə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiya tərəfindən müəyyən işlər görülmüşdür.

  Proqramın yerinə yetirilməsi ilə bağlı Sabunçu Rayon Polis İdarəsinin NMB-nin və ərazi polis bölmələrinin əməkdaşları ilə birlikdə 2015-ci ilin 6 ayı ərzində keçirilmiş əməliyyat tədbirləri nəticəsində 82 cinayət faktı aşkar olunmuşdur. Onlardan 63-ü saxlama, 15-i satış, 4-ü isə əkin faktı olmuşdur.

  “Xaş-xaş-2015” şərti adı altında Tədbirlər planının icrası ilə bağlı rayon Polis İdarəsinin NMB-si üzrə 2 əkin faktı, 14 PB-si üzrə 2 əkin faktı aşkar edilmişdir. Qanunsuz olaraq satış məqsədi ilə kultivasiya olunmuş çətənə kolları Maştağa qəsəbəsinin ərazisində aşkar olunmuşdur. Əkin faktları üzrə yaş çəkisi 1 kq 502,61 qram olan 52 ədəd çətənə kolu və 8 kq 724,76 qr qurudulmuş marixuana aşkar olunaraq dövriyyədən çıxarılmışdır.

  2015-ci ilin 6 ayı ərzində Komissiya Rayon Polis İdarəsi ilə birlikdə maarifləndirmə istiqamətinə daha çox diqqət yetirmişdir. Belə ki, rayon ərazisində yerləşən 46 təhsil müəsissəsində yuxarı sinif şagirdləri arasında mütəmadi iclaslar, konfranslar, görüşlər keçirilmiş, videoçarxlar nümayiş olunmuş, şagirdlər arasında bukletlər paylanımışdır. Eyni zamanda, qeyd etmək lazımdır ki, 2015-ci ilin 1 rübü ərzində Bakı Şəhər Baş Polis İdarəsi, Sabunçu Rayon Polis İdarəsi, rayon Narkomanlığa qarşı Mübarizə və Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə komissiyalarla birlikdə rayonun bütün məktəblərində antinarkomaniya təbliğat -maarifləndirmə tədbirləri keçirilmişdir. I rüb ərzində hər gün müxtəlif məktəblərdə Polis İdarəsinin əməkdaşları ilə birlikdə maarifləndirmə tədbirləri təşkil edilmişdir. Məktəblərdə “Narkomaniyaya “yox” deyirik”, “Narkomaniya və alkoqolizmin fəsadları”, “Gəlin narkomaniyaya yox deməyi bacaraq”,”Narkomaniya-ağ ölümdür”, “Biz sağlam həyat tərzi seçirik”, “Narkomaniya əsrimizin bəlasıdır” mövzularında, “Gənclər nakomanlığa “yox” deyir”, “Biz ağ ölümə “yox” deyirik” devizi altında tədbirlər keçirilmişdir.

  Bu il martın 15-də Sabunçu Gənclər Evində “Sağlam təfəkkür - sağlam gələcək” devizi altında geniş tədbir keçirilmişdir. Sabunçu Rayon İcra Hakimiyyəti və rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbərinin müavini Vasif Quliyev, YAP Sabunçu rayon təşkilatının sədri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, Respublika Narkoloji Dispanserinin həkim-narkoloqu, digər qonaqlar və rayonun gəncləri iştirak etmişlər. Tədbir ilə bağlı məlumat müxtəlif televiziya kanallarında və mətbuatda işıqlandırılmış, Sabunçu Rayon İcra Hakimiyyətinin rəsmi internet saytında yerləşdirilmişdir.

  26 iyun-BMT-nın Narkotiklərlə Mübarizə Günü münasibətilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Rayon Komissiyasının və Sabunçu Rayon Mərkəzi Kitabxanasının birgə təşkilatçılığı ilə qəsəbə sakinlərinin, ziyalıların, məktəblilərin iştirakı ilə “Böyüməkdə olan nəsli qorumaq hamımızın borcudur” mövzusunda tədbir keçirilmişdir. Tədbir haqqında məlumat Sabunçu Rayon İcra Hakimiyyətinin rəsmi internet saytında yerləşdirilmişdir. Narkomanlıqla mübarizə işində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sabunçu rayon şöbəsi yaxından iştirak edir. Belə ki, həmin şöbə ilə birlikdə “Zərərli vərdişlərin fəsadları” haqqında biliklərin artırılması, “Şəhriyar” adına kitabxanada “Narkomaniya- ölümə aparan yoldur” maarifləndirmə tədbiri keçirilmişdir.

  Narkotizmlə mübarizədə bütövlükdə cəmiyyətin, dövlətin, xalqın, nəhayət hər bir şəxsin fərdi və birgə fəaliyyətinə, barışmaz münasibətinə və əməli köməyinə böyük ehtiyac vardır.

G.Məmmədov,
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz 
Dövriyyəsinə Qarşı Mübarizə üzrə Sabunçu Rayon
Komissiyasının sədri

 



Baxılıb: 1060