Narkotik xassəli bitkilərin aşkarlanıb məhv edilməsi diqqət mərkəzindədir

  İctimai həyatın bütün sahələrində qazanılan böyük uğurlarla yanaşı, son dövrlərdə insanların sosial, iqtisadi, mənəvi dəyərlərinə zərbə vuran narkomaniya və narkobiznes kimi problemlər xüsusi narahatçılıq yaradır. Narkomaniyanın sərhəd tanımadan genişlənməsi, təəssüf ki, respublikamızdan da yan keçməmişdir.

  Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyi sistemində səlahiyyətlərimiz çərçivəsində bir çox tədbirlər həyata keçirilmiş və mütəmadi olaraq Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupuna hesabatlar verilmişdir.

 “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası məqsədi ilə Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2015-cü il üçün iş planı təsdiq edilmişdir.

  Tədbirlər planına müvafiq olaraq seminar-müşavirələr təşkil etmək və cari kənd təsərrüfatı işlərinin gedişinə əməli köməklik göstərmək məqsədi ilə nazirliyin yerlərə ezam olunmuş rəhbər və mütəxəssisləri vaxtaşırı kəndli-fermer təsərrüfatlarında, dövlət tabeliyində olan təsərrüfatlarda və digər istehsal qurumlarında olaraq bu dəhşətli bəlanın aradan qaldırılması üşün təbliğat işlərinin gücləndirilməsinə və narkotik tərkibli bitkilərin zərərli təsiri barədə əhali arasında geniş izahat işləri aparmaqla onların aşkar olunub məhv edilməsi üçün Ərazi kənd təsərrüfatı idarələrində yaranmış qruplara əməli köməkliklər göstərmişdir.

   İş planının 10-cu bəndinə uyğun olaraq, cari ilin aprel-oktyabr ayları ərzində aidiyyəti qurumlarla birlikdə “Xaş-xaş 2015” şərti adı altında keçirilməsi nəzərdə tutulan tədbirlərdə iştirak etməklə Kənd Təsərrüfatı Nazirliyinin Ərazi kənd təsərrüfatı idarələrinin əhatə etdiyi rayonların becərilən torpaq sahələrində əkilən və ya yabanı halda bitən narkoxassəli bitkilər aşkarlandığı hallarda müvafiq məlumatları, həmçinin bu bitkilərin məhvedilmə prosesini əks etdirən foto və video materialların tərtib olunan aktlara əlavə edilərək Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupuna təqdim edilməsi tapşırılmışdır.

  Nazirliyin Ucar, Şəki, Quba, Lənkəran, Şamaxı, Tovuz, Samux və Bərdə Ərazi kənd təsərrüfatı idarələrinin əhatə etdiyi rayonlarda mütəxəssislər tərəfindən ictimaiyyət arasında, məktəblərdə izahat işləri aparılmış, kənd təsərrüfatı məhsulları istehsalçıları arasında maarifləndirmə işləri və narkotik xassəli bitkilər, onların formaları və vegetasiya müddətlərinin tanınması haqqında tövsiyələr verilmişdir.

  Belə ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin bitki karantin məntəqələri və bitki mühafizəsi mərkəzləri, Dövlət Toxum Müfəttişliyi və Ərazi kənd təsərrüfatı idarələrinin vasitəsilə narkotik xassəli bitkilərin sərhəd keçid məntəqələrində, bazarlarda, toxum satışı yerlərində, dövlət və özəl toxumçuluq təsərrüfatlarında aşkarlanması və tanınmasında hüquq mühafizə orqanlarına lazımi köməkliklər göstərilmişdir.

  Görülmüş işlər nəticəsində cari ildə xeyli miqdarda yaşıl kütlə halında narkoxassəli bitkilər, məsələn, Saatlı raayonunun Qara Nuru kəndində həyətyanı sahədə becərilən 93 ədəd çətənə kolu aşkarlanaraq məhv edilmişdir. 
  Nazirlik tərəfindən kənd təsərrüfatının ayrı-ayrı sahələri üzrə rayonlarda keçirilmiş seminar və müşavirələrdə aqrar islahatların nəticəsində yaranmış bütün özəl qurumlarla narkomanlığın insanlara vurduğu ağır ziyanların nəticələri barədə söhbətlər aparılmış, onlarının qarşısının alınması sahəsində Azərbaycan Prezidentinin məlum fərmanının əhəmiyyətini nəzərə alıb əhali arasında təbliğatın genişləndirilməsi, yerli inzibati orqanlarla əlaqəli şəkildə ərazilərdə narkotik tərkibli bitkilərin aşkar olunub məhv edilməsi istiqamətində işlərin gücləndirilməsi tövsiyə olunmuşdur.

  Narkotiklər bitki mənşəli və laboratoriya şəraitində hazırlanan sintetik maddələrdir. Heç şübhəsiz gələcəkdə sintetik yolla əldə edilən narkotik maddələr üstünlük təşkil edəcəkdir. Lakin hazırda bitki mənşəli narkotik maddələr daha çox istifadə edilir.

  Hazırda narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı əsas problem xaricdən ölkə ərazisinə gətirilən narkotiklərlə bağlıdır. Bu, ilk növbədə respublikamızın coğrafi mövqeyinin narkotiklərin Şərqdən Qərbə tranziti üçün əlverişli olmasıdır. 
  Narkotik xassəli bitkilərin kultivasiya olunması insan tərəfindən bilavasitə narkotik maddə istehsalı və gəlir götürülməsinə yönəldilib. Bunun üçün müxtəlif yollarla, müxtəlif şəraitdə və müasir texnologiyalarla (açıq və örtülü şəraitdə, qidalı dibçəklərdə, qapalı ev şəraitində hidroponika) tətbiq olunmaqla bu bitkilərin bilərəkdən gizli yolla narkotik məqsədlər üçün insan tərəfindən əkilməsi artıq cinayətdir.

  Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət Proqramının icrası istiqamətində Kənd təsərrüfatı Nazirliyi səlahiyyətləri daxilində aidiyyəti qurumlarla bundan sonra da birgə fəaliyyətlərini davam etdirəcəkdir.

Oqtay Hüseynov,
Kənd Təsərrüfatı Nazirliyi
Aparatının Bitkiçilik şöbəsinin sektor müdiri, 
aqrar elmləri üzrə fəlsəfə doktoru




Baxılıb: 769