Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya “yox” deyək

  Ötən yüzilliyin bəlalarından sayılan narkomaniya təəssüflər olsun ki, XXI əsrdə də qlobal problemler sırasında qalmaqdadır. Ümumiyyətlə, BMT-nin hesablamalarına görə bu gün dünyada təqribən 250 milyona yaxın insan narkotiklərdən bu və ya digər formada əziyyət çəkir. Bu 15-64 yaş üzrə dünya əhalisinin təqribən 5 faizini təşkil edir.

  Narkomanlıq narkotik zəhərlərdən psixi asılılıq yaradan xəstəlikdir. Bu xəstəliyə tutulmuş şəxslər özlərini cəmiyyətdən təcrid edirlər. Narkomaniya qlobal təhlükəsizliyə, cəmiyyətin inkişafına maneə törədən ən ciddi problemlərdən biri olduğundan ona qarşı mübarizə bütün dövlətlərin qarşısında duran başlıca vəzifələrdən birinə çevrilib. Digər dövlətlərdə olduğu kimi, Azərbaycanda da bu istiqamətdə bir sıra addımlar atılmaqdadır, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın müvafiq bəndlərinə uyğun olaraq, hər il iyun ayının 26-sı Beynəlxalq Narkotik Vasitələrdən istifadəyə və onların qanunsuz dövriyyəsinə qarşı Mübarizə Günü kimi qeyd edilir.

  Narkotiklərin qanunsuz dövriyyəsi və onlardan sui-istifadə ilə əlaqədar mübarizə tədbirlərini daha da gücləndirmək məqsədilə Sabirabad rayon Polis şöbəsi, Gənclər və İdman İdarəsi, Səhiyyə və digər aidiyyəti orqanlar narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət Komissiyasının İş planına uyğun olaraq keçirilmiş müşavirələrdə, konfranslarda, dövriyyədən çıxarılmış narkotik maddələrin məhvində və digər tədbirlərdə iştirak edirlər. Məktəblərdə, o cümlədən liseylərdə dövlət təşkilatları ilə birlikdə narkomanlığın, HİV infeksiyasının və hepotitlərin profilaktikası sahəsində müvafiq tədbirlər, konfranslar təşkil edilir, müxtəlif mövzularda mühazirələr oxunur. Narkotiklərin qeyri-qanuni dövriyyəsi və istifadə miqyasının genişlənməsi əhalinin sağlamlığına, millətin genefonduna, sosial-siyasi və iqtisadi stabilliyinə, dövlətin təhlükəsizliyinə və ictimai asayişə ciddi təhlükə yaradan amilə çevrilib. Narkotik istifadəçiləri xəstə insanlardır. Bu, xərçəng xəstəliyindən daha ağır xəstəlikdir və insanlar onu könüllü şəkildə qazanırlar. Ona görə də insanlar, xüsusilə də yeniyetmələr və gənclər arasında təbliğat, maarifləndirmə işləri gücləndirilməlidir. BMT-nin hesablamalarına görə, bu gün dünyada 200 milyondan çox narkotik istifadəçisi var və onların 80 faizi, yəni 160 milyonu marixuana istifadəçisidir. Marixuana daha geniş yayılan narkotik vasitədir. O hər yerdə bitir və daxili bazar üçün nəzərdə tutulur. Ancaq Azərbaycanda qeydiyyatda olan xəstələrin əksəriyyəti ağır narkotiklərdən istifadə edənlərdir. Narkomanlar ya hüquq mühafizə orqanları tərəfindən aşkarlananlar və yaxud tibb müəssisələrinə müalicə üçün könüllü müraciət edənlərdir. Narkotik istifadəçilərinin qeydiyyata düşməsi məcburi deyil və hələ dövlət orqanlarında rəsmi qeydiyyata düşməyən minlərlə belə insanlar var. Narkomaniya çox böyük bir problemdir və hər bir dövlət ayrılıqla birləşərək bu bəlaya qarşı mübarizə aparmalıdır ki, narkotiklərin qeyri-qanuni dövriyyəsi və istifadə miqyası genişlənməsin. Ölkəmizdə narkomaniya ilə mübarizə sahəsində hüquq mühafizə, qanunvericilik və müalicə ilə yanaşı, önəmli faktor olan profilaktik tədbirlərin həyata keçirilməsinə də xüsusi diqqət ayrılmışdır.

Həsən Həsənov,
Sabirabad rayon İcra Hakimiyyətinin
başçısının birinci müavini




Baxılıb: 5652