Gömrük orqanları narkotiklərlə mübarizədə qətiyyətli addımlar atır.

  Müasir dövrdə Azərbaycanla yanaşı, bir çox dünya ölkələri sürətlə inkişaf etməkdədirlər. Bu sürətli inkişaf templəri beynəlxalq nəqliyyat kommunikasiyalarının daha da genişlənməsinə, yük daşınmalarının isə əhəmiyyətli dərəcədə artmasına ciddi təsir göstərmişdir.

  Məlumdur ki, müasir dövrdə beynəlxalq ticarətin asanlaşdırılması məqsədilə malların gömrük sərhədlərindən keçirilməsinin sürətləndirilməsi üzrə tədbirlər həyata keçirilməkdədir. Bu məqsədlə 2008-ci ildə ölkə başçısı tərəfindən Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında “bir pəncərə” prinsipinin tətbiqi haqqında Fərman imzalanmışdır. Həmin Fərmana uyğun olaraq 2009-cu ilin 1 yanvar tarixindən Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin sənədlərinin, o cümlədən malların baytarlıq, fitosanitar, gigiyenik və digər sertifikatlarının (şəhadətnamələrinin) yoxlanılması, sərhəddə həmin mallar üzərində baytarlıq, fitosanitar, sanitariya nəzarəti Azərbaycan Respublikasının gömrük orqanlarına həvalə edilmişdir. Bu isə o deməkdir ki, gömrük sərhədindən mal və nəqliyyat vasitələrini keçirən şəxslər artıq əvvəlki kimi gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi üçün zəruri olan sənədləri bir neçə dövlət orqanına təqdim etmək məcburiyyətində qalmayacaqlar. Qeyd olunan tədbirlər mallara və nəqliyyat vasitələrinə gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi müddətini azaltmaqla yanaşı həm də bu proseslərin keyfiyyətli şəkildə aparılmasına səbəb olmuşdur. Beynəlxalq ticarətin asanlaşdırılması, beynəlxalq nəqliyyat kommunikasiyalarının daha da genişlənməsi və digər bu kimi amillər beynəlxalq ticarətin inkişafına təkan vermişdir, lakin eyni zamanda belə bir şəraitdə bir sıra cinayətkar qruplar yaranmış “imkanlardan” istifadə etməyə çalışırlar.

  Bütün bunlarla bərabər, narkoşəraitə təsir edən əsas amil Əfqanıstanda qanunsuz narkotik istehsalının həcmidir. BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin məlumatına əsasən, 2014-cü ildə Əfqanıstanın ərazisində 224 min hektar sahədə tiryək laləsi əkilmişdir ki, bu da 1994-cü ildən 2014-cü ilə kimi olan müddətdə ən yüksək göstəricidir. Eyni zamanda 2014-cü ildə bu ölkədə tiryəkin istehsalı 6400 ton təşkil etmişdir ki, bu da 2007-ci ildəki 7400 ton göstəricisini istisna etsək 1994-cü ildən 2014-cü ilə kimi olan müddət ərzində ən yüksək göstərici hesab olunur.

  Get-gedə artan narkotəhlükəni nəzərə alaraq ölkəmizdə narkotiklərlə mübarizə hər bir zaman dövlətin əsas vəzifələrindən biri kimi irəli sürülmüş və bu vəzifənin yerinə yetirilməsi üçün ölkə rəhbərliyi tərəfindən ardıcıl proqramlar qəbul edilərək uğurla icra olunmuşdur. Ölkə başçısının 24.06.2013-cü il tarixində imzaladığı “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı” uğurla icra edilməkdədir.

  Qeyd etmək yerinə düşər ki, gömrük sərhədindən narkotiklərin qanunsuz keçirilməsinin qarşısını almaq məqsədilə gömrük orqanları tərəfindən (o cümlədən digər hüquq-mühafizə orqanları ilə birlikdə) görülmüş qətiyyətli tədbirlər nəticəsində 2015-ci ilin 9 ayı ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar 172 fakt aşkar olunmuşdur. Bu faktlar üzrə ümumilikdə 86 kq 372 qramdan çox narkotik vasitə, psixotrop maddə və onların prekursorları, o cümlədən 5 kq 239 qram tiryək, 42 kq 086 qram marixuana, 29 kq 518 qram həşiş, 7 kq 870 qram heroin, 224 qram metadon, 2,272 qram kokain, 89,161 qram metamfetamin, 60 həb və 1,935 qram alprazolam, 46 qram fenobarbital, 10,014 qram klonazepam, 1 kq 282 qram kalium permanqanat və digərləri dövriyyədən çıxarılmışdır. Görülmüş tədbirlər nəticəsində 207 nəfər saxlanmışdır ki, bunlardan 180-i kişi və 27-s i qadın olmuşdur. Saxlanılanlar arasında 176 Azərbaycan vətəndaşı və 31 xarici vətəndaş (27 İran, 3 Ukrayna, 1 Rusiya Federasiyası vətəndaşı) barəsində müvafiq tədbirlər görülmüş, 28 halda bu əməlləri törədən cinayətkar dəstə ifşa edilmişdir.

  157 halda narkotiklər İrandan, 4 halda Gürcüstandan, 3 halda Rusiyadan, 2 halda Ukraynadan, 1 halda Böyük Britaniyadan, 1 halda Niderlanddan, 1 halda Türkiyədən gətirilərkən, 1 halda Rusiyaya aparılarkən saxlanılmışdır. Narkotiklərin qanunsuz keçirilməsi məqsədilə narkoqaçaqmalçılar müxtəlif gizlətmə üsullarından istifadə etmişlər. 2015-ci ilin 9 ayı ərzində 62 halda narkotik vasitələrin daxili bədən boşluqlarında (mədədə, düz bağırsaqda və s.) keçirilməsinə cəhdin qarşısı alınmışdır.

  Narkotik maddələrin qanunsuz olaraq ölkə ərazisinə daxil olmasının və keçirilməsinin qarşısını almaq üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi əməkdaşları tərəfindən bir çox uğurlu tədbirlər həyata keçirilmişdir.
Belə ki, 08.08.2014-cü il tarixdə Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Azərbaycan Respublikasından tranzit keçməklə İran İslam Respublikasından Gürcüstana gedən Türkiyə Respublikası vətəndaşının idarə etdiyi yük avtomobilinə keçirilmiş gömrük baxışı zamanı qoşqunun içərisindəki döşəmənin altı boyu xüsusi düzəldilmiş taxta lövhənin altında gömrük nəzarətindən gizlədilmiş 116 bağlamada 69 kq 610 qram heroin narkotik vasitəsi aşkar edilərək götürülmüşdür.

  Qeyd etmək lazımdır ki, narkotik vasitələr sonradan (Ukrayna-Polşa-Almaniya marşrutu üzrə) son təyinat nöqtəsi kimi Niderland Krallığına daşınırdı.
  Bununla yanaşı, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə daxil olmuş əməliyyat məlumatı əsasında 01.02.2015-ci il tarixdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi əməkdaşları ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası istiqamətindən Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postuna daxil olmuş və Ukrayna vətəndaşı olan şəxs tərəfindən idarə olunan minik avtomobilinə keçirilmiş gömrük baxışı zamanı həmin avtomobilin ön və sol arxa qapılarının içərisində 10 kq 625 qr qurudulmuş marixuana aşkar edilmişdir. Əməliyyat-axtarış tədbirlərinin davam etdirilməsinin nəticəsində ümumilikdə 24 kq 731 qr qurudulmuş marixuana və 5,04 qr çətənə bitkisinin budaqları və 1 nəfər Ukrayna vətəndaşı, eləcə də 9 nəfər Azərbaycan vətəndaşının da daxil olduğu cinayətkar qrupun üzvləri saxlanmışdır.
  Müasir dövrdə bütün dünyanı ciddi narahat edən məsələlərdən biri də beynəlxalq və milli siyahılara daxil edilməmiş maddələrdən narkotik vasitə və psixotrop maddə qismində istifadə edilməsidir. “Dizayner narkotikləri”, “leqal narkotiklər”, “vanna üçün duzlar”, “spays” və digər bir sıra adlar altında tanınan bu yeni psixoaktiv maddələr artıq dünyanın bir çox ölkələrində ciddi bir problem kimi qəbul olunmağa başlanmışdır. Buna səbəb bu maddələrin insanların səhhətinə vura biləcəyi ciddi zərər və hətta insan ölümünə səbəb ola bilmə təhlükəsidir. 
  Yeni psixoaktiv maddələrin farmakoloji və təsir xüsusiyyətləri beynəlxalq və milli siyahılara daxil edilmiş maddələr ilə oxşarlıq təşkil edir. 
Birləşmiş Millətlər Təşkilatı Narkotiklər və Cinayətkarlıq İdarəsinin məlumatına əsasən, yeni psixoaktiv maddələrin sayı 2009-cu ilin sonunda 166-dan 2012-ci ilin ortalarında 251-ə çataraq dövriyyəsi beynəlxalq nəzarət altında olan maddələrin sayını ötüb keçmişdir.
  Təəssüflə qeyd olunmalıdır ki, yeni psixoaktiv maddələrin yayılması üçün artıq Azərbaycan Respublikasının ərazisindən istifadəyə cəhdlər mövcuddur. Belə ki, 20.01.2014-cü il tarixində narkotik maddələrin Çin Xalq Respublikası - Belçika Krallığı Türkiyə - Azərbaycan hava marşrutu üzrə daşınması haqqında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə daxil olmuş əməliyyat məlumatı əsasında 24.01.2014-cü il tarixində saat 01:20-də TK 336 saylı İstanbul-Bakı aviareysi ilə Bakı şəhərinə gətirilmiş “TNT” poçt daşıyıcı şirkətinin poçt bağlamasına Heydər Əliyev Beynəlxalq Aeroportunda baxış keçirilərkən naməlum ağ rəngli tozşəkilli maddə aşkar edilmişdir.

  Yuxarıda qeyd olunan maddə üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə heç bir qadağa və məhdudiyyətlər nəzərdə tutulmaması, Türkiyə Respublikasında isə dövriyyəsinin qadağan olunması və alıcısının Türkiyə Respublikasında yerləşməsi səbəbindən qeyd olunan yükün təyinat yerində saxlanması üçün Türkiyə Respublikasının müvafiq səlahiyyətli orqanları ilə birgə tədbirlər həyata keçirilmişdir.

  Türkiyə Respublikası gömrük orqanları və digər hüquq-mühafizə orqanlarının bu ölkənin ərazisində birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 15 kiloqramdan çox (7 kq. 559 qr. “5F-AKB” və 7 kq. 554 qr. “UR-144”) “dizayner narkotikləri” kimi tanınan maddələr və 2 nəfər saxlanılmışdır.

  Qeyd etmək lazımdır ki, “UR-144” hal-hazırda Yeni Zelandiyada, Rusiya Federasiyasında, Birləşmiş Krallıqda, ABŞ-da, “5F-AKB” isə Yeni Zelandiyada, Rusiya Federasiyasında və Yaponiyada təhlükəli maddə kimi qadağan edilmişdir.
  Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizənin mühüm komponenti qismində gömrük orqanlarının potensialının gücləndirilməsi təşkil edir. Bu məqsədlə cari ildə Dövlət Gömrük Komitəsi “Smiths Heimann” şirkətindən 2 ədəd “HCVT” markalı dəmir yolu üçün nəzərdə tutulmuş yoxlama baxış sistemləri əldə etmişdir. Hal-hazırda qeyd olunan sistemlərin Xaçmaz Gömrük İdarəsinin “Yalama” gömrük postunda və Tovuz Gömrük İdarəsinin “Böyük-Kəsik” gömrük postunda qurulması ilə bağlı müvafiq işlər aparılır. Bu yoxlama- baxış sistemləri Azərbaycan gömrük xidmətində ilk dəfədir ki, tətbiq ediləcək və dəmir yolu qatarlarının yoxlanılması üçün kifayət qədər effektiv vasitə hesab olunur.

  Potensialın gücləndirilməsi yolunda digər mühüm addım kimi 2014-cü ilin sentyabr ayının 2-də Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Hədəf” Mərkəzinin və Azərbaycanın gömrük ərazisi üzrə tranzit yüklərin daşınması və idarə edilməsinin avtomatlaşdırılmış nəzarət sisteminin yaradılması layihələrinin təqdimatının keçirilməsini qeyd etmək olar. İki hissədən ibarət olan bu layihələrin əsas məqsədi hava nəqliyyatında gömrük işinin müasir texnologiyalar əsasında qurulması, qaçaqmalçılıqla mübarizənin gücləndirilməsi və hədəflərin müəyyən edilməsidir. Göstərilən Mərkəz ölkənin gömrük-buraxılış məntəqələrində, eləcə də daxili gömrük orqanlarında, hava limanında və dəmir yolunda həyata keçirilən gömrük prosedurlarını müşahidə etməyə imkan verir. Sərhəd gömrük-buraxılış məntəqələrindən ölkə ərazisinə daxil olan avtomobillərə xüsusi GPS izləmə sistemi ilə nəzarət edilir. Bu sistem vasitəsilə yükün hərəkət marşrutundan kənara çıxmasının qarşısı alınır.

  Gömrük orqanlarının kinoloji fəaliyyətinin daha da gücləndirilməsi və bu sahədə digər mühüm məqsədlərə çatmaq üçün 7 sentyabr 2015-ci il tarixində Bakıda Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Regional Kinoloji Mərkəzinin açılış mərasimi olmuşdur. Tədbirdə ÜGT-yə üzv olan dövlətlərin gömrük xidmətlərinin itlərdən və təlimçilərdən ibarət komandalarının nümayişi keçirilmişdir.

  Açılışda Qabondan olan nümayəndələrə iki xüsusi təlim keçmiş it bağışlanmışdır. Bununla bağlı müvafiq sənədlər Qabon Gömrük Xidmətinin əməkdaşına təqdim olunmuşdur.
Bunun ardınca sentyabr ayının 8-10 tarixlərində Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Regional Kinoloji Mərkəzində MDB-nin üzvü olan dövlətlərin gömrük xidmətlərinin kinoloji strukturlarının çoxnövçülükdə birincilik üzrə 5-ci yarışı keçirilib. Yarışa Azərbaycan, Rusiya, Qazaxıstan, Qırğızıstan və Özbəkistan gömrük xidmətlərinin kinoloji strukturlarının kinoloqları qatılıblar. Xüsusi təlim görmüş itlər narkotik vasitələrin əl yüklərində, qapalı şəraitdə, minik avtomobillərində, yük avtomobillərində axtarışı və xidməti itin ümumi itaəti kateqoriyaları üzrə məharətlərini göstəriblər. Fərdi yarışlarda 1-ci yeri Qazaxıstan, 2-ci yeri Azərbaycan, 3-cü yeri isə Rusiya təmsilçiləri tutublar. Komanda hesabında isə Rusiya 1-ci, Azərbaycan 2-ci, Qazaxıstan 3-cü yerdə qərarlaşıb.

  Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılığına cəhdlərin qarşısını almaqla yanaşı, həm də bu sahədə profilaktik tədbirlərin də həyata keçirilməsinə xüsusi önəm verir. Belə ki, narkomaniyadan əziyyət çəkən şəxslərin müalicə və reabilitasiyası üçün ixtisaslaşdırılmış tibb müəssisəsinin yaradılmasının zəruriliyi nəzərə alınmaqla Dövlət Gömrük Komitəsinin təşəbbüsü ilə Lənkəran şəhərində ölkəmizin cənub bölgəsindəki 7 rayondan (Lənkəran, Masallı, Astara, Cəlilabad, Lerik, Yardımlı və Biləsuvar) olan narkotik, alkoqolik və toksik maddə aludəçilərinin müalicəsi və reabilitasiyası üçün nəzərdə tutulmuş Lənkəran Rayonlararası Narkoloji Xəstəxanasının yeni binası 2014-cü il aprel ayının 16-da tikilib istifadəyə verilmişdir.

  Hələ 30 yanvar 1997-ci ildə Dövlət Gömrük Komitəsinin yaradılmasının beşinci ildönümünə və gömrük əməkdaşlarının peşə bayramı gününə həsr edilmiş təntənəli yığıncaqda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev qaçaqmalçılığa qarşı, xüsusən narkotik maddələrin qaçaqmalçılığına qarşı mübarizəni Dövlət Gömrük Komitəsi qarşısında mühüm bir vəzifə olaraq qoymuşdur. Ümummilli Liderin Dövlət Gömrük Komitəsi qarşısında qoyduğu bu müqəddəs vəzifə gömrük orqanları tərəfindən ardıcıl şəkildə, qətiyyətlə həyata keçirilir və bundan sonra da bu istiqamətdə işlər davam etdiriləcəkdir.

Azad Vəliyev,
Azərbaycan Respublikası Dövlət Gömrük
Komitəsinin Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə
Baş İdarəsinin böyük inspektoru




Baxılıb: 1080