Narkomaniya cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vurur.

  Cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan narkomaniya və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin gücləndirilməsi məqsədi ilə 2015-ci ilin ötən dövründə ölkəmizdə kompleks tədbirlər həyata keçirilmiş, ictimai maarifləndirmə işləri genişləndirilmiş, antinarkotik təbliğat və digər təşkilati-hüquqi tədbirlər həyata keçirilmişdir.

  Aparılan tədqiqatlar göstərir ki, narkomaniya və hüquq pozuntuları arasında asılılıq mövcuddur və bu asılılıq zahiri deyil, dərindir. Hal-hazırda dünya birliyi qarşısında duran mürəkkəb və təhlükəli problemlərdən biri narkomaniyadır. XX əsrin sonlarında narkomaniya yoluxucu xəstəlik kimi əhali, xüsusən də gənclər arasında yayılmış, öz coğrafiyasını genişləndirmiş, cəmiyyətimizin sosial-iqtisadi, mənəvi-əxlaqi dayaqlarını sarsıtmaq səviyyəsinə çatmışdır.

  Müstəqil dövlətimizdə narkotik maddələrin qanunsuz dövriyyəsi və narkomanlığa qarşı mübarizənin daim diqqət mərkəzində saxlanmasına baxmayaraq, ölkəmizin əlverişli coğrafi mövqeyə malik olması, tranzit ölkəsi kimi Asiya və Avropanın yol qovşağında yerləşməsi narkotik alverçilərinin öz çirkin məqsədlərindən istifadə etməsinə daha çox həvəsləndirir. Bunun qarşısının alınması məqsədilə ölkəmizdə geniş miqyasda əməli və təsirli tədbirlər həyata keçirilir. Bu mənada yerlərdə fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə komissiyaların üzərinə çox ciddi və məsul vəzifələr düşür.

  Astara Rayon İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Rayon Komissiyası tərəfindən rayonda narkomanlığa, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında qanunvericiliyə uyğun olaraq konkret tədbirlər həyata keçirilmişdir.

  Bildirmək istəyirəm ki, Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2013-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın tələblərindən irəli gələn vəzifələrin həyata keçirilməsi məqsədilə komissiyada geniş tədbirlər planı hazırlanmış və icrası nəzarətə götürülmüşdür. Bu istiqamətdə rayonun bütün yaşayış məntəqələrində geniş izahat, maarifləndirmə və profilaktiki işlər aparılmışdır.

  2015-ci ilin ötən dövründə narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni daha da gücləndirmək üçün rayon İcra Hakimiyyətinin, rayon Gənclər və idman idarəsinin, Təhsil şöbəsinin, Astara Pedaqoji Kollecinin, Mədəniyyət və turizm şöbəsinin, rayon Mərkəzi xəstəxanasının, Polis şöbəsinin birgə kompleks tədbirlər planına uyğun olaraq müxtəlif mövzularda tədbirlər, o cümlədən 5 seminar-müşavirə, 1 treninq, 1 idman yarışı, 2 rəsm sərgisi, 1 teatr tamaşası, təlim kursları, mədəni-kütləvi aksiyalar keçirilmişdir. Bu tədbirlərdə 1065 nəfərdən çox gənc iştirak etmişdir. Burada “Narkotiklərsiz XXI əsr”, “Narkomaniya uçuruma aparan yoldur”, “Bəşəriyyətin faciəsi”, “Narkotiklərsiz həyat”, “AİDS XXI əsrin bəlasıdır”, “Zərərli vərdişlər sağlamlıq üçün təhlükədir”, “Narkomaniyaya yox deyək” mövzularda məruzə və mühazirələr oxunmuş, söhbətlər aparılmış, seminar müşavirələr keçirilmiş, foto və rəsm sərgiləri təşkil olunmuşdur.

  27 fevral 2015-ci il tarixində Astara Rayon Gənclər Evində “Gənclərimizi qoruyaq” mövzusunda treninq və rəsm sərgisi, 04 mart 2015-ci il tarixdə Astara Olimpiya İdman Kompleksində “Sağlam olaq!” devizi ilə atletika üzrə rayon turniri, 05 mart 2015-ci il tarixdə Astara rayon Mədəniyyət evində Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Bakı Uşaq Teatrı tərəfindən “Həyatla Oyun” adlı teatr tamaşası, 1 aprel 2015-ci il tarixdə Şiyəkəran kənd 2 saylı tam orta, 2 aprel 2015-ci il tarixdə Siyaku kənd tam orta, 6 aprel 2015-ci il tarixdə Ərçivan qəsəbə 1 saylı tam orta və 7 aprel 2015-ci il tarixdə şəhər 3 saylı tam orta məktəblərində “Narkotiklərsiz XXI əsr” mövzusunda gənclərlə seminarlar keçirilmişdir. Tədbirlərdə 571 nəfərə yaxın yeniyetmə və gənc iştirak etmişdir. Tədbir iştirakçılarını maarifləndirmək məqsədi ilə rayon Gənclər və İdman idarəsi tərəfindən hazırlanmış “Narkotiklərsiz həyat”, “Zərərli vərdişlər sağlamlıq üçün təhlükədir”, “Narkomaniya-uçuruma aparan yol” mövzularında bröşürlər gənclərə paylanmışdır. 04 mart 2015-ci il tarixdə Astara Olimpiya İdman Kompleksində “Sağlam olaq!” devizi ilə atletika üzrə keçirilən rayon turnirində 140 nəfər gənc iştirak etmişdir.

  Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni daha da gücləndirmək məqsədilə rayon Gənclər və idman idarəsi aidiyyəti təşkilatlarla birlikdə, 29 may 2015-ci il tarixində rayon Gənclər Evində “Tütünə yox de!” devizi ilə seminar və rəsm sərgisi təşkil etmişdir. “31 may - Dünya Tütünlə Mübarizə Günü”nə həsr olunmuş ümumrayon tədbirində 141 nəfər gənc iştirak etmiş, 26 iyun Beynəlxalq Narkotiklərlə Mübarizə Günü mövzularında gənclərlə tibbi maarifləndirmə seminarı və mədəni kütləvi aksiyalar keçirilmişdir.

  Komissiyanın tədbirlər planına əsasən, “Xaş-xaş” şərti adı altında rayon Polis şöbəsi, Gömrük xidməti, İnzibati ərazi dairələri üzrə nümayəndələr və bələdiyyələrlə birlikdə aprel-oktyabr aylarında kompleks əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir.
  2015-ci ilin ötən dövründə narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı həyata keçirilən tədbirlər nəticəsində 6705.279 qram heroin, 1071.249 qram tiryək, 438.85 qram həşiş, 246.423 qram psixotrop maddə cəmi 4 fakt üzrə 8 kq 449.28 qram narkotik maddələr; 5.77 qram çətənə aşkar edilib dövriyyədən çıxarılmışdır.

  Ötən müddətdə 13 saxlama (234,1-ci maddə), 22 satma (234.2-ci maddə), 1 əkib becərmə (237-ci maddə) olmaqla, cəmi 36 fakt aşkar edilərək, müvafiq olaraq tədbirlər görülmək üçün aidiyyəti üzrə göndərilmişdir. 27 yanvar 2015-ci il tarixində Astara şəhər sakini Axundov Emin Dadaş oğlunun üstündən 5 ədəd bükümdə 71.575 qram heroin aşkar edilərək, götürülmüşdür. Faktla bağlı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. 
  31 yanvar 2015-ci il tarixində Astara rayonunun Şahağacı kənd sakinləri Dadaşov Şəhriyar Teymur oğlunun üstündən 0.595 qram, Süleymanov İlqar Səfərəli oğlunun üstündən isə 2.918 qram heroin aşkar edilərək götürülmüşdür. Bununla bağlı Azərbaycan Respublikası CM-nin 234.1 və 234.4.3-cü maddəsi ilə cinayət işi başlanmışdır.

  30 mart 2015-ci il tarixdən 3 aprel 2015-ci il tarixədək keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Əliyev Seymur Ağarəhim oğlundan 6370.688 qram heroin, 1066.29 qram tiryək, 334.26 qram həşiş qətranı, 246.078 qram metamfetamin psixotrop maddə cəmi 8017.316 qram narkotik maddə götürülmüşdür. Faktla bağlı Astara rayon Prokurorluğunda CM-nin 315.2, 234.4.3-cü maddələri ilə cinayət işi başlanmışdır.

  7 iyun 2015-ci il tarixdə Astara şəhər sakinləri Abdullayev Fariz Hüseyn oğlunun yaşadığı evdə 13 bükümdə 37.479 qram heroin, Əskərov Ramil Ramiz oğlunun evində isə 4 ədəd dibçəkdə əkilmiş çətənə kolları aşkar edilərək götürülmüşdür. Faktla bağlı Astara rayon Polis Şöbəsində CM-nin 237.1, 234.4.3-cü maddələri ilə cinayət işi başlanmışdır.

  Narkoloji kabinetdə dispanser qeydiyyatında 304 nəfər narkoman vardır. Bunlardan 183 nəfər narkoman, 5 nəfər profilaktik narkoman kimi, 11 nəfər isə xroniki alkoqolizm diaqnozu ilə qeydiyyatda durur. 
Astara rayonun İran İslam Respublikası ilə 100 km-ə yaxın quru sərhədi, 20 km-lik dəniz sərhədi vardır. Burada narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəni gücləndirmək məqsədilə daha ciddi tədbirlərin görülməsi tələb olunur.

  Narkomanlığa, Narkotik Vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizəni gücləndirmək məqsədilə rayonun ümumtəhsil məktəblərində, mədəniyyət evi, klub və kitabxanalarda, ayrı-ayrı yaşayış məntəqələrində həyata keçirilən tədbirlər “Astara” rayon qəzetində və “İki sahil” qəzetlərində qrafikə uyğun olaraq haqqında yazılar dərc edilmişdir.

  Narkomanlığa, Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Rayon Komissiyası Aatarada narkomanlığa, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizəni daim nəzarətdə saxlamaqla bu istiqamətdə zəruri olan bütün tədbirləri bundan sonra da aidiyyəti idarə, müəssisə və təşkilatlarla qarşılıqlı əlaqəli şəkildə həyata keçirəcək, bu işdə fəal gənclərin və ictimai təşkilatların köməyindən səmərəli istifadə edəcəkdir.

  Birmənalı şəkildə qeyd etmək istəyirəm ki, rayon komissiyası hər tərəfli fəaliyyəti ilə onu sübut etməyə çalışır ki, narkomaniya əleyhinə mübarizə aparmaq başqa növ cinayətlərin qarşısını almağa xidmət edir.

Allahverən Mahmudov,
Astara Rayon İcra Hakimiyyəti
başçısının birinci müavini,
Narkomanlığa və Narkotik Vasitələrin
Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə
üzrə Rayon Komissiyanın sədri




Baxılıb: 839