Narkomaniya ilə mübarizədə maarifləndirmə tədbirləri gücləndirilməlidir.

  Ümummilli lider Heydər Əliyev narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edirdi. Azərbaycan Prezidenti cənab İlham Əliyevin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi barədə” Sərəncamı bu sahədə daha böyük işlər görülməsi üçün zəmin yaradıb.

  Bu gün narkomaniya ilə mübarizədə bütövlükdə cəmiyyətin, dövlətin, xalqın, xüsusilə gənc nəslin birgə fəaliyyət göstərməsinə böyük ehtiyac var. Dövlət Proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə bağlı Lənkəran Şəhər İcra Hakimiyyətinin Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Komissiyasının rəhbərliyi ilə aidiyyəti orqanlar tərəfindən Lənkəran rayonunda bir sıra qabaqlayıcı əməli-profilaktik tədbirlər həyata keçirilmişdir.

  Dövlət Proqramı və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2015-ci il üçün İş Planı rəhbər tutularaq rayon Komissiyasının 2015-ci il üçün Tədbirlər Planı tərtib edilmişdir. Tədbirlər Planına uyğun olaraq Komissiyanın dəstəyi ilə təhsil müəssisələrinin rəhbərləri polis şöbəsinin yetkinlik yaşına çatmayanlarla iş üzrə müvəkkili ilə daim əlaqədə olmuş, tibb işçiləri ilə birlikdə mütəmadi olaraq pedaqoji kollektivlərin görüşlərini təşkil etmişlər. 2015-ci ilin fevral, aprel və may aylarında rayonun 22 məktəbində “Narkomaniya və sağlamlıq”, “Narkomaniya və əxlaq”, “Narkomaniya nədir?” mövzularında “dəyirmi masa” və görüşlər keçirilmişdir. Görüşlər zamanı narkomaniyanın insan orqanizminə, irsiyyətə, habelə insanın ailədə və cəmiyyətdə olan mövqeyinə təsirləri barədə söhbətlər aparılmış, şəhər İcra Hakimiyyəti, şəhər Polis və Təhsil şöbələri və narkoloji dispanserin əməkdaşlarının çıxışları təşkil edilmiş, şagirdləri maraqlandıran suallara cavab verilmişdir.

  Məktəblilərin asudə vaxtlarının səmərəli təşkili, sinifdənxaric və məktəbdənkənar tədbirlərin genişləndirilməsi, şagird əməyinin düzgün təşkil edilməsi məqsədilə 2015-ci ilin birinci yarısında təhsil müəssisələrində, şəhər Şahmat və Uşaq, Gənclər İdman məktəblərində müntəzəm olaraq futbol, voleybol, güləş, boks, şahmat, dama və başqa idman növləri üzrə yarışlar keçirilmiş və qaliblər mükafatlandırılmışdır. VIII-XI sinif şagirdləri arasında “Narkomaniya əsrin bəlasıdır” mövzusunda inşa və rəsm müsabiqələri keçirilmişdir.

  Gənclərin asudə vaxtlarının təşkili və səmərəli keçirilməsi, onlar arasında antinarkotik təbliğatın aparılması məqsədilə Lənkəran Dövlət Humanitar Kollecinin akt zalında 120 nəfərdən artıq gəncin iştirakı ilə Narkotiklərə Qarşı Milli Təbliğat Ofisi ilə birgə “Narkomaniyasız sağlam həyat” mövzusunda seminar, 26 iyun - BMT-nin Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin akt zalında 60 nəfər gəncin iştirakı ilə “Gənclər narkomaniyaya yox deyir” mövzusunda toplantı, Lənkəran Tibb Kollecində “Narkotiklə mübarizə mənəviyyatımızın xilası deməkdir” mövzusunda seminar keçirilmişdir.

  Tədbirlərdə təhsil, gənclər və əmək təşkilatlarının əməkdaşlarına və valideynlərə narkotiklərə və narkomaniyaya qarşı maarifləndirici təbliğat materialları-buklet, jurnal, kitabçalar paylanılmışdır. 
Rayon gəncləri arasında sağlam həyat tərzinin kütləvi bədən tərbiyəsi və idman vasitəsilə geniş təbliğ edilməsi, onların asudə vaxtlarının təşkili məqsədilə Gənclər və idman idarəsinin nəzdindəki Uşaq Gənclər İdman Məktəbində fəaliyyət göstərən boks və ağır atletika idman növləri üzrə yeniyetmələr arasında rayon birincilikləri keçirilmiş, qalib gələn idmançılar idarənin diplomları və qiymətli hədiyyələri ilə mükafatlandırılmışdır.

  İdarənin sosial şəbəkələrdə mövcud olan səhifələrində narkotiklərə və narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş tədbirlər barədə məlumatlar yerləşdirilmişdir.
  Komissiyanın 2015-ci il üçün iş planına uyğun olaraq icra nümayəndələri və bələdiyyələr rayon ərazisində yabanı bitən narkotik xassəli bitkilər və onların məhv edilməsi yolları barədə məlumatlandırılmışlar.
26 iyun - BMT-nin Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Lənkəran Şəhər İcra Hakimiyyəti və şəhər gənclər və idman İdarəsi tərəfindən 25 iyun 2015-ci il tarixində rayon əhalisinin müxtəlif qruplarının və hüquq-mühafizə orqanları əməkdaşlarının iştirakı ilə Heydər Əliyev Mərkəzinin akt zalında “Narkomaniya insan həyatı üçün təhlükəlidir” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.

  Gənc nəsildə narkomanlıq və zərərli vərdişlər haqqında düzgün təsəvvürlərin yaradılması, müasir cəmiyyətdə sağlam düşüncəli gənclərin formalaşdırılması məqsədilə keçirilən bu tədbirdə Lənkəran Dövlət Universitetinin, Lənkəran Dövlət Humanitar Kollecinin, Lənkəran Dövlət Tibb Kollecinin tələbə və müəllimləri, rayon ümumtəhsil məktəblərinin direktorları, müəllim və yuxarı sinif şagirdləri iştirak etmişlər. Tədbir iştirakçıları narkomaniyanın zərərli vərdiş olmasını əks etdirən rəsmlərin sərgisi ilə tanış olduqdan sonra mövzu ilə bağlı 5 dəqiqəlik videoçarx nümayiş etdirilmişdir.

  Tədbirdə narkomanlığın yayılmasının qarşısının alınması, narkomanlığın ilkin profilaktikası, antinarkoloji təbliğat və maarifləndirmə istiqamətində rayon polis şöbəsi, rayon Mərkəzi xəstəxanası, ərazi tibb müəssisələri, ərazilər üzrə yerli icra nümayəndəlikləri, yerli özünüidarə orqanları rəhbərləri tərəfindən görülən işlərin səmərəliliyinin artırılmasının, gənclərin asudə vaxtlarının təşkili və məşğulluq problemlərinin həll olunması istiqamətində kompleks tədbirlər görülməsinin və həyata keçirilən tədbirlər barədə ictimaiyyətin məlumatlandırılmasının vacibliyi barədə geniş müzakirələr aparılmışdır.

  Lənkəran Şəhər İcra Hakimiyyətinin Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Komissiyası narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə və narkomaniyanın qarşısının alınması sahəsində profilaktik fəaliyyətin gücləndirilməsinə, əhali arasında hüquqi maarifləndirmə işlərinin aparılmasına səy göstərir, eyni zamanda bu sahədə mövcud qanunvericiliyin, Dövlət Proqramının icra vəziyyətini daim diqqət məkəzində saxlayır və bundan sonra da bütün lazımi tədbirlərin həyata keçirilməsini təmin edəcəkdir.

İlqar Dadaşov,
Lənkəran Şəhər İcra Hakimiyyətinin
Narkomanlığa və Narkotik
Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə 
Komissiyasının sədri




Baxılıb: 1266