“Ağ ölüm”ün sərhədlərinin daralması həlli vacib məsələdir.

  Əhalinin sağlamlığının qorunması və gənclərin sosial, fiziki, mənəvi inkişafı dövlətin prioritet məqsədlərindən biridir. Aidiyyəti dövlət qurumlarının bu istiqamətdə gördükləri işlər, ayrı-ayrı layihələrə verdikləri dəstək problemin uğurlu həllinin təminatçısı rolunu oynayır.

  Belə dövlət qurumlarından biri də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasıdır. Qurum istər narkomaniya, istərsə də digər insan həyatına zərər törədən vərdişlərlə mübarizədə fəal rol oynayır. Belə ki, Şura hər il bu istiqamət üzrə onlarla layihəyə qrant ayırır. Qeyd etmək yerinə düşər ki, 2007-ci ildə cənab Prezident İlham Əliyevin Sərəncamı ilə yaranan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 8 illik fəaliyyəti dövründə elan etdiyi müsabiqələrdə mütəmadi olaraq “Narkomaniyaya qarşı mübarizə” mövzusuna geniş yer verir. Şura Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasında təmsil olunur ki, bu da qurumun QHT-lərin antinarkomaniya istiqamətli layihələrinə dəstək verməklə Komissiyanın fəaliyyət proqramının dəstəklənməsi və onun reallaşması üçün ümumi səylərinin artırılmasına gətirib çıxaran amillərdəndir.

  “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq Şuranın üzərinə düşən vəzifələrdən danışarkən ilk növbədə vətəndaş cəmiyyəti nümayəndələri üçün bu istiqamətdə keçirilən maarifləndirici tədbirlərdən və müxtəlif yaş təbəqələri üçün təşkil edilən aksiyalardan bəhs etmək lazımdır. Bu layihələrin dəstəklənməsi Şuranın daim diqqət ayırdığı prioritet mövzular sırasındadır.

  Şura 2014-cü ildə yuxarıda adıçəkilən mövzuda 24 layihəyə ümumilikdə 196.000 manat vəsait ayırmışdır. İcra olunan layihələr çərçivəsində görüləcək işlərə 74 nəfər cəlb edilmişdir. Bu layihələr çərçivəsində 5865 uşaq, 2878 gənc, 812 nəfər isə digər yaş qruplarına daxil olanlar faydalanmış, bunlardan da 6023-ü kişi, 3532-si isə qadın olmuşdur. Bakı şəhəri ilə yanaşı, ölkəmizin müxtəlif şəhər və rayonlarında icra edilmiş layihələr zamanı 75 təlim, 28 seminar, 30 digər formalı tədbirlər təşkil edilmiş, 1 kitab, 4 buklet və 7 digər çap məhsulları hazırlanaraq işıq üzü görmüşdür.

  Başa çatmaqda olan 2015-ci ildə bu istiqamətdə 11 layihəyə Şura tərəfindən ümumilikdə 105.000 manat maliyyə yardımı ayrılmışdır. Narkomaniya əleyhinə fəaliyyət göstərən QHT-lərin bu yöndə təşkil etdikləri tədbirlər əsasən gəncləri əhatə edir. Belə layihələr də çox vaxt gənclərlə işləmək üzrə ixtisaslaşan QHT-lər tərəfindən işlənir.

  İndi isə oxucuların diqqətini konkret olaraq QHT və onların bu istiqamətdə həyata keçirdiyi layihələrə yönəltmək istərdim: 
- “Öyrədərək Öyrənirik” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən “Ağ ölüm-Qara ləkə” adlı narkomaniya mövzusunda maarifləndirici tədbirlərin təşkili; - Gənclərin Maarifləndirilməsi və Təlimi İctimai Birliyinin “Yeniyetmə və gənclər arasında narkomaniya əleyhinə təbliğat aksiyalarının keçirilməsi”; - “Narkotizmlə Mübarizə” İctimai Birliyinin “Sağlam həyat naminə narkomaniyaya yox” adlı ictimai kampaniyanın keçirilməsi; - “Gülüstan” Kimsəsiz Uşaq və Qadınlara Yardım İctimai Birliyinin “Cənub regionunda kimsəsiz uşaq və qadınların narkomaniyanın təsirlərindən qorunması üzrə maarifləndirmə aksiyalarının təşkili”; - “Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək” Gənclər İctimai Birliyinin “Sağlam həyat yaşayaq! şüarı altında narkomaniya ilə mübarizə aksiyalarının təşkili”; - “Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai Birliyinin “Sağlam gənclik, sağlam gələcək deməkdir!”; - “Feniks” sağlam həyat təbliği İctimai Birliyinin “Gələcək sağlam gənclərindir!”; - Azərbaycan Maarifçi Gənclər Təşkilatının “Qaçqın və məcburi köçkün gənclər arasında narkomaniya və sağlam həyat tərzi ilə bağlı maarifləndirmə”; - Gənclərin Sosial Tərəfdaşlığı Mərkəzi İctimai Birliyinin “Sağlam Gənclik - Sağlam Gələcək”; - “Etika və Müasirlik” İctimai Birliyinin “Narkomaniyaya qarşı mübarizə sahəsində beynəlxalq təcrübənin öyrənilməsi vasitəsilə bu istiqamətdə fəaliyyət göstərən qurum və şəxslərin bacarıqlarının artırılması”; - “Yeni Həyat - İqtisadi İnkişaf” İctimai Birliyinin “Region gənclərinin narkomaniya bəlasından qorunmasında QHT-lərin rolunun artırılması” adlı layihələri bu istiqaməti özündə ehtiva etmiş və adıçəkilən təşkilatlar bu layihələri uğurla icra etmişlər.

  Layihələr Bakı şəhəri ilə yanaşı ölkənin digər regionlarını da əhatə etmişdir. İcra edilmiş layihələrin formatı əsasən maarifləndirmə xarakterli olmuşdur. Xüsusən regionlarda gənclərin iştirakı ilə keçirilmiş tədbirlərdə asudə vaxtın səmərəli təşkili mövzusunda geniş müzakirələr aparılmışdır. Layihələrin məqsədi ümumilikdə mərkəzdə və regionlarda gənclər arasında narkomaniya, onun fəsadları mövzusunda maarifləndirmə işlərinin aparılmasından, bu mövzularda tədbirlərin təşkilindən ibarət olmuşdur. Konkret rəqəmlərə gəldikdə, bildirmək istərdim ki, icra edilmiş layihələr çərçivəsində görülən işlərə ümumilikdə 31 nəfər işçi cəlb olunmuş, 5962 nəfər layihələrdə iştirak etmiş və bəhrələnmişdir. Bunlardan 1845 nəfəri uşaq və yeniyetmə, 2971 nəfəri gənc, 1146 nəfəri isə digər yaş qrupuna aid insanlardır. Maliyyələşmiş layihələr çərçivəsində 61 təlim, 12 seminar və 3 müxtəlif tipli tədbir təşkil olunmuşdur. Belə ki, Sabirabad rayonunda gənclərin bədən tərbiyəsinin və fiziki durumlarının inkişafı məqsədilə veloyürüş təşkil edilmiş, insanların və cəmiyyətin qayğısına ehtiyacı olan kimsəsiz qocaların yaşadığı “Qocalar evi”nə səfər reallaşdırılmış və narkomaniya və zərərli vərdişlər əleyhinə 200 nəfər gəncin iştirakı ilə aksiya baş tutmuşdur.

  Növbəti 2016-cı ildə də dövlətin və cəmiyyətin narkomaniyaya qarşı göstərəcəyi fəaliyyətdən Şuranın gözləntiləri böyükdür. Hər il dövlət və QHT səviyyəsində keçirilən tədbirlər, aparılan monitorinqlər bu sahədə gələcəyə nikbin baxmağa əsas verir. Əminik ki, dövlətin iradəsi, vətəndaş cəmiyyəti institutlarının səyləri nəticəsində cəmiyyəti narahat edən, ayrı-ayrı insanların ciddi probleminə çevrilmiş narkomaniya böyük ölçüdə öz sərhədlərini daraldacaq. Şura bu istiqamətdə öhdəsinə düşən vəzifəni layiqincə yerinə yetirir və bundan sonra da yetirəcək.

  Sonda onu qeyd etmək istərdim ki, QHT-lərlə mütəmadi və ardıcıl işbirliyində olan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası növbəti illərdə “Narkomaniyaya qarşı mübarizə” mövzusunda vətəndaş cəmiyyətinin təmsilçilərindən yeni, innovativ təkliflər, maraqlı yanaşma üsulu, tədbirlərin qapalı məkanlardan açıq məkanlara çıxmasını gözləyir və əvvəlki illərdə olduğu kimi, onlara tam dəstək verməyə hazırdır. Dövlət-QHT münasibətlərinin yüksək əməkdaşlıq səviyyəsində olduğu indiki dövrdə bu, bir daha cəmiyyəti narahat edən məsələlərin həllinə güclü təkan vermiş olar, eyni zamanda bu məsələdə müsbət nəticələrə gətirib çıxarar.

Qalib Yaqubov, 
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət
Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin məsləhətçisi




Baxılıb: 849