Azərbaycan Respublikasının daxili işlər orqanları tərəfindən respublika ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində fəaliyyət 2015-ci il ərzində davam etdirilərək bir sıra təşkilati və əməli işlər görülmüşdür.
2015-ci il ərzində respublikada narkotik vəziyyət mütəmadi olaraq təhlil edilmiş, qarşılıqlı əlaqələrin gücləndirilməsi, narkotiklərlə mübarizə işinin səmərəli təşkili məqsədilə qanun və qayda layihələri, tədbirlər planları hazırlanaraq icraya yönəldilmişdir.
Təhlil dövründə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulmuş vəzifələr nəzarətdə saxlanılmış və yerinə yetirilməsi ilə bağlı bir sıra işlər görülmüşdür.
Tədbirlər Planının 2.6-cı yarımbəndi üzrə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə görə məsuliyyətə cəlb edilmiş şəxslərə qarşı beynəlxalq təcrübə nəzərə alınmaqla, preventiv tədbirlərin həyata keçirilməsi haqqında” Qayda layihəsinin hazırlanaraq Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasına təqdim olunması və Qaydanın daxili işlər orqanlarında elan edilməsi təmin edilmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin təşəbbüsü ilə aidiyyəti dövlət orqanlarından daxil olmuş təkliflər və rəylər nəzərə alınmaqla “Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 960-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların Siyahıları”nda dəyişiklik edilməsi haqqında” və Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nda dəyişiklik edilməsi haqqında” qanun layihələri hazırlanaraq Azərbaycan Respublikası Prezidenti Administrasiyasına və Nazirlər Kabinetinə təqdim edilmişdir.
Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin narkotiklərlə bağlı cinayətlərə görə məsuliyyət və cəza tədbirlərini nəzərdə tutan 26-cı fəslinə əlavə və dəyişikliklərin edilməsi ilə bağlı müvafiq qanun layihələri hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunmuşdur.
Narkotik vasitələrdən, psixotrop maddələrdən sui-istifadə edən şəxslər arasında aparılan profilaktik tədbirlərin keyfiyyətinin və həmin tədbirləri icra edənlərin peşəkarlığının və professional səviyyəsinin artırılması məqsədilə keçirilən tədbirlər davam etdirilmişdir.
Belə ki, 27.02.2015-ci il tarixdə DİN-in “Xəzri” İstirahət və Sağlamlıq Mərkəzində ixtisasartırma kursuna cəlb olunmuş şəhər, rayon polis orqanlarının 49 sahə inspektoru və sahə rəisinə, 7 - 21 mart 2015-ci il tarixlərdə narkotiklərlə mübarizə xidmətinin 31, 18 noyabr 2015-ci il tarixdə DİN-in Polis Akademiyasının Virtual Tədris Mərkəzində narkotiklərlə mübarizə xidmətinin 105 və 15 dekabr 2015-ci il tarixdə DİN-in “Xəzri” İstirahət və Sağlamlıq Mərkəzində cinayət axtarış xidmətinin 56 əməkdaşına müxtəlif mövzular tədris olunmuşdur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının tələblərinə uyğun olaraq 81 şəhər və rayon polis orqanlarında saxlanılmış ümumi çəkisi 601,2 kq müxtəlif növ narkotik vasitələr, 130,465 qr (164 ədəd həb) psixotrop maddələr, 2550 ədəd çətənə bitkilərinin məhv edilməsi təmin edilmişdir.
Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsində beynəlxalq və regional təşkilatlarla, həmsərhəd və digər dövlətlərlə əməkdaşlığın inkişaf etdirilməsi də diqqət mərkəzində saxlanılan məsələlərdən olmuşdur.
28-30 aprel 2015-ci il tarixlərdə Bakı şəhərində DİN-in “Xəzri” İstirahət və Sağlamlıq Mərkəzində İstanbul Prosesi çərçivəsində Narkotiklərə qarşı mübarizəyə dair Etimad Quruculuğu Tədbirləri üzrə 14 ölkə və 4 beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı ilə ekspertlərin növbəti görüşü keçirilmişdir.
Bununla yanaşı, əməkdaşların Bakı, Kabil, Tehran, Vyana, Moskva, Brüssel, Kiyev, Aşqabad, Almatı, Dərbənd şəhərlərində keçirilmiş iclaslarda, beynəlxalq və işçi görüşlərində, seminarlarda iştirakları təmin edilmişdir.
Hesabat dövründə narkomanlığın qarşısının alınması məqsədilə əhali, o cümlədən azyaşlı və yeniyetmələrlə bir sıra maarifləndirmə tədbirləri keçirilmişdir. Bu məqsədlə əməkdaşlar tərəfindən narkotik vasitələrin insan orqanizminə mənfi təsiri, bununla əlaqədar hüquqi məsuliyyət tədbirləri və bu sahədə görülmüş işlər mütəmadi olaraq Lider, ATV, ANS televiziya kanalları vasitəsilə və DİN-in “Mübariz keşikdə”, “Polis”, respublikanın “İki sahil” və s., qəzetlərində işıqlandırılmışdır.
Polis orqanları tərəfindən “Yetkinlik yaşına çatmayanlar və gənclər arasında narkomanlığın qarşısının alınması üzrə profilaktik tədbirlərin gücləndirilməsinə dair” DİN-in və Respublika Baş Prokurorluğunun birgə göstərişinin icrası nəzarətdə saxlanılmışdır. Prioritet istiqamətlərdən biri kimi orta, ümumtəhsil, orta-ixtisas və ali təhsil müəssisələrində və yaşayış yeri üzrə uşaq və gənclər arasında narkotik maddələrin istifadəsinin qarşısının alınması, bu növ vasitələrin qeyri-qanuni dövriyyəsi, zərərli nəticələri, qanunvericiliklə nəzərdə tutulan hüquqi anlayışı və cəza mexanizmlərinin geniş təbliği məqsədilə şəhər, rayon polis orqanları tərəfindən davamlı kompleks tədbirlər həyata keçirilmiş, təlim-tərbiyə ocaqlarında, digər uşaq təşkilat və müəssisələrində şəhər, rayon mərkəzi xəstəxanalarının, qəsəbə, kənd, tibb məntəqələrinin 38 mütəxəssisinin və narkoloq həkimlərinin, habelə Respublika Narkoloji Mərkəzinin və paytaxtın narkoloji dispanserinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirə 15000-dən artıq yuxarı sinif şagirdi, onların valideynləri, eləcə də orta ümumtəhsil məktəblərinin 150 psixoloqu cəlb olunmuş, icra hakimiyyətləri yanında komissiyaların 50 təmsilçisinin qatıldığı görüşlərdə, yerli mətbuat orqanlarında, radio-televiziya yayım şirkətlərində “Narkomanlıq və onun fəsadları”, “Narkomanlığa yox deyək”, “Ağ ölümlə mübarizə hər birimizin vəzifəsidir” və s. mövzularda müxtəlif səpkili yazı və məqalələr dərc olunmuş, televiziya verilişləri təşkil edilmiş, yeniyetmələri maraqlandıran suallar cavablandırılmışdır.
Bunlarla yanaşı, Yasamal rayonunda 13, 21, 53, 161, 173, 38, 52, 167, 176, 286, 30, 31, 158, 225 nömrəli orta məktəblərdə, Nəqliyyatda Baş Polis İdarəsi tərəfindən Zığ Quru Yük Limanının və Gəmi Təmiri Zavodunda əmək kollektivlərinə, Nərimanov Rayon Polis İdarəsi tərəfindən 34, 39, 45, 77, 82, 200, 202, 207, 258 nömrəli orta məktəblərdə, Bakı İdarəetmə və Texnologiya Kollecində, Bakı Kompyuter Kollecində, 7 saylı Peşə Liseyində, Dövlət Dəmiryol Liseyində, Təvəkkül Universitetinin Elmi-Tədris Mərkəzində və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında, Binəqədi Rayon Polis İdarəsi tərəfindən 215, 83, 276 nömrəli orta məktəblərdə, Xətai rayon polis idarəsi tərəfindən 17, 29, 171 nömrəli orta məktəblərdə, Pirallahı Rayon Polis Şöbəsi tərəfindən 235, 186, 286, 234 nömrəli orta məktəblərdə, Səbail rayon polis idarəsi tərəfindən 189, 236, 239 və 7 nömrəli orta məktəblərdə, Sabunçu Rayon Polis İdarəsi tərəfindən rayonun 4, 22, 69, 67, 68, 71, 72, 78, 81, 94, 96, 107, 113, 128, 137, 142, 148, 155, 169, 170, 188, 187, 192, 198, 255, 271, 293, 305 nömrəli orta məktəblərində, Abşeron Rayon Polis İdarəsi tərəfindən Xırdalan şəhər 1, 2, 3, 4, 5, 6, Saray qəsəbəsində 1, 2, 3 nömrəli, Masazır, Qobu, Novxanı, Hökməli, Digah kənd və Mehdiabad qəsəbə orta məktəblərində, Daşkəsən rayon polis şöbəsi tərəfindən Daşkəsən rayonunun, N.Nərimanov, Nəsimi adına, Vurğun adına 4, A.Mürsəlov adına 2, R.Qafarov adına, Ə.İsmayılov, M.Mustafayev adına tam orta məktəblərdə, Qabaqtəbə kənd orta məktəbdə, Güney kənd, Pirverdilər, Mollahəsənli, Əhmədli tam orta məktəblərində, Zaqatala Rayon Polis Şöbəsi tərəfindən rayonun Gözbarax, Bəhmətli, Lahıc, Qımır, Qandax, Faldar, Çobankol, Muğanlı, Yuxarı Tala, Muxan, Bazar, Aşağı Sardaxlar, Aşağı Tala, Göyəm, Dommabinə, Mazıx, Yolarıc, Maqov, Danaçı, Suvagil, Əlibayramlı, Uzuntala, Zəyəm kənd orta məktəblərində, Zaqatala şəhər Mədəniyyət evində, Z.Əliyeva adına Liseydə, Zaqatala şəhər humanitar fənlər Gimnaziyasında, Kəlbəcər rayon polis şöbəsi tərəfindən Gəncə şəhərində, Goranboy, Göygöl rayonlarında yerləşən 9 orta məktəbdə, Gədəbəy Rayon Polis Şöbəsi tərəfindən rayonun Slavyanka, Miskinli kənd mədəniyyət evlərində, Samux Rayon Polis Şöbəsi tərəfindən Samux RİH-də, rayonun Sərkar və Qarayeri qəsəbə orta məktəblərində, İmişli Rayon Polis Şöbəsi tərəfindən İmişli şəhəri 1 2, 5, 7 nömrəli orta məktəblərində, Salyan rayon polis şöbəsi tərəfindən 1, 5, 7, 8, 9, 20 nömrəli məktəblərdə, Xaçmaz Rayon Polis Şöbəsi tərəfindən akademik Z.Əliyeva adına 8 nömrəli Liseydə, Xaçmaz şəhər 2 nömrəli, Xudat şəhər 3 nömrəli orta məktəblərində, Şirvan şəhər polis şöbəsi tərəfindən şəhərin 16 nömrəli orta məktəbində, Şabran rayon polis şöbəsi tərəfindən rayon icra hakimiyyətində, Qazax rayon polis şöbəsi tərəfindən Qazax şəhərinin 2, 3 nömrəli, Şıxlı kənd, orta məktəblərində, Qazax rayon peşə Liseyində, Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialında, Tərtər rayon polis şöbəsi tərəfindən rayonun 16 nömrəli orta məktəbində, Xızı Rayon Polis Şöbəsi tərəfindən rayonun Fındığan, Xələnc, Yeni Yaşma, Şurabad kənd orta məktəblərində, Oğuz RPŞ tərəfindən Padar, Yemişənli, Dəymədərə, Kərimli, Qarabaldır, Baş Daşağıl, Malıx, Bucaq, Filfilli, Xalxal, Ərmənət, Qumlaq, Tayıflı, Şirvanlı, Yaqublu, Zərrab, Bayan, Calut, Muxas, Oğuz şəhər və kənd orta məktəblərində görüşlər keçirilmiş, “Narkomanlıq əsrin bəlasıdır”, “Narkomanlığın acı fəsadları”, “Narkomaniyaya yox deyək” və sair mövzular üzrə mühazirələr oxunmuş və maarifləndirmə işləri aparılmışdır. Yevlax və Tərtər rayon polis şöbələri tərəfindən “Yeni Tərtər” qəzetində məqalələr çap etdirilmiş, Yevlax “El” televiziya kanalında maarifləndirmə ilə bağlı təbliğat işi aparılmaqla bu sahədə görülən işlər işıqlandırılmışdır.
Səbail rayonunda Nazim Hikmət adına Uşaq Kitabxanasında, C.Hacıyev adına 3 nömrəli 11 illik musiqi məktəbində gənclərlə “Narkomaniyaya yox deyək” mövzusunda keçirilmiş konfransda, Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzində “Narkomaniyaya qarşı mübarizə: mövcud problemlər və onların həlli yolları” mövzusunda keçirilmiş “dəyirmi masa”da daxili işlər orqanlarının aidiyyəti xidmət əməkdaşlarının iştirakı təmin edilmişdir.
Səhiyyə Nazirliyinin Respublika Narkoloji Dispanseri ilə qarşılıqlı əlaqə davam etdirilmiş və qeydiyyatda narkotik aludəçilərinin sayının 28 656 nəfər olması, onların 20 276 nəfərinin opioid, 8 380 nəfərinin isə kannabinoid qruplarına aid olması, narkotik aludəçilərinin 11071 nəfərinin (8500 opioid, 2561 kannabinoid qruplarına aid) Bakı şəhərində qeydiyyatda olması məlum olmuşdur.
2015-ci il ərzində respublika polis orqanları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrlə bağlı 2935 cinayət faktı aşkar olunmuşdur ki, onlardan 786 və ya 26,7 faizi narkotik vasitələrin qanunsuz satışı, 1940-ı və ya 66,0 faizi satış məqsədi olmadan narkotik vasitələrin qanunsuz olaraq əldə edilib saxlanılması, 193-ü və ya 6,5 faizi narkotik xassəli bitkilərin qanunsuz olaraq kultivasiya edilməsi, 16-sı və ya 0,5 faizi isə sair cinayətlərlə bağlı olmuşdur.
Hesabat dövründə cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən ümumilikdə aşkar olunmuş 810,5 kq narkotik vasitələrin 575,4 kq və ya 70,9 faizini marixuana, 138,7 kq və ya 17,1 faizini tiryək, 38,7 kq və ya 4,7 faizini heroin, 15,9 kq və ya 1,9 faizini həşiş, 41,9 kq və ya 5,1 faizini digərləri, 369,4 qramını psixotrop maddələr təşkil etmişdir. Bu da 2014-cü illə müqayisədə 137 kq çox olmuşdur.
Aşkar olunmuş 2935 faktlardan 920-si əvvəllər cinayət məsuliyyətinə cəlb olunmuş şəxslər tərəfindən törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 179,6 kq müxtəlif növ narkotik vasitələr götürülmüşdür. Cinayətlərin 96-sı qrup şəklində törədilmiş, faktlar üzrə cinayətkarlardan çəkisi 251,5 kq narkotik vasitələr götürülmüşdür. Narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 19 fakt aşkar edilmiş və faktlar üzrə qanunsuz dövriyyədən 95,6 kq müxtəlif növ narkotik vasitələr götürülmüşdür.
Polis orqanları tərəfindən narkotik xassəli bitkilərin qanunsuz kultivasiyası ilə bağlı 2015-ci il ərzində 193 fakt aşkar edilmiş, 17,8 hektar sahədən çəkisi 6 ton 423 kq olan 12 689 ədəd çətənə bitkiləri aşkar edilərək müvafiq tədbirlər görülməsi üçün istintaq orqanlarına verilmişdir.
Bununla yanaşı, 233,3 hektar 56,1 sot sahədən çəkisi 138 ton 813 kq olan 339 910 ədəd çətənə və 76,3 hektar sahədən çəkisi 28 ton 465 kq olan 62 304 ədəd yabanı halda bitmiş xaşxaş bitkiləri aşkar edilərək müvafiq qaydada məhv edilmişdir.
Ümumilikdə 327,4 hektar 194,1 sot sahədən yaş kütləsi 168 ton 773 kq olan 414 min 725 ədəd narkotik xassəli çətənə və xaşxaş bitkiləri aşkar edilmişdir. (2014-cü ildə 467 hektar 195 sot sahədən yaş kütləsi 212 ton 489 kq olan 375 min 917 ədəd çətənə bitkiləri aşkar edilərək məhv edilmişdir).
Ərazi polis orqanlarının qarşılıqlı fəaliyyəti sayəsində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qaçaqmalçılıq və ya digər qanunsuz yollarla ölkə ərazisinə gətirilməsi, tranzit kimi istifadə olunmaqla onların respublika ərazisindən daşınmasının qarşısının alınması məqsədilə bir sıra birgə tədbirlər keçirilmişdir. Nəticədə 98 fakt aşkar edilmiş və faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 39 kq 144,12 qr müxtəlif növ, o cümlədən 28 kq 369,155 qr marixuana, 8 kq 544,205 qr tiryək, 580,371 qr heroin, 1 kq 651,39 qr həşiş narkotik vasitələri götürülmüşdür.
Respublika polis orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı Gürcüstanın 20, Türkiyənin 2, İran İslan Respublikasının 7, Türkmənistanın 1 olmaqla ümumilikdə 30 xarici ölkə vətəndaşları tutulmuş, onlardan çəkisi 30 kq 340,502 qr müxtəlif növ narkotik vasitələr və 246,078 qr psixotrop maddələr götürülmüşdür.
Respublika ərazisində narkotiklərlə bağlı cinayətlərin aşkar edilməsi, həmin cinayətləri törədən şəxslərin və mütəşəkkil dəstələrin ifşa olunması və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələrin çıxarılması üçün ciddi dönüş yaradılması istiqamətində məqsədyönlü tədbirlərimiz davam etdirilir.
Azərbaycan Respublikası
Daxili İşlər Nazirliyinin
Baş Narkotiklərlə Mübarizə
İdarəsi