Gənclər narkomaniyaya “YOX” deyir

  Narkomaniya hazırda cəmiyyətin ən böyük qlobal problemlərindən biridir. Son illər respublikamızda narkotik vasitələrə qarşı mübarizə xeyli güclənmişdir. Bu mübarizədə Nəsimi rayonunda fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın az rolu olmamışdır.

  Komissiya öz fəaliyyətində Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nı rəhbər tutmuşdur.

  Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun 29/11-125 saylı, 09.12.2015-ci il tarixli məktubuna müvafiq olaraq rayon komissiyasının 2015-ci il üçün iş planı təsdiq olunmuşdur.

  Gənc nəslin Vətənə məhəbbət, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, dövlət dilinə və rəmzlərinə, milli mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə olunması məqsədilə komissiya il ərzində rayonun orta və ali təhsil müəssisələrində müxtəlif mövzularda inşa və rəsm müsabiqələri, ədəbi-bədii tədbirlər keçirilmişdir.

  Yeniyetmə və gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi işinin gücləndirilməsi, məktəblərin hərbi xidmətə hazırlıq səviyyəsini yüksəldilməsi məqsədilə “Cəsurlar” hərbi idman və turizm və “Şahin” hərbi idman oyunlarının keçirilməsi daim diqqət mərkəzində saxlanılmışdır.

  Yaradıcı və istedadlı gənclərə dövlət qayğısının artırılması, onların qabiliyyətlərinin inkişaf etdirilməsi üçün əlverişli şəraitin yaradılması, təhsil səviyyələrinin yüksəldilməsi, elmi potensiallarının inkişaf etdirilməsi və eyni zamanda onların asudə vaxtlarının səmərəli təşkil olunması məqsədilə hər ay rayonun ali və orta ümumtəhsil məktəblərində bədii-əyləncəli tədbirlər keçirilmişdir.

  Bu il də Azərbaycan Respublikası Prezidentinin “2 fevral - Azərbaycan Gəncləri Günü elan edilməsi haqqında” 1 fevral 1997-ci il tarixli Sərəncamına uyğun olaraq 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə 2 fevral 2015-ci il tarixdə Nəsimi Rayon İcra Hakimiyyətində “Gənclik ömrün baharıdır” adlı bədii-əyləncəli tədbir keçirilmişdir. Tədbirdə gənclərin əldə etdikləri nailiyyətlərdən, gənclər siyasəti və idman sahəsində görülən işlərdən söhbət açılmış, il ərzində fərqlənmiş bir qrup tələbə və şagirdlərə diplom və müxtəlif hədiyyələr təqdim edilmişdir. Həmçinin tədbirdə istedadlı gənc rəssamların əl işlərindən ibarət sərgilər də nümayiş etdirilmişdir.

  Gənclər arasında sağlam həyat tərzinin təbliğ olunması, hüquq pozuntuları, narkomanlıq, QİÇS və digər neqativ halların profilaktikası məqsədilə məktəblərdə müsabiqələr, seminarlar və “dəyirmi masa”lar keçirilmişdir. Keçirilən tədbirlərdə din xadimləri, Ağsaqqallar Şurasının nümayəndələri, müharibə veteranları da iştirak etmişdirlər. Tədbirlərdə şagirdləri maraqlandıran suallar ətrafında diskussiyalar aparılmışdır. 
  Rayon komissiyasının üzvləri keçən il ərzində yeniyetmə və gənclərin sağlamlığının qorunması, kütləvi bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi məqsədilə bədən tərbiyəsi və idman sahələri üzrə keçirilən tədbirlərdə fəal iştirak etmişlər. Yarışlarda yer tutan komandaların oyunçuları diplom və hədiyyələrlə mükafatlandırılmışdır.

  2015-cü il ərzində komissiyanın əsas məqsədi yetkinlik yaşına çatmayanlara tərbiyəvi təsir göstərməyə, onların hüquq və mənafelərini qorumağa, qanunazidd əməllərin qarşısını almağa, tədris müəssisələrində təlim-tərbiyə işlərinin gücləndirilməsinə, antinarkotik təbliğat və maarifləndirmə, məktəblilərin sağlam həyat tərzi ilə əlaqədar fiziki hazırlıqların inkişaf etdirilməsi, yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş azyaşlılar arasında narkomanlığın yayılması məqsədilə onlara qəyyum və himayəçi təyin edilməsi istiqamətində olmuşdur.

  Keçən il polis əməkdaşları tərəfindən keçirilmiş 98 reyd nəticəsində müxtəlif hüquq pozuntuları törətmiş 356 yetkinlik yaşına çatmayan müəyyən edilərək PB-nə və RPİ-nə gətirilmiş, hər biri ilə profilaktiki söhbət aparıldıqdan sonra onlardan iltizam alınaraq, valideynlərinə və yaxud məktəb rəhbərliyinə təhvil verilmişdir. Küçələrdə avaralıq, dilənçilik edən, digər qanunazidd əməllərə yol verən, habelə uşaqları belə əməllərə təhrik edən şəxslərin qarşısının alınması məqsədilə mütəmadi olaraq reydlər keçirilmiş və bu reydlər zamanı dilənçiliklə məşğul olan 123 yetkinlik yaşına çatmayan saxlanılmışdır. 2015-cü il ərzində narkotiklərdən zərər çəkmiş yetkinlik yaşına çatmayanlar qeydə alınmamışdır.

  Rayon ərazisində fəaliyyət göstərən Müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların məhvi üzrə komissiyaya daxil olmuş məktublara və icra vərəqələrinə baxılaraq, komissiya üzvləri tərəfindən vətəndaşlardan müsadirə edilmiş narkotik maddələrin çəkisi, tərkibi, icra vərəqəsinin nömrəsi, tarixi aydınlaşdırılaraq müsadirə edilmiş narkotik maddələr rayon Polis İdarəsinin 20-ci PB-nin həyətində xüsusi ayrılmış yerdə yandırılaraq məhv edilmişdir.

  2015-cü il ərzində 127 vətəndaşdan müsadirə edilmiş 3 kq.140 qram narkotik maddə komissiya üzvlərinin iştirakı ilə məhv edilərək aktlaşdırılmışdır.

  2015-cü il ərzində Nəsimi rayonu ərazisində rayon Polis İdarəsi tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar 114 cinayət hadisəsi qeydə alınmış, onlardan 103 fakt bu maddələrin saxlanılması, qalan 11 fakt isə narkotiklərin satışı ilə əlaqədar olmuşdur. 
  Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Rayon Komissiyası bundan sonra da Dövlət Proqramını rəhbər tutaraq, yeniyetmə və gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi işinin gücləndirilməsi, onların qabiliyyətlərinin inkişaf etdirilməsi üçün əlverişli şəraitin yaradılması və eyni zamanda onların asudə vaxtlarının səmərəli təşkil olunması məqsədilə kütləvi şəkildə keçirilən tədbirlərə cəlb olunmalarını təmin edəcəkdir və proqramdan irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsini davam etdirəcəkdir.

A.Tağıyev, 
Nəsimi Rayon İcra Hakimiyyə tinin Narkomanlığa və 
Narkotik Vasitələrinin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Rayon Komissiyasının sədri




Baxılıb: 3391