Sağlam cəmiyyətə doğru

  Müasir bəşəriyyəti düşündürən, insanların ciddi bəlasına çevrilən problemlər içərisində ən mürəkkəbi, faciəvi nəticələrə gətirib çıxaranlardan biri narkomaniya və narkobiznesdir. Elmin, texnologiyanın inkişaf etdiyi indiki cəmiyyətimizdə bu bəladan hələ də qurtulmamışıq. Bir qorxu ağuşuna alıb təmiz dünyamızı. Nə üçün məhz qorxu? Ona görə ki, bu cür neqativ hallara ən çox yeniyetmə və gənclər arasında təsadüf olunur. Bunun da ağır nəticələri ailə dramları, qeyri - normal həyat tərzi, хəstə uşaqların dünyaya gəlməsi və s. problemlərlə müşayiət olunur.

  Narkomaniya əleyhinə aparılan tədbirlər hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olmuş, onların gücləndirilməsi istiqamətində bir sıra işlər görülmüşdür. Ulu öndər Heydər Əliyevin 26 avqust 1996-cı il tarixli Fərmanı ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılmışdır. Həmin Fərman əsasında Azərbaycan Respublikasında 2000-ci ilədək, daha sonra isə 2000-2006-ci ilədək narkomanlığın yayılmasına, narkotik vasitələrin və psixotrop maddələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə üzrə qəbul edilmiş Dövlət proqramları ölkəmizdə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə işinin təşkilinə xüsusi təkan vermişdir.

  Bütün dünyada olduğu kimi, Azərbaycanda da gənclərin böyük bir qismi narkomaniya və onun törətdiyi xəstəliklərdən əziyyət çəkir. Gənclərin narkomaniyaya qurşanması onların təhsildən kənarlaşmasına, ətraflarındakı insanlara daha çox cinayətkar simasının aşılanmasına və ən əsası sağlamlıqlarının zərbə altında qalmasına səbəb olur.

  Bu gün Qaradağ rayonunda da narkomaniyaya qarşı geniş, səmərəli və maarifləndirici işlər görülməkdədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24 iyun 2013-cü il tarixli Sərəncamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi və narkomanlığın yayılmasına qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı təsdiq olunmuşdur. Həmin Proqramın icrası ilə bağlı Qaradağ Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Rayon Komissiyası” tərəfindən də Tədbirlər Planı hazırlanmışdır.  Rayon ərazisində orta məktəb şagirdləri və yeniyetmələr arasında narkotik vasitələrdən istifadə hallarına qarşı mübarizə, narkomanlığın yayılmasının profilaktikası və qabaqlayıcı antinarkotik təbliğatın gücləndirilməsi məqsədilə planlı tədbirlər həyata keçirilməkdədir. 

  2015-ci il ərzində Qaradağ rayonunun bütün qəsəbələrində gənclərin iştirakı ilə “Narkomaniyadan özümüzü qoruyaq”, “Zərərli vərdişlərdən qorun”, “Gənclər narkotiklərə yox deyir”, “Narkomanlıq və onun fəsadları”   kimi mövzularda elmi-praktik konfranslar, “dəyirmi masa”lar, toplantılar təşkil edilmişdir. Hər tədbirin əvvəlində narkomaniyanın yaratdığı ağır fəsadları göstərən videoçarx nümayiş olunmuş və broşürlər paylanılmışdır. 25 iyun 2015-ci il tarixində Heydər Əliyev Mərkəzində “26 iyun-Narkomaniyaya Qarşı Mübarizə Günü”nə həsr olunmuş tədbirlər çərçivəsində “Azərbaycan gəncləri narkotiklər əleyhinə” mövzusunda rayon gəncləri ilə “dəyirmi masa” keçirilmişdir. 10 dekabr 2015-ci il tarixində “Narkomanlığa yox deyək” adlı “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə” Qaradağ rayon komissiyası tərəfindən 2015-ci il ərzində görülmüş işlər barədə hesabat yığıncağı keçirilmiş və tədbir KİV-də  işıqlandırılmışdır.

  Narkomaniyaya qarşı mübarizə yalnız dövlətin işi deyil, eləcə də cəmiyyətimizin və dövlətimizin təməlini formalaşdıran hər bir ailənin - valideynin işidir. Məktəbyaşlı uşaqlara daim valideyn nəzarəti olmalı, asudə vaxtlarını səmərəli və faydalı keçirmələri üçün onlara istiqamət verilməlidir. Çox acınacaqlı hal odur ki, bu gün narkomaniya qadınlar arasında da geniş yayılmaqdadır. Bu günün qadını sabahınsa anası olacaq, prinsipi ilə baxsaq, bu, cəmiyyətimizə çox ciddi və narahatlıq doğuran bir işarədir. Çünki sağlam cəmiyyətin və dövlətin təməlini sağlam ailələr təşkil edir. Narkomanlıq isə cəmiyyətin özəyi olan ailəni dağıdır.

  Məhz bu neqativ faktorları aradan qaldırmaq, narkomanlığa qarşı kütləvi surətdə mübarizə aparmaq məqsədilə beynəlxalq təcrübədə əsas istiqamətlərdən sayılan maarifləndirmə, təbliğat və profilaktika işlərinin bu gün daha düzgün, effektiv aparılması çox vacibdir. Regionlardakı əhalinin, xüsusən gənclərin bu haqda məlumatlarının, biliklərinin az olması onlar arasında bu dəhşətli bəlanın yayılmasına gətirib çıxarır.

  Hər bir azərbaycanlı Narkotikaya qurşanan vətandaşlarımızı sağlam şəkildə cəmiyyətimizə yenidən qaytarmağa çalışmalıdır. Bu gün müstəqil dövlətimizin gələcəyi olan gənc nəslin hərətərəfli inkişaf etdirilməsi, sağlam düşüncəli, düzgün seçimlər etmiş, vətənpərvər gənclər kimi yetişməsinə hər birimiz əlimizdən gələni əsirgəməməliyik.

Emil Abbasov, 
Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, 
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə 
üzrə Rayon Komissiyasının sədri




Baxılıb: 883