Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24 iyun 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nda ölkəmizdə narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıqla mübarizə sahəsində dövlət siyasətinin strateji istiqamətləri müəyyən olunmuş, təşkilati-hüquqi, institusional və praktik tədbirlər həyata keçirilmişdir.
Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunda ölkədə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, eləcə də bu sahədə həyata keçirilən maarifləndirmə, hüquqi, sosial və tibbi tədbirləri əks etdirən, aidiyyəti qurumların təqdim etdikləri hesabatlar əsasında “Narkotiklərə nəzarət sahəsində 2015-ci ilə dair Ölkə Məruzəsi” Azərbaycan və ingilis dillərində hazırlanmışdır. Qeyd olunan məruzədə həyata keçirilən tədbirlər, onların nəticələri, narkotiklərlə əlaqəli cinayət faktlarının ümumi statistikası, qanunsuz dövriyyədən müsadirə edilən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının həcmini və dinamikasını əks etdirən müxtəlif diaqramlar, həmçinin müsadirə olunmuş narkotiklərin məhvi prosesinə aid tədbirlər, Dövlət Komissiyasının təşkilatçılığı və iştirakı ilə həyata keçirilən maarifləndirmə tədbirləri, beynəlxalq təşkilatlarla aparılan iş öz əksini tapmışdır.
Hesabat dövrü ərzində Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən 1 ton 127 kq 395,322 qr müxtəlif növ narkotik vasitələr, o cümlədən 12 689 çətənə kolu qanunsuz dövriyyədən çıxarılmışdır.
Müsadirə olunan narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların 698 kq 636,109 qr-ı marixuana, 240 kq 097,617 qr-ı tiryək, 80 kq 311,795 qr-ı heroin, 57 kq 863,271 qr-ı həşiş, 62,385 qr-ı kokain, 50 kq 424,325 qr-ı psixotrop maddələr və digərləri, 1750 ədədi həb, o cümlədən 12689 çətənə kolu olmuşdur.
Ötən il ərzində hüquq-mühafizə orqanları tərəfindən cəmi 3187 fakt aşkar edilmişdir ki, onlardan 916-sı satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, 2062-si satış məqsədi olmadan narkotik vasitələri, psixotrop maddələri və onların prekursorları qanunsuz olaraq əldə etmə və saxlama, 193-ü qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya etmə, 16-sı isə digərləri olmuşdur.
İl ərzində cinayət məsuliyyətinə 2587 nəfər cəlb olunmuşdur ki, onlardan 7 nəfəri 18 yaşadək, 565 nəfəri 30 yaşadək, 2015 nəfəri 30 yaşdan yuxarı, 18 nəfəri fəhlə, 7 nəfəri qulluqçu və ya maddi məsul şəxs, 2 nəfəri nəqliyyat işçisi, 2 nəfəri orta məktəb şagirdi, 2261 nəfəri işləməyənlər, 2535 nəfəri kişilər, 52 nəfəri isə qadındır.
Məsuliyyətə cəlb olunmuş 57 nəfər xarici ölkə vətəndaşlarından 65 kq-dan artıq müxtəlif növ narkotik vasitələr götürülmüşdür.
2015-ci il ərzində meşə və çöllük sahələrdə yabanı halda bitmiş ümumilikdə 189 ton 601 kq 236 qr narkoxassəli bitkilər Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yığılaraq müvafiq qaydada məhv edilmişdir. Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 118 ton 585 kq-dan artıq azalma deməkdir.
Ötən ilin may və dekabr aylarında Müsadirə edilmiş külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını Məhvetmə Komissiyası tərəfindən Bünyad Sərdarov adına “Maşınqayırma Zavodu”nun inzibati ərazisində 424 məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı qəbul edilmiş 902 kq-dan (əlavə olaraq 6277 ədəd çətənə kolu) artıq müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr aidiyyəti təşkilatların və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə yandırma yolu ilə məhv edilmişdir.
Səhiyyə Nazirliyinin verdiyi məlumata əsasən, 2015-ci il ərzində 2017 nəfər narkotik istifadəçisi qeydə alınmaqla, xəstələrin ümumi sayı 28555 nəfərə çatmışdır. Onlardan 23153-ü dispanser, 5402-si profilaktik, 583-ü anonim qeydiyyatda olanlardır. İstifadəçilər arasında 18 yaşa qədər 7 nəfər, 592-i qadın, 1432-i dispanser, 585-i profilaktik, 158 nəfəri isə toksikomanlar olmuşdur. 2015-ci ildə qeydiyyatdan çıxanların ümumi sayı 2118 (1331-i dispanser, 787-si profilaktik) nəfərdir.
Əvvəlki illərdə olduğu kimi, İİV-infeksiyasının ölkədə yayılması əsasən yüksək riskli qrupa aid olan inyeksion narkotiklər istifadəçiləri hesabına baş verir.
Belə ki, Azərbaycan vətəndaşları arasında 2015-ci ildə aşkar olunan İİV-ə yoluxma hallarının 21,9%-i, ümumilikdə isə 1992-01.01.2016-cı il tarixədək yoluxma hallarının 50,4%-i infeksion narkotik istifadəsi nəticəsində baş vermişdir. Eyni zamanda ölkədə İİV-ə narkomanların yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur.
2015-ci il ərzində narkomaniyaya düçar olmuş insanların qanının İİV-ə müayinəsi nəticəsində, onlardan 42 İİV-infeksiyasına yoluxma faktı təsdiq olunmuşdur.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın aidiyyəti bəndlərinin icrası ilə əlaqədar beynəlxalq və regional təşkilatlarla əməkdaşlıq genişləndirilmiş və mütəmadi olaraq diqqət mərkəzində olmuşdur. BMT-nin Narkotik vasitələr üzrə Komissiyası ilə ötən illərin sıx əməkdaşlığını nəzərə alaraq, 2016-cı ildə keçiriləcək BMT Baş Assambleyasının Dünya Narkotiklər Probleminə həsr olunacaq Xüsusi Sessiyasına hazırlıq üzrə seqmentində Azərbaycan nümayəndə heyətinin iştirakını təmin etmək məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu əlaqələndirici qurum, ekspertlər isə aidiyyəti qurumların əməkdaşları təyin olunmuşlar.
BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsi (BMTNCİ) tərəfindən həyata keçirilən layihələrin bir qismi ötən il də davam etdirilmişdir.
2015-ci ilin 9 fevral tarixindən 6 mart tarixinədək respublikanın bir sıra şəhər və rayonlarında “Həyatla oyun” teatr tamaşası nümayiş olunmuşdur. Şagird və tələbələrin antinarkotik dünyagörüşünün formalaşdırılması və gənclərin bu sahədə maarifləndirilməsi məqsədilə Gənclər və İdman Nazirliyi və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının birgə təşkilatçılığı ilə “Həyatla oyun” teatr tamaşası tərtib olunmuş qrafikə uyğun olaraq, Bakı şəhərinin Suraxanı, Sabunçu, Nizami, Xətai, Xəzər, Yasamal, Qaradağ, Binəqədi, Nərimanov, Nəsimi, Səbail rayonlarında və respublikanın Abşeron, Sumqayıt, Hacıqabul, Sabirabad, Saatlı, Beyləqan, İmişli, Astara, Lerik şəhər və rayonlarında nümayiş olunmuşdur.
Dövlət Komissiyasının İşçi Qrupu narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığın yayılmasına qarşı mübarizə, həmçinin narkomanların reabilitasiyası sahəsində fəaliyyət göstərən orqanların əməkdaşlarının peşəkarlığının artırılması və təcrübə mübadiləsi məqsədilə respublikanın Ağsu, Xaçmaz, Qusar, İmişli, Yardımlı və Şamaxı rayonlarında “Narkomanlığın dövlətə, cəmiyyətə və insanların sağlamlığına ziyanı”, “ Narkomaniya əsrin bəlasıdır”, “Sağlam həyat tərzi” və digər şüarlar altında tədbirlər keçirmişdir.
Dövlət Proqramının icrası məqsədilə narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslər arasında aparılan profilaktik tədbirlərin keyfiyyətinin və həmin tədbirləri icra edənlərin peşəkarlığının artırılması məqsədilə Balakən, Zaqatala, Gəncə, Şirvan, Lənkəran və Sumqayıt şəhər və rayonlarında da seminar-müşavirələr keçirilmişdir.
Tədbirlərin davamı olaraq Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış sosial reklamlar, “Narkomaniyaya qarşı mübarizənin əsas məqsədi sağlam mühit və sağlam gələcəkdir, “Gələcəyimizi birlikdə düşünək narkomaniyaya yox deyək” adlı lövhələr Bakı şəhərinin mərkəzi küçələrində yerləşən reklam lövhələrində quraşdırılmış və uzunmüddətli nümayiş olunmuşdur.
Bununla yanaşı, narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə təbliğat aparılması məqsədilə hazırlanmış videoçarxın Bakı şəhəri üzrə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin 515 piyada dayanacaqlarında yerləşən avtobus informasiya terminal monitorlarında cari ilin 15 iyun tarixindən iki ay ərzində nümayişi təmin edilmişdir.
Dövlət Proqramına müvafiq olaraq, narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması, bu sahədə profilaktik tədbirlərin səmərəliliyini nəzərə alaraq belə tədbirlərə diqqətin artırılması məqsədilə hazırlanmış videoçarxlar və digər yeni slayd şəklində olan təbliğat materialları “Park Bulvar” və “Metro Park” alış-veriş mərkəzlərinin bütün monitorlarında uzun müddət nümayiş olunmuşdur.
Eyni zamanda narkomanlıqla mübarizə sahəsində profilaktik fəaliyyətin təsirliliyini artırmaq, ictimai maarifləndirmə tədbirlərinin gücləndirmək və sağlam həyat tərzini təbliğ etmək məqsədilə tanınmış idman ustalarının iştirakı ilə mövzuya həsr olunmuş “Narkomaniyanın hədəfinə çevirilməmək naminə sağlam həyat tərzi seçin!” adlı yeni sosial çarx hazırlanmış və cari il ərzində geniş kütlə arasında təbliğ olunmaqdadır.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz
Dövriyyəsinə Qarşı Mübarizə
üzrə Dövlət Komissiyasının İşçi Qrupu