Narkomanlıq son dərəcə mürəkkəb ictimai təhlükəli hadisədir

   Narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlığın vurduğu saysız-hesabsız ziyanın həcmi çox böyükdür və praktiki olaraq, heç bir ölçüyə sığmır. Bu, həm narkotik istifadəçisinin şəxsiyyətinin deqradasiyası, müxtəlif cinayətlər törədilməsinə təkan, cəmiyyətin maddi-texniki və intellektual potensialının aşağı düşməsi, genefondun pisləşməsi və bir çox digər hallardır. Cinayətkarlığın artmasına səbəb olan narkotiklərin qanunsuz dövriyyəsi eyni zamanda terrorizmin maliyyə mənbəyi olmaqla beynəlxalq təhlükəsizliyə ən ciddi təhdidlərdən biri kimi çıxış edir.

   Ölkəmizdə Ermənistan tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıqla mübarizə sahəsində dövlət siyasətinin strateji istiqamətləri müəyyən olunmuş, təşkilati-hüquqi, institusional və praktiki tədbirlər həyata keçirilmişdir.

   Ölkəmizin işğal olunmuş və bunun nəticəsində Azərbaycanın İranla olan dövlət sərhədinin 132 kilometrlik hissəsi nəzarətsiz zonaya çevrilmişdir ki, həmin nəzarətdən kənar ərazilərində narkotik vasitələrin istehsalı da bütün regiona ciddi təhlükə yaradır, kriminogen durumu daha da gərginləşdirir.

   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu siyasət nəticəsində problemə dəyişən şəraitə və tələblərə uyğun yanaşılması dövlətin əsas prioritetlərindən birinə çevrilmiş, bu sahədə qətiyyətli mübarizənin təmin edilməsi məqsədilə sayca dördüncü “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının  qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı” qəbul edilmişdir.

   Belə ki, ötən il ərzində Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planının 4.2-ci bəndinin (qanunvericiliyin təkmilləşdirilməsi) icrası tam başa çatdırılmışdır. Belə ki, Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planının bəndlərinin icrası ilə bağlı qanun və qərarların layihələri hazırlanmışdır.

   Ötən il ərzində hüquq-mühafizə orqanları müasir telekommunikasiya və informasiya vasitələrinin imkanlarından istifadə etməklə, qanunsuz idxal-ixrac və tranzit daşıma marşrutlarını birlikdə təhlil etmiş və həmsərhəd dövlətlərdəki narkoşəraitin ölkədaxili vəziyyətə təsirini nəzərə alaraq, adekvat tədbirlər görmüş, həmçinin narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilməsinin qarşısının alınması üçün bir sıra qabaqlayıcı profilaktik və əməliyyat-axtarış tədbirləri həyata keçirmişlər.

   Belə ki, ötən il ərzində hüquq-mühafizə orqanları tərəfindən cəmi 3187 fakt aşkar edilmişdir ki,  onlardan 916-sı satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, 2062-si satış məqsədi olmadan narkotik vasitələri, psixotrop maddələri və onların prekursorları qanunsuz olaraq əldə etmə və saxlama, 193-ü qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya etmə, 16-sı isə digərləri olmuşdur.

   Həmçinin 2015-ci il ərzində cinayət məsuliyyətinə 2587 nəfər cəlb olunmuşdur.

   Bununla yanaşı, ötən il sərhədyanı rayonların meşə və çöllük sahələrində yabanı halda bitmiş ümumilikdə 189 ton 601 kq 236 qr narkoxassəli bitkilər aidiyyəti qurumlar tərəfindən ( Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq şöbələri)  yığılaraq müvafiq qaydada məhv edilmişdir.

   Səhiyyə Nazirliyinin verdiyi məlumata əsasən, 2015-ci il ərzində 2017 nəfər narkotik istifadəçisi qeydə alınmaqla, xəstələrin ümumi sayı 28555 nəfərə çatmışdır. Onlardan 23153-ü dispanser, 5402-si profilaktik, 583-ü anonim qeydiyyatda olanlardır. İstifadəçilər arasında 18 yaşa qədər 7 nəfər, 592-si qadın, 1432-si dispanser, 585-i profilaktik, 158 nəfəri isə toksikomanlar olmuşdur. 2016-cı ildə qeydiyyatdan çıxanların ümumi sayı 2118  (1331-i dispanser, 787-i profilaktik) nəfərdir.

   Eyni zamanda Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunda ölkədə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, eləcə də bu sahədə həyata keçirilən maarifləndirmə, hüquqi,sosial və tibbi tədbirləri əks etdirən, aidiyyəti qurumların təqdim etdikləri hesabatlar əsasında “Narkotiklərə nəzarət sahəsində 2015-ci ilə dair Ölkə Məruzəsi” Azərbaycan və ingilis dillərində hazırlanmışdır. Qeyd olunan məruzədə həyata keçirilən tədbirlər, onların nəticələri, narkotiklərlə əlaqəli cinayət faktlarının ümumi statistikası, qanunsuz dövriyyədən müsadirə edilən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının həcmini və dinamikasını əks etdirən müxtəlif diaqramlar, həmçinin müsadirə olunmuş narkotiklərin məhvi prosesinə aid tədbirlər, Dövlət Komissiyasının təşkilatçılığı və iştirakı ilə həyata keçirilən maarifləndirmə tədbirləri, beynəlxalq təşkilatlarla aparılan iş öz əksini tapmışdır.

   Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənovun müvafiq göstəriş və tapşırıqlarına əsasən Dövlət Proqramının icrasını daim diqqət mərkəzində saxlayan Dövlət Komissiyasının İşçi Qrupu narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığın yayılmasına qarşı mübarizə sahəsində fəaliyyət göstərən aidiyyəti qurumların koordinasiyasını təşkil etməklə, antinarkotik təbliğata xüsusi önəm vermiş, həyata keçirilən tədbirlər nəticəsində narkotiklərlə mübarizə sahəsində müsbət nəticələr əldə edilmiş, həmçinin maarifləndirmə işinin əhatəsi  genişləndirilmişdir.

   Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış xüsusi qovluqlarda “Narkotiklər haqqında həqiqəti bilin”, “Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya  yox  deyək”,  “Sağlam  ailə  naminə  narkotiklərə  yox  deyək”,  “Sağlam həyat naminə narkotikdən uzaq duraq”, “Narkomaniya sakit ölümdür”, “Narkomaniyanın hədəfinə çevrilməmək naminə sağlam həyat tərzi seçin”, “Sağlam olmaq naminə narkotikə yox deməyə cəsarətli ol”, “Övladlarımızı narkotiklərdən qoruyaq və gələcəyimizi xilas edək” adlı bukletlər, yaddaş kitabçaları, xəbərdarlıq vərəqələri, sosial videoçarxlar və digər təbliğat materialları (o cümlədən diskə daxil edilmiş elektron variantda da əlavə olunmuşdur) təlim iştirakçılarına təqdim edilmişdir.

   Görülən işlərin davamı olaraq, Dövlət Komissiyasının İşçi Qrupu cəzaçəkmə müəssisəsində cəza çəkən şəxslər arasında antinarkotik təbliğat işinin gücləndirilməsi məqsədilə cari ilin 23 fevral tarixində Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 7 saylı Cəzaçəkmə Müəssisəsində məhkumlar arasında maarifləndirici tədbir keçirmişdir.

   Tədbirdə Dövlət Komissiyası İşçi Qrupunun, Respublika Narkoloji Mərkəzinin əməkdaşları mövzu ətrafında çıxışlar edərək, narkotiklərlə bağlı cinayət hadisələrinin profilaktikasından danışaraq,  maarifləndirmə, izahat və hüquqi təbliğat məsələlərinin diqqət mərkəzində saxlanıldığını bildirmişlər.

   Eyni zamanda cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər arasında antinarkotik təbliğat işinin daha da gücləndirilməsi və təsirliliyinin artırılması, o cümlədən qeyd olunan istiqamətdə görülən işlərin davamlı və birgə həyata keçirilməsi üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu arasında  “Tədbirlər Planı” hazırlanaraq təsdiq edilmişdir.

   Təsdiq edilmiş “Tədbirlər Planı”na uyğun olaraq, cari ilin aprel ayından etibarən Penitensiar Xidmətin bütün cəzaçəkmə müəssisələrində narkomanlıq, həmçinin QİÇS  və digər viruslara yoluxma barədə tibbi-gigiyena, narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar, erkən müalicənin labüdlüyü, həmçinin narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı, narkotiklərdən zərər çəkmiş məhkumların reabilitasiyası və cəmiyyətə reinteqrasiyası və s. mövzularda təbliğat və maarifləndirmə xarakterli tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.

   Bununla yanaşı, Dövlət Proqramına müvafiq olaraq, narkomanlıqla mübarizə sahəsində profilaktik fəaliyyətin təsirliliyini artırmaq, ictimai maarifləndirmə tədbirlərini gücləndirmək və sağlam həyat tərzini təbliğ etmək məqsədilə tanınmış idman ustalarının iştirakı ilə mövzuya həsr olunmuş “Narkomaniyanın hədəfinə çevrilməmək naminə sağlam həyat tərzi seçin!” adlı yeni sosial çarx hazırlanmış və cari il ərzində “Park Bulvar”, “28 Mall”, “MetroPark” alış-veriş, ticarət və əyləncə mərkəzlərinin  bütün monitorlarında hal-hazırkı müddətə qədər geniş kütlə arasında nümayişi davam edir.

   Dövlət Komissiyasının İşçi qrupu tərəfindən narkotik maddələrin qeyri-tibbi istehlakının profilaktikası, narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyən edilməsinə kömək məqsədilə pedaqoqlar, tibb işçiləri, valideynlər və yetkinlik yaşına çatmayanlar, təhsil, gənclər və idman təşkilatlarının əməkdaşları üçün “Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox deyək”, “Sağlam ailə naminə narkotiklərə yox deyək”, “Sağlam həyat naminə narkotikdən uzaq duraq”, “Narkomaniya sakit ölümdür”, “Narkomaniyanın hədəfinə çevrilməmək naminə sağlam həyat tərzi seçin”, “Sağlam olmaq naminə narkotikə yox deməyə cəsarətli ol”, “Övladlarımızı narkotiklərdən qoruyaq və gələcəyimizi xilas edək” adlı yeni çap məhsulları o cümlədən BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsinin narkotiklərə qarşı ümumdünya hesabatı çərçivəsində hazırladığı məlumat-təbliğat yönümlü sənədlərindən istifadə olunmaqla, “Narkotiklər haqqında həqiqəti bilin” adlı yeni üslubda yaddaş kitabçası hazırlanmışdır.

   Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin narkotiklərdən istifadənin qarşısının alınması üzrə elmi cəhətdən əsaslandırılmış profilaktik tədbirlərin görülməsi vacibliyi barədə məlumatlılığın artırılması məqsədini daşıyan təşəbbüsü üzrə işlərin planlaşdırılması və həyata keçirilməsində təşkilata köməklik göstərilməsi üçün Azərbaycan Respublikası tərəfindən əlaqələndirici qurum qismində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu müəyyən edilmiş, ekspertlər isə aidiyyəti qurumların əməkdaşları təyin olunmuşlar. UNODC-nin 2016-cı ildə BMT Baş Assambleyasının Ümumdünya Narkotiklər Problemi üzrə Xüsusi Sessiyası ilə əlaqəli olan tədbirlər silsiləsində müvafiq qurum və digər qurumların əməkdaşları iştirak edəcəklər.

   Beləliklə, qeyd olunanlar cəmiyyətə, xüsusən gənc nəslin formalaşmasında ciddi təhlükə yaradan belə əməllərə qarşı daha sərt və kəsərli mübarizə aparılmasını  tələb edir.

   Bu baxımdan Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində dövlət siyasətinin həyata keçirilməsini, aidiyyəti orqanların və ictimai birliklərin fəaliyyətinin əlaqələndirilməsini, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının  qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrasını daim nəzarətdə saxlayır.

   Əminliklə söyləyə bilərik ki, Azərbaycan dövlətinin adıçəkilən problemlə bağlı müəyyənləşdirdiyi strategiya uğurla reallaşdırılacaq, gənc nəslin sağlam və yüksək ideallar ruhunda tərbiyəsi, genefondumuzun qorunması istiqamətində bundan sonra da məqsədyönlü addımlar atılacaq və bu, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı birgə mübarizə işinə öz töhfəsini verəcəkdir.

Fəqan Şahverdiyev,

Narkomanlığa və Narkotik
Vasitələrin Qanunsuz
Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının
İşçi Qrupunun rəhbəri




Baxılıb: 817