Gənclər “ağ ölüm”ə və zorakılığa “yox” deyir!

   Xalqın sosial problemlərini, əhalinin sağlamlığını, xüsusilə gənclərin sağlam mühitdə böyümələri məsələsini daim diqqət mərkəzində saxlayan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev narkomanlıqla mübarizədə müsbət nəticələrin əldə edilməsi məqsədilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nı təsdiq etmişdir. Həmin Proqramın icrası ilə əlaqədar olaraq respublikamızın bütün şəhər və rayonlarında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası və aidiyyəti təşkilatların iştirakı ilə çoxsaylı tədbirlər həyata keçirilib. 

   Uşaqlara qarşı zorakılıq dünya miqyaslı bir bəladır. O nə coğrafi sərhədlər, nə də yaş hədləri tanıyır və heç bir etnik və ya dini qrup bu bəladan sığortalanmayıb. Azərbaycan cəmiyyətində uşağa, qadına və ahıla hörmət təməl dəyərlərdən olub, xalqımızın əxlaqının, dini etiqadının və mentalitetinin dərin qatlarına söykənir. Uşaqlara qarşı hər bir zorakılıq halı, o cümlədən məişət zorakılığı halları cəmiyyət tərəfindən həmişə mənfi qarşılanıb. Cəmiyyətin bu bəlaya aşkar mənfi münasibətinə və dözümsüzlüyünə, son illərdə dövlət və qeyri-hökumət təşkilatlarının bu sahədə həyata keçirdikləri tədbirlərə baxmayaraq, dünyanın bir çox ölkələrində olduğu kimi, uşaqlara qarşı zorakılıq Azərbaycanda da hələ mövcuddur.

   Hətta məişət zorakılığı, o cümlədən uşaqlara qarşı məişət zorakılığının profilaktikasına diqqətin artırılması məqsədilə Milli Məclis 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması” haqqında qanun da qəbul edib. Qanunun qəbul edilməsində əsas məqsəd ilk növbədə dövlətin öz ali məqsədinin - insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsindən ibarətdir. Bununla yanaşı, məişət zorakılığına məruz qalan uşaqların tibbi, sosial, hüquqi və psixoloji reabilitasiyası mühüm məsələlərdən biri kimi dəyərləndirilir.

   Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən göndərilmiş 2015-ci il 8 dekabr tarixli 02-324 nömrəli məktuba Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) aidiyyəti üzrə baxılıb. Bununla bağlı olaraq regionlarda zorakılıq qurbanı olan uşaqların sosial, psixoloji və hüquqi reabilitasiyasını təmin etmək üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Ucar Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Ümidli Gələcək Gənclər Təşkilatı tərəfindən Mərkəzi Aran rayonlarını əhatə etməklə Ucar rayonunda “Məişət zorakılığına məruz qalmış uşaq və gənclər üçün Regional Sosial Reabilitasiya Mərkəzi” təsis edilib.

   Mərkəz Ucar Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin inzibati binasında fəaliyyət göstərir. Həmçinin Gəncə və Lənkəran şəhərlərində də Regional Sosial Reabilitasiya mərkəzləri yaradılıb. Qeyd edilən Reabilitasiya mərkəzlərində cəzaçəkmə müəssisələrindən azad olmuş şəxslərə birdəfəlik maddi yardım verilməsi təmin edilir.

   Yaradılmış mərkəzlər cinsi, fiziki, psixoloji və emosional zorakılıq, habelə etinasızlıqla üzləşmiş, istismar, o cümlədən əməyin istismarı, fahişəlik və pornoqrafiya ilə bağlı fəaliyyətlərə sövq və ya məcbur edilmiş, işgəncə, kobud və alçaldıcı rəftar və məcburi yerdəyişməyə məruz qalmış və valideynləri və ya digər ailə üzvlərinin itkisindən psixoloji sarsıntı keçirmiş uşaq və gəncləri, habelə onların ailələrini sosial, psixoloji və hüquqi xidmətlərlə təmin edəcəkdir.   

   Əminliklə söyləyə bilərik ki, Azərbaycan dövlətinin adıçəkilən problemlərlə bağlı müəyyənləşdirdiyi strategiya uğurla reallaşdırılacaq,  uşaqların və gənc nəslin sağlam və yüksək ideallar ruhunda tərbiyəsi, genefondumuzun qorunması istiqamətində bundan sonra da məqsədyönlü addımlar atılacaq.

Saday Abdullayev,

ƏƏSMN-in Əlillərin sosial müdafiəsi
siyasəti şöbəsinin müdiri




Baxılıb: 858