Azərbaycan Respublikasi Prezidentinin 2013-cü il 24 iyun tarixli, Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın qəbulundan artıq 3 ilə yaxın müddət keçir. Bu müddət ərzində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Balakən Rayon Komissiyası Rayon Gənclər və idman idarəsi tərəfindən “Narkomaniya və QİÇS-ə qarşı mübarizə mənəviyyatımızın xilasıdır” adlı diskussiya xarakterli görüş keçirilmişdir. Keçirilən tədbirdə maarifləndirici bukletlər paylanılmış, mövzu ilə əlaqədar film nümayiş etdirilmişdir. “Narkomaniyaya “Yox!” sağlam həyat tərzinə “Hə” devizi altında məktəblilər arasında qol güləşi üzrə rayon birinciliyi keçirilmişdir. Yarış başlanınca yeniyetmələrə narkomanlağın törətdiyi bəlalar, bu bəlanın cəmiyyətə və ailəyə gətirdiyi bədbəxtliklər haqqında məlumat verilmiş, bukletlər paylanmışdır.
Narkomaniyanın yayılması səbəblərindən biri də gənclərin asudə vaxtlarının düzgün təşkil edilməməsidir. Gənclərin intellektual səviyyəsini artırmaq, milli-mənəvi dəyərlərin qorunub saxlanılması, gənclərin tariximiz, tarixi abidələrimiz haqqında məlumatlandırılması, kitaba marağın artırılması, Azərbaycanın mədəni irsinə daxil olan klassik filmlərimizin təbliği, müxtəlif kursların (dil, musiqi, liderlik, şahmat və s.) təşkili məqsədilə rayon Gənclər və idman idarəsinin tərkibində yaradılan “Aktiv Gənclər Klubu”nun fəaliyyəti təqdirəlayiqdir. Artıq 4 ildir ki, fəaliyyət göstərən klub “Səmərəli tətil proqramları” çərçivəsində dərnək və kursları könüllülük əsasında təşkil etmiş və daim gənclərin maraqlarını təmin etməyi qarşısına məqsəd qoymuşdur.
Rayon təhsil şöbəsinin təşkilatçılığı ilə məktəblilər və yeniyetmələr arasında narkomanlığın, digər mənfi meyilli amillərin qarşısını almaq məqsədilə məktəblərdə “Narkomaniya ilə necə necə mübarizə aparmaq lazımdır”, “Narkomaniya gəncləri məhv edir”,”, “Azərbaycan gəncləri narkotiklər əleyhinə” mövzularında sinif təşkilat saatları keçirilmiş, “Narkomaniyaya “Yox” deyək”, “Narkomaniyaya qarşı mübarizə mənəviyyatımızım qorunması deməkdir” mövzularında inşa və rəsm müsabiqələri keçirilmiş, qaliblər mükafatlandırılmışdır.
Balakən Rayon Mədəniyyət və Turizm Şöbəsi tərəfindən şöbənin nəzdində fəaliyyət göstərən müəssisələrdə gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi üçün silsilə tədbirlər, “Azərbaycan gəncləri narkomaniya əleyhinə nə etməlidirlər” başlığı altında sual-cavab gecəsi, “Narkomanlıq gəncliyin düşmənidir”, “Özünü qoru, Azərbaycan gəncliyi”, “Gənclər sağlam həyat tərzi seçir” və digər mövzularda “dəyirmi masa”lar, diskussiyalar keçirilmiş, sərgilər təşkil olunmuşdur.
Bu ilin yanvar ayında Balakən rayonunda Narkotiklərə Qarşı Milli Təbliğat Ofisi tərəfindən Gənclər və İdman Nazirliyi ilə birgə rayon icra hakimiyyətinin və digər müvafiq icra hakimiyyətlərinin məsul şəxslərinin, gənclərin iştirakı ilə “Sağlam cəmiyyətə doğru” layihəsi çərçivəsində narkomaniya əleyhinə maarifləndirmə və təbliğat xarakterli tədbir keçirilmişdir. Tədbirdə müasir dövrdə cəmiyyəti düşündürən və narahat edən, ən ürək ağrıdan problemlərdən birinin də bəşəriyyətin ciddi bəlasına, xalq, millət üçün təhlükə mənbəyinə çevrilən narkomanlığın olduğu vurğulanmış, insan orqanizminə, sağlamlığına, mənəviyyatına ən sağalmaz zərbələr vuran, ən pis vərdiş kimi qəbul edilən narkomanlıq və narkotik vasitələrə aludəçiliyin ölkəmizdə, o cümlədən rayonumuzda da yayılması təəssüflə qeyd olunmuşdur.
Bu yaxınlarda Balakən rayon ictimaiyyətinə Gənclər və İdman Nazirliyi tərəfindən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası ilə birgə Bakı Uşaq Teatrının aktyorlarının iştirakı ilə hazırlanmış “Həyatla oyun” adlı teatr tamaşası təqdim olunmuşdur.
Tamaşanın məqsədi insanları bəşəriyyətin ən böyük problemlərindən biri olan narkomaniyaya, QİÇS-ə qarşı mübarizəyə çağırmaq və yeni metodlar vasitəsilə məlumatlandırmaqdır. Maarifləndirmə funksiyasını yerinə yetirən tamaşa gənclərdə narkomaniyanın doğurduğu faciələr, QİÇS və bir sıra başqa qorxunc xəstəliklərin yayılması yolları haqqında aydın təsəvvür yaradır. Tamaşadan sonra onun müzakirəsi təşkil edilmiş, çıxış edənlər ölkəmizdə gənclərin inkişafına geniş imkanlarının yaradılmasına baxmayaraq, bəzi gənclərin onların gələcək həyatını təhlükə altına salan addımlar atmasından danışaraq, maarifləndirici tədbirlərin həyata keçirilməsinin baş verə biləcək faciələrin qarşısının alınmasında müstəsna rol oynadığını vurğuladılar. Qeyd edilmişdir ki, tamaşanın nümayişi gənclərin sağlam həyat tərzi seçmələri üçün çox təsirli təbliğat vasitəsidir.
Balakən rayonunda narkomaniya ilə mübarizə diqqət mərkəzində saxlanılır və bu istiqamətdə işlər daha ciddi şəkildə davam etdiriləcəkdir.
Narkomanlığa və Narkotik Vasitələrin
Qanunsuz Dövriyyəsinə Qarşı
Mübarizə üzrə Balakən Rayon Komissiyası