Sağlam gənclərlə sağlam gələcəyə doğru!

   Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair  2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin  Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Nizami Rayon Komissiyasının 2016-cı  il üçün iş planı hazırlanmış və ötən 5 ay ərzində bir sıra məqsədəmüvafiq tədbirlər həyata keçirilmişdir.

   Dövlət Proqramına əsasən  narkomanlıqla mübarizə sahəsində maarifləndirmə tədbirlərinin aparılması məqsədilə təlimçilər hazırlanması üçün Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu Nizami Rayon İcra Hakimiyyəti ilə birgə Daxili İşlər, Təhsil və Səhiyyə nazirliklərinin, o cümlədən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşlarının iştirakı ilə 4 aprel 2016-cı il tarixində rayon komissiyasının üzvləri, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi,  orta təhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, psixoloqları və tibb işçiləri üçün təlim-məşğələ keçirmişdir.       

   Təlimdə aidiyyəti dövlət orqanlarının nümayəndələri çıxış edərək narkomanlığın qarşısının alınması ilə bağlı həyata keçiriləcək tədbirlərə diqqətin artırılması, narkomanlıqla bağlı hüquqpozmalara meyilli olan yetkinlik yaşına çatmayanların və gənclərin təhsil aldığı inzibati ərazilər üzrə yerli icra hakimiyyəti və müvafiq komissiyalar arasında əlaqələrin genişləndirilməsi, təhsil müəssisələrində təhsil işçiləri, məktəblilər və tələbələr arasında narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar, erkən müalicənin labüdlüyü barədə fikirlərini bölüşmüşlər. Həmçinin narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə təbliğat aparılması, narkotik vasitələrin,  psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında qanunvericiliyin müddəalarının və tələblərinin əhaliyə izah edilməsi, şagird və tələbələrin antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədilə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı kütləvi idman və bilik yarışlarının keçirilməsi istiqamətində müvafiq işlərin davam etdirilməsinin zəruriliyi təlim iştirakçılarının diqqətinə çatdırılmışdır. Eyni zamanda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış narkotik maddələrin qeyri-tibbi istehlakının profilaktikası, narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyən edilməsinə kömək məqsədilə pedaqoqlar, tibb işçiləri, valideynlər və yetkinlik yaşına çatmayanlar, təhsil, gənclər və idman təşkilatlarının əməkdaşları üçün hazırlanmış yaddaş kitabçaları, xəbərdarlıq vərəqələri və metodik materiallar, o cümlədən materialların diskə daxil edilmiş elektron variantı təlim iştirakçılarına təqdim olunmuşdur.

   Rayon komissiyasının illik iş planına əsasən, rayon Polis idarəsi ilə birgə 2016-cı il mart ayının 3-də Bakı Texniki Kollecində tələbələrin, müəllim və valideynlərin iştirakı ilə “Gənclər narkomaniyaya yox deyir”,  2016-cı il aprel ayının 18-də 32 №-li orta məktəbdə yuxarı sinif şagirdlərinin, psixoloqların və valideynlərin iştirakı ilə “Zərərli vərdişlər və onların törətdiyi fəsadlar”, aprel ayının 22-də 62 №-li məktəb-liseydə “Sağlam gələcəyimiz naminə narkomaniyaya yox deyirik!”,  2016-cı il may ayının 19-da isə Şəhər Narkoloji Dispanseri ilə birgə Keşlə qəsəbəsindəki  328 №-li orta məktəbdə  “Biz həyatı seçirik!” adlı tədbirlər keçirilmişdir.

   Tədbirlərdə Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon komissiyasının sədri Gülnaz İsrafilova, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, rayon Polis idarəsinin rəisi, polis polkovniki Nofəl Məhərrəmov, şəhər Narkoloji dispanserinin həkim-psixoloqu Vəfa Quliyeva, habelə məktəb rəhbərləri  çıxış edərək narkomanlığın insan sağlamlığına, eləcə də cəmiyyətimizə vurduğu bəlalardan danışmış, yeniyetmə və gənclərə zərərli vərdişlərdən uzaq durmaq,  sağlam həyat tərzini seçmək barədə dəyərli tövsiyələr vermişlər. Həmçinin, şagirdlərin sualları cavablandırılmış, onları narahat edən bir sıra  məsələlərlə bağlı fikir mübadiləsi aparılmış, müvafiq izahatlar verilmişdir.

   Tədbirlərdə, həmçinin “Narkomaniya əsrin bəlası” adlı filmin və “Bəla” tamaşasından bir hissənin video nümayişi olmuş, şagirdlərin ifasında “Narkotiklər - əvvəli həzz, sonu ölüm!”  adlı səhnəcik göstərilmiş,  məktəblərin foyelərində narkomaniya və onun fəsadlarından bəhs edən rəsm sərgiləri təşkil olunmuşdur.

   Rayon Gənclər və idman idarəsi tərəfindən də narkomanlığa qarşı mübarizə sahəsində “Sağlam olaq, dünyamızı qoruyaq” devizi altında aksiyalar, idman və bilik yarışları, inşa yazı və rəsm müsabiqələri keçirilmişdir. İdarə tərəfindən keçirilən müxtəlif məzmunlu tədbirlərdə 10 mindən yuxarı uşaq və yeniyetmə iştirak etmişdir.

   Narkomanlığa qarşı mübarizə tədbirləri çərçivəsində təlim-tərbiyə müəssisələrində “Sağlam həyat tərzini seçirik”, “Narkotiklərdən uzaq durun!”, “Gəlin, gələcəyimizi qoruyaq!”, “Zərərli vərdişlərdən uzaq duraq”, “Narkomaniya - ağ ölüm” və digər mövzularda toplantılar, diskussiyalar, açıq dərslər, inşa yazı müsabiqələri keçirilmiş, məktəblərdə divar qəzetləri buraxılmış, rəsm sərgiləri, anket-sorğular təşkil edilmişdir.

   2016-cı ilin 5 ayı ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində, həmçinin “Xaş-Xaş” şərti ad altında qabaqlayıcı kompleks əməliyyat tədbirləri çərçivəsində rayon Polis idarəsi tərəfindən də bir sıra işlər həyata keçirilmiş, rayon ərazisində narkotik vasitələrlə bağlı törədilən cinayət hadisələrinin qarşısının alınması, aşkar edilib açılması istiqamətində əməli tədbirlər görülmüş, əhalinin istirahət etdiyi yerlərdə reydlər və əməliyyat yoxlamaları təşkil edilmişdir. Aparılan profilaktik işlərin nəticəsidir ki, göstərilən müddət ərzində Polis İdarəsinin profilaktik qeydiyyatında olan narkomanlar, eləcə də yetkinlik yaşına çatmayanlar tərəfindən narkotiklərlə bağlı cinayət hadisəsi törədilməmişdir. Həmçinin rayon ərazisində narkotik tərkibli bitkilərin kultivasiyası və yabanı halda becərilməsi faktı müəyyən edilməmişdir. Bundan başqa, rayonun 24 və 25-ci polis bölmələrində yaradılmış “Hüquq qaydalarının təmini üzrə İctimai Şura” tərəfindən də şəhər Narkoloji dispanserinin həkimləri cəlb edilməklə 10,12, 242 və 250 №-li məktəblərdə tədbirlər təşkil edilmiş, münaqişəli ailələr və çətin tərbiyə olunan uşaqlarla profilaktik maarifləndirmə işləri aparılmışdır.

   Komissiya tərəfindən maddi sübut kimi müsadirə edilmiş narkotik vasitələrin məhv edilməsinə xüsusi nəzarət həyata keçirilmiş və 2016-cı ilin 5 ayı ərzində mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq qüvvədə olan təlimatlara ciddi riayət edilməklə 15 məhkəmə hökmü icra edilmiş, 3,712 qram heroin, 10,091 qram tiryək və  5,34 qram qurudulmuş marixuana yandırılaraq məhv edilmişdir.

   Bunlarla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə şəhər və rayon komissiyalarının 2015-ci ildə gördükləri işlər barədə hesabatları əsasında İşçi Qrupu tərəfindən ümumiləşdirilmiş təhlil rayon komissiyasında geniş müzakirə olunmuş, təhlildə qeyd olunan tövsiyə və tapşırıqların icrası  ilə bağlı aidiyyəti qurumlara konkret tapşırıqlar verilmişdir.

Gülnaz İsrafilova,

Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini, 
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə 
Rayon Komissiyasının sədri




Baxılıb: 982