Narkomaniyaya qarşı mübarizə sağlam cəmiyyətin yaranmasına zəmin yaradır

   Ölkəmiz müstəqilliyini bərpa etdirəndən sonra narkotiklərlə mübarizə daim dövlətin diqqət mərkəzində olmuşdur. Ümummilli lideri Heydər Əliyev narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edirdi. Bunun davamı olaraq ölkə başçısı cənab İlham Əliyevin “Narkotik vasitələrin və narkomanlığın yayılması ilə mübarizə üzrə dövlət proqramının (2007-2012-ci illər) təsdiq edilməsi haqqında” Sərəncam imzalaması bu sahədə daha böyük işlər görülməsi üçün zəmin yaratmışdır. Narkomaniya ilə mübarizədə bütövlükdə cəmiyyətin, dövlətin, xalqın, ən çox isə gənc nəslin fərdi, birgə fəaliyyətinə, böyük ehtiyac var.

   Hər il olduğu kimi, 2015-ci ildə də Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Binəqədi Rayon Komissiyası tərəfindən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında”, “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının qanunları və digər normativ-hüquqi aktları rəhbər tutaraq Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2013-cü il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın və 2015-ci il üçün təsdiq edilmiş iş planına uyğun olaraq bir sıra tədbirlər keçirilmişdir.

   Belə ki, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın 2015-ci il üçün iş planına əsasən, gənclər arasında sağlam həyat tərzinin təbliğ olunması, hüquq pozuntuları, narkomanlıq, QİÇS və digər neqativ halların profilaktikası məqsədilə ardıcıl tədbirlər həyata keçirilmişdir.

   Binəqədi rayonunda yeniyetmə və gənclərin sağlam həyat tərzi, əqli-mənəvi durumu, mənəvi-psixoloji cəhətdən düzgün tərbiyə olunmasında zərərli vərdişlərdən, eləcə də narkomaniya bəlasından qorunması məsələsi daim diqqət mərkəzində saxlanılmışdır. Bu məqsədlə  18 fevral 2015-ci il tarixdə Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon Komissiyasının iclası keçirilmişdir.

   Binəqədi Rayon İcra Hakimiyyəti başçısı aparatında fəaliyyət göstərən Şura Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Komissiyanın 2015-ci il ərzində görülməsi nəzərdə tutulan işlər barəsində iclas Binəqədi RİH başçısının müavini, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə komissiyasının sədri Aygün Əliyevanın sədrliyi ilə keçirilmişdir.

   Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli, Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası və 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının müvafiq bəndinə uyğun olaraq yeniyetmə və gəncləri zərərli vərdişlərdən uzaqlaşdırmaq, onlar arasında sağlam həyat tərzinin təbliği və maarifləndirmə işinin genişləndirilməsi məqsədilə 18 fevral 2015-ci il tarixdə Binəqədi Mərkəzi Mədəniyyət Evinin akt zalında Gənclər və İdman Nazirliyi, Narkomanlığın və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının təşəbbüsü və Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Bakı Uşaq Teatrı tərəfindən səhnələşdirilmiş “Həyatla oyun” adlı teatr tamaşası nümayiş olunmuşdur. Ümumilikdə tamaşanı 140 məktəbli izləmişdir.

   10 aprel 2015-ci il tarixdə 26 № li Uşaq və Gənclərin Yaradıcılıq Mərkəzində rayon Gənclər və idman idarəsi və 26 №li UGYM-in birgə təşkilatçılığı  ilə  “Biz narkomaniyaya yox deyirik!”  mövzusunda  rəsm  müsabiqəsi keçirilmişdir. Müsabiqədə 28 nəfər iştirak etmişdir.

   26 iyun 2015-ci il tarixdə Narkomaniyaya Qarşı Beynəlxalq Mübarizə Günü ilə əlaqədar Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon Mərkəzi mədəniyyət evində İrəvan Dövlət Azərbaycan Dram Teatrının ifasında “Ağ ölüm” tamaşası nümayiş olunmuşdur.

   3-14 iyul 2015-ci il tarixlərində “Vətən” Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər Futbol Məktəbinin stadionunda 2003-2004-cü il təvəllüdlü uşaqlar arasında “Biz narkomaniyaya yox deyirik!” devizi altında məhəllələrarası futbol birinciliyi keçirilmişdir. Yarışda 160 nəfər gənc iştirak etmişdir.

   9 oktyabr 2015-ci il tarixdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı aparatında fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə Qarşı mübarizə üzrə Komissiyanın və  rayon Gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə rayonun orta ümumtəhsil məktəblərinin şagirdləri arasında “Azərbaycan gəncləri narkotiklərə yox deyir” mövzusunda inşa yazı və rəsm müsabiqələri keçirilmişdir.

   Hər iki müsabiqə üzrə ilk 3 yeri tutan şagirdlərin inşa yazıları və fərqlənən rəsmlər Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən keçirilən “Azərbaycan gəncləri narkotiklərə yox deyir” müsabiqəsinə təqdim olunmuşdur.

   Ötən il dekabrın 1-də Binəqədi Rayon İcra Hakimiyyəti, rayon Gənclər və idman idarəsi, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə 1 dekabr-QİÇS-lə Beynəlxalq Mübarizə Gününə həsr olunmuş tədbir keçirilmişdir.

   Bununla yanaşı, 1 dekabr -Ümumdünya QİCS-lə Mübarizə Günü ilə əlaqədar 144 saylı tam orta məktəbdə keçirilən, tədbirdə çıxış edənlər bəşəriyyət üçün ən böyük bəlalardan olan narkomaniya, siqaret və alkoqolizmin insan həyatına vurduğu zərbə, onların törətdiyi fəsadlar haqqında şagirdlər arasında maarifləndirici seminarların keçirilməsinin əhəmiyyətindən danışaraq bu məsələnin daim dövlətin diqqət mərkəzində olduğunu nəzərə çatdırmış, narkomaniya ilə mübarizədə bütövlükdə dövlətin, cəmiyyətin və nəhayət hər birimizin üzərinə düşən məsuliyyətin vacibliyini xüsusi vurğulamışlar. Həmçinin narkomaniya ilə mübarizə istiqamətində Binəqədi rayonunda da çoxsaylı tədbirlərin keçirildiyi qeyd edilmişdir.

   Hüquq-mühafizə orqanlarının narkotik vasitələrin dövriyyədən çıxarılması istiqamətində gördüyü işlər də mübarizənin tərkib hissəsidir. 

   Bununla belə bu sahədə görülən işlərə, aparılan tədbirlərə baxmayaraq, hələ də istənilən nəticənin əldə olunmaması təəssüf doğurur. Ona görə ki, Narkoloji Dispanserdən 01.10.2015-ci ildə verilən məlumata əsasən, Binəqədi rayonu üzrə 1025 nəfər şəxs narkoloji dispanserdə qeydiyyatdadır. Onlardan 37 nəfəri könüllü müalicədədir.  2014-cü illə müqayisədə qeydiyyatda olanların sayı 28 nəfər artmışdır. Yəni 2014-cü ildə dispanserdə qeydiyyatda olanların sayı 997 nəfər olmuşdur.

   2015-ci il ərzində rayon İcra Hakimiyyəti başçısı aparatında fəaliyyət göstərən “Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını məhv etmə komissiyası”nın iştirakı ilə məhkəmə hökmləri əsasında 32 icra sənədi üzrə 1 107.122 qram narkotik vasitə yandırılaraq dövriyyədən çıxarılıb.

   Son dövrlər rayon ərazisində dövlət tərəfindən tikilib istifadəyə verilən idman-sağlamlıq kompleksləri rayon ərazisində yaşayan, təhsil alan yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili, eyni zamanda pis vərdişlərdən kənarda qalmalarına müsbət təsir göstərməkdədir.

   Lakin görülən işlərə baxmayaraq, Binəqədi rayonununda yeniyetmə və gənclər tərəfindən hüquq pozuntuları hallarına yol verilməsi faktlarının mövcudluğu, əsrin bəlası olan narkomaniyanın əsasən gənclərimiz arasında geniş yayılması bu sahələrdə həyata keçirilən tədbirlərin daha da gücləndirilməsini tələb edir. Odur ki, bu problemləri yaradan səbəblərin aradan qaldırılması məqsədilə qarşıdakı illərdə də Komissiya  əlaqədar qurumlarla bəşəri bəlaya çevrilən narkomanlığın yayılmasına və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə işində Azərbaycan Prezidentinin sərəncamlarından, tapşırıq və tövsiyələrindən irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində daha effektiv çalışacaq və problemlərin həlli ilə bağlı aidiyyəti qurumlarla birlikdə lazımi qərarlar qəbul etməklə onların icrasına nəzarəti daha da artıracaqdır.

Narkomaniya və narkotik vasitələrin 
qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 
Binəqədi rayon Komisiyyası




Baxılıb: 1201