23,738 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılmışdır

   Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti (DSX) Ermənistanın təcavüzü (ərazinin 20%, o cümlədən dövlət sərhədinin İran İslam Respublikası ilə 132 km, Ermənistanla isə 733 km işğal altındadır) və dünyada yaranmış siyasi və iqtisadi  mürəkkəb şəraitdə dövlət sərhədinin mühafizəsi ilə yanaşı, ölkə Prezidenti tərəfindən verilən tapşırıqlara müvafiq olaraq beynəlxalq terrorizmə, qeyri-leqal miqrasiya və insan alveri, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi, kütləvi qırğın silahlarının komponentlərinin yayılmasına qarşı mübarizə aparır və Xəzər dənizinin Azərbaycan sektorunun, orada yerləşən neft-qaz yataqlarının və infrastrukturunun  mühafizəsini həyata keçirir.

    Avropa ilə Asiya arasında yerləşdiyinə görə narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi ilə məşğul olan mütəşəkkil cinayətkar qruplar tərəfindən Azərbaycan Respublikasının ərazisi tranzit dəhlizi kimi istifadə olunur.

Azərbaycan Respublikasına narkotik vasitələrin 90%-dən çoxu Əfqanıstan-İran marşrutu üzrə qanunsuz yollarla gətirilir. Azərbaycan ilə İran arasında dövlət sərhədinin uzunluğu 765 km, böyük hissəsinin relyefi mürəkkəbdir. Digər tərəfdən, Azərbaycanın işğal olunmuş ərazilərində narkotik xassəli bitkilərin yetişdirilməsi, narkotik vasitələrin hazırlanması və oradan Ermənistanın ərazisindən digər ölkələrə daşınması barədə məlumatlar daxil olur.

   Azərbaycan və İran dövlətlərinin aidiyyəti, o cümlədən sərhəd qurumları narkotik vasitələrin qanunsuz dövriyyədən çıxarılması istiqamətində böyük səylər göstərirlər. Lakin buna baxmayaraq mütəşəkkil cinayətkar qrup və terror təşkilatları fəaliyyətlərini davam etdirməkdədirlər. Dünyanın ən ağır bəlalarından biri ilə mübarizədə Azərbaycan sərhədçiləri dəfələrlə sağlamlıqlarına və həyatlarına təhlükə ilə  rastlaşıblar.

   Son 2,5 il ərzində Dövlət Sərhəd Xidməti tərəfindən keçirilmiş tədbirlər nəticəsində 205 kq-dan artıq müxtəlif narkotik vasitələr qanunsuz dövriyyədən çıxarılmışdır.

    Dövlət Sərhəd Xidməti tərəfindən Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2013-cü il tarixli  Sərəncamı ilə təsdiq olunmuş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların  prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram (2013-2018-ci illər)”ın Tədbirlər Planının icrası ilə bağlı 2016-cı ilin 6 ayı ərzində dövlət sərhədində 23,738 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılmışdır.

   Dövlət Sərhəd Xidməti tərəfindən keçirilən kompleks tədbirlər nəticəsində  23,738 kiloqram narkotik vasitənin (4 kiloqram 317 qram heroin, 11 kiloqram 170 qram tiryək, 1kiloqram 974 qram həşiş və  həşiş qətranı, 5 kiloqram 590 qram marixuana, 450 həb psixotrop maddə, 97 qram metamfetamin) dövlət sərhədindən keçirilməsinə cəhd edən 7 nəfər Azərbaycan Respublikası vətəndaşı saxlanılmış, cinayət məsuliyyətinə cəlb olunmuşdur.

    Cari ildə baş vermiş aşağıdakı faktları qeyd edirik:

- 09.01.2016-cı il tarixdə Biləsuvar rayonunun Qoşa-Təpə gömrük məntəqəsinin yaxınlığından keçən şose yolunun kənarında gizlədilmiş  bağlamanı götürərkən  Azərbaycan Respublikasının vətəndaşı Əliyev Rövşən Tofiq oğlu sərhədçilər tərəfindən saxlanılmışdır. Bağlamada 3819,7 qram tiryək və 3544,2 qram qurudulmuş marixuana aşkar edilmişdir.

- 15.01.16-cı il tarixdə Azərbaycan Respublikasının vətəndaşları Abdullayev Murad Akif oğlu, Əsədov Səyyad Müzəffər oğlu, Məhərrəmov Vilayət Ziyad oğlu cinayət əlaqəsinə girərək İran İslam Respublikasından Füzuli rayonunun ərazisində dövlət sərhədini pozarkən sərhədçilər tərəfindən yaxalanmışlar. Yoxlama zamanı üzərlərində 21,859 qr heroin, 24,943 qr tiryək, 1035,0 qr qurudulmuş marixuana, 1974 qr həşiş qətranı aşkar edilmişdir.

- 25.02.2016-cı il tarixdə Biləsuvar rayonunun ərazisində dövlət sərhədinin pozulmasının qarşısı alınarkən cinayətkarlar yüklərini ataraq geri - İran İslam Respublikasına qaça bilmişlər. Baxış zamanı hadisə yerində bağlamada 2685 qr heroin, 2980 qr tiryək, 97,34 qr metamfetamin aşkar edilmişdir.

- 09.01.2016-cı il tarixdə Biləsuvar rayonunun Qoşa-Təpə gömrük məntəqəsinin yaxınlığından keçən şose yolunun kənarında gizlədilmiş  bağlamanı götürərkən  Azərbaycan Respublikasının vətəndaşları Əskərov Mübariz Müqabil oğlu, Məmmədzadə Anar Qürbətəli oğlu sərhədçilər tərəfindən saxlanılmışdır. Bağlamada 1010 qram qurudulmuş marixuana aşkar edilmişdir.

- 28.05.2016-cı il tarixdə “Astara” sərhəd nəzarəti məntəqəsində İran İslam Respublikasından Azərbaycana keçən Azərbaycan Respublikasının vətəndaşı Məlikov Rauf Əmir oğlu şübhəli şəxs gismində saxlanılmışdır. Baxış nəticəsində hər iki ayaqqabısının içərisində gizlədilmiş 140 qram heroin aşkar edilmişdir.

-  05.05.2016-cı il tarixdə Biləsuvar rayonunun ərazisində dövlət sərhədinin pozulmasının qarşısı alınarkən cinayətkar yükünü ataraq geri - İran İslam Respublikasına qaça bilmişdir. Baxış zamanı hadisə yerində bağlamada 470 qram heroin və 1485 qram tiryək aşkar edilmişdir.

- 10.05.2016-cı il tarixdə Yardımlı rayonunun ərazisində dövlət sərhədinin pozulmasının qarşısı alınarkən cinayətkar yükünü ataraq geri - İran İslam Respublikasına qaça bilmişdir. Baxış zamanı hadisə yerində bağlamada 965 qram heroin aşkar edilmişdir.

- 07.06.2016-cı il tarixdə Biləsuvar rayonunun ərazisində dövlət sərhədinin pozulmasının qarşısı alınarkən cinayətkar yükünü ataraq geri - İran İslam Respublikasına qaçmışdır. Baxış zamanı hadisə yerində bağlamada 1 kq heroin, 1kq 895 qr tiryək, 450 həb psixotrop maddə metadon aşkar edilmişdir.

- 20.06.2016-cı il tarixdə Xəzər dənizində sahilə yaxın məsafədə balıqçılardan butulkanın içində saxlanılmış 590 qram  müxtəlif narkotik vasitə götürülmüşdür.

Bütün faktlar üzrə DSX tərəfindən cinayət işləri qaldırılmışdır.

   Ənənəvi tədbirlər sırasında Dövlət Komissiyasının  iş planına uyğun  cari ildə sərhədyanı meşə və çöllük  sahələrində  yabanı bitən Yardımlı rayonunda 10600 kiloqram xaş-xaş, Ağstafa rayonunda 675 kiloqram çətənə kolları və Lerik rayonunun dağ massivində xüsusi aqrotexniki qaydada becərilmiş 9844 xaş-xaş kolları polis, ərazi icra və bələdiyyə nümayəndələrinin iştirakı ilə məhv edilmişdir.

   Bunlarla yanaşı, Dövlət Sərhəd Xidməti tərəfindən xidməti ərazidə yaşayan əhali, xüsusilə gənclərin arasında narkomaniyanın ziyanı barədə təbliğat işi aparılır, gənclərin asudə vaxtlarının səmərəli keçməsi məqsədilə “Sərhəd” hərbi-idman oyunları keçirilir.

    Gənclər və İdman Nazirliyi ilə birgə hərbi hisəsələrdə şəxsi heyət arasında “Narkomanlığa qarşı mübarizə” devizi altında müxtəlif profilaktik tədbirlər davam etdirilir, hərbi hissələrdə “Açıq qapı” və “Valideyn” günləri təşkil olunur.




Baxılıb: 787