Narkomaniyaya qarşı mübarizədə hansı nəticələr əldə edilib?

      Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizənin güclənməsinə xidmət edən qanunvericilik bazasının təkmilləşdirilməsinə, beynəlxalq əməkdaşlığın genişləndirilməsinə, hüquq mühafizə orqanlarının fəaliyyətinin effektivliyinin artırılmasına böyük diqqət yetirilir. Ölkəmizdə narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıqla mübarizə sahəsində dövlət siyasətinin strateji istiqamətləri müəyyən olunub, təşkilati-hüquqi və praktik tədbirlər həyata keçirilib. Prezident İlham Əliyevin 28 iyun 2007-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət Proqramı (2007-2012-ci illər)” buna əyani sübutdur. Bununla yanaşı, dövlət başçısının 24 iyun 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı” da qəbul edilib. Proqramın əsas məqsədi ölkədə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizənin gücləndirilməsi, antinarkotik təbliğat, maarifləndirmə yolu ilə narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısının alınması, narkomanlığa düçar olmuş şəxslərin müalicə edilməklə sağlam həyata qaytarılması, müalicə-bərpa sahəsindəki fəaliyyətin daha da müasirləşdirilməsi, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, cəza tədbirlərinin səmərəliliyinin öyrənilməsi üçün elmi və praktik araşdırmaların aparılması, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsindən ibarətdir.

    Xətai Rayon İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı  mübarizə üzrə Komissiyası öz fəaliyyətini uğurla davam etdirir. Əvvəlki illərdə olduğu kimi, bu ilin hesabat dövründə də tədbirlər planı təsdiq edilib. Tədbirlər planına uyğun olaraq rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarda, təhsil və səhiyyə ocaqlarında  narkomanlığın cəmiyyətə və insanların sağlamlığına vurduğu ziyan barədə təbliğat və kompleks profilaktik tədbirlər həyata keçirilib, ayrı-ayrı kollektivlərdə “dəyirmi masa”lar təşkil edilib. Eyni zamanda narkomalıqla bağlı hüquq pozmalara meyilli olan yetkinlik yaşına çatmayanların, yaşayış yerləri, işlədiyi və ya təhsil aldığı  inzibati ərazilər üzrə, polis orqanları, təhsil işçiləri, əmək kollektivləri, bələdiyyələr arasında əlaqələr genişləndirilib və müntəzəm olaraq  maarifləndirmə aparılıb.

     Rayonun yeniyetmə və gəncləri arasında narkomanlığın  yayılmasının qarşısının alınması və narkotik vasitələrin  qanunsuz dövriyyəsinə  qarşı  mübarizə komissiyanın daim diqqət mərkəzində olub. Bu məqsədlə rayon məktəblərində keçirilən tədbirlərdə komissiyanın üzvləri, rayon Gənclər və idman idarəsinin, polis bölmələrinin əməkdaşları tərəfindən gənclər və yeniyetmələrə narkomaniyaya qarşı mübarizə hissi aşılanıb. Rayon ərazisində olan 17, 64, 138 və 269 saylı orta məktəblərdə “Narkomaniya nədir?”, “Narkomaniya və QİÇS-in yaranma səbəbləri” və s. mövzularda  maarifləndirici tədbirlər keçirilib, fotostendlər hazırlanaraq nümayiş etdirilib. Bu kimi tədbirlər 2016-cı ilin 6  ayında rayon ərazisində yerləşən mədəniyyət evləri, musiqi məktəbləri, kütləvi kitabxanalarda və YAP Xətai rayon təşkilatının inzibati binasında da təşkil edilib.

     Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğun “Yetkinlik yaşına  çatmayanlar və gənclər  arasında  narkomanlığın  qarşısının alınması üzrə profilaktiki tədbirlərin  gücləndirilməsinə dair” 5 noyabr 2008-ci il tarixli  göstərişindən irəli gələn tələblərin icrası ilə bağlı Xətai rayonu ərazisində yerləşən 17, 29 və 171 saylı orta məktəblərin 8-11 sinifləri üçün “Narkotiklər gəncliyi məhv  edir” mövzusunda  dərslər tədris edilib və bu istiqamətdə tədbirlər davam etdirilir.

     Xətai Rayon Polis İdarəsində (RPİ) müvafiq tədbirlər planı hazırlanaraq icraya yönəldilib, aidiyyəti struktur qurumların və ərazi polis bölmələrinin rəislərindən qarşıya qoyulmuş vəzifələrin təmini tələb olunub. 2015/2016-cı tədris illərində Xətai RPİ-nin, İTŞ-nin YYÇ-in bölməsinin əməkdaşları və ərazi polis orqanlarında Narkotiklərlə Mübarizə Bölməsi (NMB) əməkdaşları tərəfindən və tam orta məktəblərin müəllim və kollektivləri tərəfindən narkomaniyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi istiqamətində maarifləndirmə işləri aparılıb. Keçirilmiş tədbirlər nəticəsində 2016-cı ilin 6 ayı ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində müəyyən müsbət nəticələr əldə olunub.     Xətai RPİ-nin inzibati ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 33 fakt, 18 satış aşkarlanıb. Qanunsuz dövriyyədən 24 kq 192 qr narkotik vasitə, o cümlədən 24 kq 111 qr marixuana, 79 qr heroin və 1 qr həşiş çıxarılıb. Ümumilikdə 24 kq 192 qr narkotik vasitə, o cümlədən 24 kq 111 qr marixuana, 79 qr heroin və 1 qr həşiş dövriyyədən çıxarılıb.

 

Qafur Rəhmanov,

Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini,
Narkomanlığa və narkotik vasitələrin qanunsuz
dövriyyəsinə qarşı mübarizə üzrə Komissiyanın sədri




Baxılıb: 1043