“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı” uğurla icra olunmaqdadır

     Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu siyasət nəticəsində problemə dəyişən şəraitə və tələblərə uyğun yanaşılması dövlətin əsas prioritetlərindən birinə çevrilmiş,  narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı qətiyyətli mübarizənin təmin edilməsi məqsədi ilə sayca dördüncü “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının  qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı” qəbul edilmişdir.

      Dövlət Proqramı ölkədə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsinə, antinarkotik təbliğat, narkotiklərin qanunsuz alınması, narkomanlığa düçar olmuş şəxslərin müalicə edilməklə, sağlam həyata qaytarılması, müalicə-bərpa sahəsindəki fəaliyyətin müasir dövrün tələblərinə uyğunlaşdırılması, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, cəza tədbirlərinin səmərəliliyinin öyrənilməsi üçün elmi və praktik araşdırmaların aparılması, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi və digər genişmiqyaslı məsələlərin həllinə  əhəmiyyətli təsirini göstərmişdir.

     Eyni zamanda ölkəmizin narkotiklərlə mübarizə üzrə beynəlxalq təşəbbüslərdə iştirakı daha intensiv xarakter almış, həmçinin narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıqla mübarizə sahəsində dövlət siyasətinin strateji istiqamətləri müəyyən edilmişdir.

      Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə sahəsini tənzimləyən normativ-hüquqi baza təkmilləşdirilmiş, beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində müvafiq işlər görülmüşdür. Belə ki, problemlə mübarizənin gücləndirilməsi üçün qanunvericilik bazası tamamilə təkmilləşdirilmiş, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə sahəsindəki münasibətləri tənzimləyən və ya bu sahə ilə bağlı olan 29 Qanun, Azərbaycan Respublikası Prezidentinin 13 Fərmanı, 40 Sərəncamı, Nazirlər Kabinetinin 22 qərarı, 5 sərəncam, Ali Məhkəmənin Plenumunun qərarları, o cümlədən müxtəlif orqanların birgə aktları qəbul edilmişdir.

     Hüquq-mühafizə orqanları müasir telekommunikasiya və informasiya vasitələrinin imkanlarından istifadə etməklə, qanunsuz idxal-ixrac və tranzit daşıma marşrutlarını birlikdə təhlil etmiş və həmsərhəd dövlətlərdəki narkoşəraitin ölkədaxili vəziyyətə təsirini nəzərə alaraq, adekvat tədbirlər görmüş, həmçinin narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilməsinin qarşısının alınması üçün bir sıra qabaqlayıcı profilaktik və əməliyyat-axtarış tədbirləri həyata keçirmişlər.

     2016-cı ilin 5 ayı ərzində narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 1439 fakt aşkar edilmişdir ki, onlardan 375-i satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, 1006-sı satış məqsədi olmadan narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını qanunsuz olaraq əldə etmə və saxlama, 43-ü qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya etmə, 15-i isə digərləri təşkil etmişdir. Aşkar edilmiş faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 1 ton 520 kq 018,497 qr müxtəlif növ narkotik vasitələr müsadirə olunmuşdur.

     Müsadirə olunan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının 294 kq 108,305 qr marixuana (19,3%), 169 kq 501,11 qr tiryək (11,2%), 1 ton 037 kq 427,41 qr heroin (68,2%), 16 kq 290,255 qr həşiş (1,1%), 2 kq 488, 884 qr digərləri (0,2%), 154,220 qr psixotrop maddələr və 11828 ədəd həb təşkil etmişdir.

      Həmçinin “Xaş-Xaş 2016” şərti adı altında həyata keçirilən tədbirlər nəticəsində qəsdən əkilib-becərilən və yabanı halda bitmiş 56 kq 399,885 qr narkotik tərkibli bitkilər yaşıl kütlə halında aşkar olunaraq məhv edilmişdir.

      Cinayət məsuliyyətinə 850 nəfər cəlb edilmişdir ki, onlardan 1-i 18 yaşadək, 63-ü 18 -25 yaşadək, 149-u 30 yaşadək, 637-si 30 yaşdan yuxarı, 7-si fəhlə, 3-ü qulluqçu və ya maddi məsul şəxs, 754-ü  işləməyənlər, 840-ı kişilər, 10-u qadınlar,10 nəfəri isə xarici ölkə vətəndaşları olmuşdur.

      Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 31.12.2015-ci il tarixinə olan məlumatına əsasən, Mərkəzdə 28.555 nəfər qeydiyyatda olmuşdur ki, onlardan 23.153 nəfəri dispanser, 5.402 nəfəri profilaktik qeydiyyatda olanlardır. Onlardan 592 nəfəri qadın, 158 nəfəri toksikoman, 20.036 nəfəri (437 nəfər qadın) inyeksion narkotik istifadəçiləridir. 2015-ci ildə 2.017 nəfər yeni qeydiyyata götürülmüş, 2.118 nəfər isə qeydiyyatdan çıxarılmışdır.

     Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 6 oktyabr tarixli 181 nömrəli qərarı ilə  təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası”nın və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə  üzrə  Dövlət  Komissiyasının  2012-ci il tarixli 1 nömrəli Sərəncamının tələblərinə uyğun olaraq, Dövlət Komissiyasının sədrinin müvafiq göstərişlərinə əsasən, İşçi Qrupunun təşkilatçılığı ilə ötən ilin may və dekabr aylarında müsadirə edilmiş külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını Məhvetmə Komissiyası tərəfindən Bünyad Sərdarov adına Maşınqayırma Zavodu”nun inzibati ərazisində 207 məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı qəbul edilmiş 469 kq-dan artıq müxtəlif növ narkotik vasitələr, 4719 ədəd psixotrop maddə və əlavə olaraq 2586 ədəd çətənə kolu aidiyyəti təşkilatların və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə yandırma yolu ilə məhv edilmişdir.

      Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənovun müvafiq göstəriş və tapşırıqlarına əsasən Dövlət Komissiyasının İşçi Qrupu Dövlət Proqramının icrasını daim diqqət mərkəzində saxlayaraq, narkotik vasitələrin qanunsuz döviryyəsinə və narkomanlığın yayılmasına qarşı mübarizə sahəsində fəaliyyət göstərən qurumların koordinasiyasını təşkil etməklə, antinarkotik təbliğata xüsusi önəm vermiş, həyata keçirilən tədbirlər nəticəsində narkotiklərlə mübarizə sahəsində müsbət nəticələr əldə edilmiş, həmçinin maarifləndirmə işlərinin əhatəsi  genişləndirilmişdir.

    Dövlət Komissiyasının İşçi Qrupu narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, onların prekursorlarının qanunsuz idxalı, ixracı, tranzit nəqli və istehsalı ilə bağlı vəziyyəti təhlil etməklə hər rübdə məruzə hazırlamış, eyni zamanda aidiyyəti nazirlik, komitə və digər təşkilatlar tərəfindən görülmüş işlər barədə verilən hesabatlar, ölkə üzrə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair rüblük statistik göstəricilər (ötən dövr üzrə müqayisəli şəkildə qrafik və diaqramalar formasında) ümumiləşdirilərək aidiyyəti üzrə təqdim olunmasını təmin etmişdir.

    Eyni zamanda Dövlət Proqramına müvafiq olaraq, Dövlət Komissiyasının İşçi Qrupu fəaliyyətin əhatəsinin genişləndirilməsi məqsədilə şəhər/rayon komissiyaları ilə birgə profilaktik tədbirlər, konfranslar, seminarlar, praktik təlimlər həyata keçirir və fəaliyyətin effektivliyini artırmaq üçün yerlərdə bu istiqamətdə çalışan əməkdaşlara metodik tövsiyələr verir. Belə ki,  narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslər arasında aparılan profilaktik tədbirlərin keyfiyyətinin və həmin tədbirləri icra edənlərin peşəkarlığının artırılması məqsədi ilə Dövlət Komissiyasının İşçi Qrupu respublikanın bir çox şəhər və rayonlarında seminar-müşavirələr keçirmişdir.

    Bundan əlavə, narkomanlıqla mübarizə sahəsində maarifləndirmə tədbirlərinin aparılması məqsədilə təlimçilər hazırlanması üçün Dövlət Komissiyasının İşçi Qrupu aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə respublikanın bir çox şəhər və rayonlarında yerli komissiyaların üzvləri, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi və uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu, orta təhsil məktəblərinin direktor müavinləri (təlim-tərbiyə işləri üzrə), psixoloqları və tibb işçiləri üçün təlim-məşğələlər keçirmiş və təlimçilər zəruri əyani vəsaitlərlə (o cümlədən diskə daxil edilmiş elektron variantda da əlavə olunmaqla) təmin edilmişdir.      

     2016-cı ildə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə Dövlət Komissiyasının İşçi Qrupu arasında “Tədbirlər Planı” təsdiq edilmiş və tərtib olunmuş qrafikə uyğun olaraq artıq 11 cəzaçəkmə müəssisəsində cəza çəkən şəxslər arasında antinarkotik təbliğat işinin daha da gücləndirilməsi məqsədilə narkotiklərlə bağlı cinayət hadisələrinin profilaktikasından, eyni zamanda narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı və törətdiyi sosial bəlalar barədə ətraflı məlumatlar verilməklə təbliğat və maarifləndirmə xarakterli tədbirlər keçirilmişdir.

      Eyni zamanda narkomanlıqla mübarizə sahəsində profilaktik fəaliyyətin təsirliliyini artırmaq, ictimai maarifləndirmə tədbirlərini gücləndirmək və sağlam həyat tərzini təbliğ etmək məqsədilə tanınmış idman ustalarının iştirakı ilə mövzuya həsr olunmuş “Narkomaniyanın hədəfinə çevirilməmək naminə sağlam həyat tərzi seçin!” adlı yeni sosial rolik hazırlanmış və cari il ərzində geniş kütlə arasında təbliği istiqamətində müvafiq işlər görülmüşdür.

       Belə ki,  ictimai maarifləndirmə işinin davamlılığını təmin etmək məqsədilə hazırlanmış sosial roliklər cari il ərzində də “Park Bulvar” Alış Veriş Mərkəzinin, “MetroPark” və “28 Mall” Ticarət və Əyləncə Mərkəzinin monitorları vasitəsilə hal-hazırkı müddətə qədər nümayişi  davam etdirilir.

     Dövlət Komissiyasının İşçi Qrupunun təşəbbüsü ilə 26 iyun - BMT-nin Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar ənənəvi olaraq,  yerli komissiyalar tərəfindən hər il olduğu kimi, bu ildə respublikanın bütün şəhər və rayonlarında maarifləndirici silsilə tədbirlər keçirilmiş və təşkil olunan tədbirlər barədə məlumatlar (foto və video görüntülər də əlavə olunmaqla) Dövlət Komissiyasının rəsmi internet səhifəsində yerləşdirilmişdir.

    Bundan əlavə, narkomanlıqla mübarizə sahəsində profilaktik fəaliyyətin təsirliliyini artırmaq, ictimai maarifləndirmə tədbirlərini gücləndirmək və sağlam həyat tərzini təbliğ etmək məqsədilə “Narkomaniyanın hədəfinə çevirilməmək naminə sağlam həyat tərzi seçin!” adlı videoçarx Bakı şəhəri üzrə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin 450 avtobus dayanacaqlarında yerləşən informasiya terminal monitorlarında cari ilin 13 iyun tarixindən 30 gün müddətinə işıqlandırılmışdır.

       Eyni zamanda yuxarıda qeyd olunan sosial çarx cari ilin 14 iyun tarixindən etibarən Bakı şəhərinin 15 elektron reklam tablosunda nümayiş olunmaqdadır.

      Görülən işlərin davamı olaraq, “Narkomaniyaya birlikdə yox deyək” adlı xüsusi loqo cari ilin 24-28 iyun tarixlərində Bakı şəhəri üzrə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin elektron informasiya tablolarında göstərilmişdir.

     Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planına müvafiq olaraq, cari ilin 23 iyun tarixində Gənclər və İdman Nazirliyinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun birgə təşkilatçılığı ilə 26 iyun-Narkotik maddələrin sui-istifadəsinə və qanunsuz dövriyyəsi ilə beynəlxalq mübarizə gününə həsr edilmiş “Narkomaniya ilə mübarizədə gənclər təşkilatlarının rolu” mövzusunda konfrans keçirilmişdir.

      Həmçinin ictimai təbliğat işinin genişləndirilməsi məqsədilə xüsusi şüarlar əks olunan lövhələr Bakı şəhərinin Yasamal, Nəsimi, Xətai, Binəqədi, Nizami, Nərimanov rayonlarının ərazisində ümumilikdə 10 mərkəzi küçədə quraşdırılmış və uzunmüddətli nümayişi nəzərdə tutulmuşdur.

      Narkomanlıqla mübarizə sahəsində profilaktik fəaliyyətin təsirliliyini artırmaq və sağlam həyat tərzini təbliğ etmək və bu işdə sosial reklamların (bilbordların) mühüm rol oynadığını nəzərə alaraq, Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış üzərində xüsusi şüarlar əks olunan sosial lövhələr “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin “Memar Əcəmi”, “Koroğlu”, “Gənclik”, “Nəriman Nərimanov”, “Sahil”, “20 Yanvar”, “Nəsimi”, “İnşaatçılar”, “Qara Qarayev” və “Xalqlar Dostluğu” stansiyalarında quraşdırılmışdır.

    Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planına müvafiq olaraq, Dövlət Komissiyasının müasir informasiya texnologiyalarının imkanlarından istifadə etməklə sağlam həyat tərzinin təbliği ilə bağlı zəruri bildiriş və əlaqə vasitələri (DK İşçi Qrup: Gələcəyinizi düşünün, özünüzü və yaxınlarınızı narkomaniyadan qoruyun! www.nmdk.gov.az, DİN 012/590-21-10, RNM 012/372-91-88) cari ilin 23 iyun tarixindən etibarən “Azerfon” MMC mobil rabitə operatoru tərəfindən 7 gün ərzində təqribən 1,5 milyon abunəçisinə SMS vasitəsilə ünvanlanmış, həmçinin mərhələli qaydaya uyğun olaraq eyni mətnli SMS “Bakcell” mobil operatoru tərəfindən isə cari ilin 5 iyul tarixindən etibarən 4 gün ərzində 2 milyon abunəçisinə göndərilmiş, bundan əlavə qeyd olunan sosial bildiriş “Azercell Telekom MMC” tərəfindən cari ilin 11 iyul tarixindən başlayaraq 11 gün ərzində təqribən 3 milyondan çox abunəçiyə  göndərilməsi təmin edilmişdir.

       Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının internet saytı təkmilləşdirilmiş və eyni zamanda bu sahədə aparılan işlər və bu bəlaya düçar olmamağın yolları barədə internet səhifələrində (xüsusilə sosial şəbəkələrdə) təbliğat aparılması məqsədilə Dövlət Komissiyasının feysbuk səhifəsi mütəmadi olaraq yenilənir.

     Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən cari il ərzində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə bağlı vəziyyət barədə sorğuların keçirilməsi, həmçinin müxtəlif yaş qrupları arasında narkomanlığın yayılma dərəcəsini aşkarlamaq məqsədilə sosial araşdırmaların aparılması nəzərdə tutulmuşdur.

     Bundan əlavə, narkomanlıq və onun fəsadları barədə kütləvi informasiya vasitələrində daha dolğun məlumatların, müəllif yazılarının hazırlanması məqsədi ilə narkomanlığın spesifik cəhətləri ilə bağlı jurnalistlər üçün təlim kurslarının təşkili planlaşdırılmışdır.

     Beləliklə, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində dövlət siyasətinin həyata keçirilməsini, aidiyyəti orqanların və ictimai birliklərin fəaliyyətinin əlaqələndirilməsini, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının  qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrasını daim nəzarətdə saxlayır.

Fəqan Şahverdiyev,

Narkomanlığa və Narkotik 
Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı
Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri




Baxılıb: 1932