132 kq-dan çox narkotik vasitə və psixotrop maddə dövriyyədən çıxarılıb

    Narkotiklərin yaratdığı potensial təhlükənin qarşısını almaq və bu sahədə sistemli, qətiyyətli işlərin görülməsi məqsədilə ölkə rəhbərliyi tərəfindən ardıcıl proqramlar qəbul edilərək uğurla icra olunmuşdur. Ölkə başçısının 2013-cü il iyunun 24-də imzaladığı “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı” uğurla icra edilir.

    Gömrük sərhədindən narkotiklərin qanunsuz keçirilməsinin qarşısını almaq məqsədilə gömrük orqanları tərəfindən (o cümlədən digər hüquq-mühafizə orqanları ilə birlikdə) görülmüş qətiyyətli tədbirlər nəticəsində 2016-ci ilin 9 ayı ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar 89 fakt aşkar olunmuşdur. Bu faktlar üzrə  ümumilikdə 1 ton 132 kq-dan çox narkotik vasitə və psixotrop maddə, o cümlədən 6 kq 528 qram tiryək, 1 kq  659 qram marixuana, 11 kq 324 qram həşiş,  1 ton 112 qram heroin, eləcə də 106 qramdan çox müxtəlif narkotik vasitə və psixotrop maddələr dövriyyədən çıxarılmışdır. Görülmüş tədbirlər nəticəsində 117 nəfər saxlanmışdır ki, bunlardan 105-i kişi və 12-i qadın olmuşdur. Saxlanılanlar arasında 80 Azərbaycan vətəndaşı və 30 xarici vətəndaş (22 İran, 2 Belarus, 1 Rusiya, 1 Gürcüstan, 1 Hindistan, 1 Pakistan, 1 Tacikistan və 1 Türkiyə vətəndaşı) barəsində müvafiq tədbirlər görülmüş, 23 halda bu əməlləri törədən cinayətkar dəstə ifşa edilmişdir.

    Narkotik maddələrin qanunsuz olaraq ölkə ərazisinə daxil olmasının və keçirilməsinin qarşısını almaq üçün Dövlət Gömrük Komitəsi əməkdaşları tərəfindən bir çox uğurlu tədbirlər həyata keçirilmişdir. Belə ki, 17 mart 2016-cı il tarixində daxil olmuş məlumat əsasında və “HCVC 6032” markalı stasionar rentgen qurğusunun köməkliyi ilə Samur gömrük postunda Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi yük avtomobilinə keçirilmiş baxış nəticəsində qoşqunun orta hissəsindəki 1800 ədəd kişmiş qutularından 114-də 468 kq-dan çox heroin aşkar olunmuşdur. Araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, həmin narkotiklər İran - Azərbaycan - Ukrayna marşrutu üzrə daşınırdı.

     17 aprel 2016-cı il tarixində daxil olmuş məlumat əsasında və “HCVG” markalı stasionar rentgen qurğusunun və kinoloji xidmət itinin köməkliyi ilə Astara gömrük sərhəd buraxılış məntəqəsində Belarus vətəndaşının idarə etdiyi yük avtomobilinə keçirilmiş baxış zamanı qoşqudakı 100 ədəd karton qutuların içindəki 1000 ədəd kişmiş qutularında 505 kq-dan çox heroin aşkar edilmişdir. Narkotiklər İran - Azərbaycan - Belçika marşrutu üzrə daşınırdı. 

    14 avqust 2016-cı il tarixində daxil olmuş məlumat əsasında və “HCVG” markalı stasionar rentgen qurğusunun və kinoloji xidmət itinin köməkliyi ilə Astara gömrük sərhəd buraxılış məntəqəsində Tacikistan vətəndaşının idarə etdiyi yük avtomobilinə keçirilmiş baxış zamanı qoşqunun döşəmə hissəsində xüsusi olaraq dəmir konstruksiyadan döşəmənin sağ və sol hissəsində düzəldilmiş iki gizli saxlanc yerində ümumilikdə cəmi 137 ədəd dörüdkünc formalı paketlərdə 137 kq-dan çox heroin aşkar edilmişdir. Həmin narkotiklər İran - Azərbaycan - Gürcüstan - Ukrayna marşrutu üzrə daşınırdı.

    Dövlət Gömrük Komitəsi tərəfindən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin qarşısının alınması üzrə mövcud qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə 17-22 mart 2016-cı il tarixlərində Avstriyanın paytaxtı Vyana şəhərində keçirilən BMT-nin İqtisadi və Sosial Şurasının Narkotik Vasitələr üzrə Komissiyasının 59-cu sessiyasında narkotiklərə nəzarət üzrə müvafiq beynəlxalq konvensiyalarla təsdiq olunmuş siyahılara daxil edilməsi qərara alınmış asetil-fentanil, MT-45, para-metoksimetil-amfetamin (PMMA), a-pirrolidinovalero-fenon (a-PVP), para-metil-4-metilaminoreks (4,4-DMAR), metoksetamin (MXE) və fenazepam adlı maddələrin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin siyahıları”na daxil edilməsi barədə təkliflə çıxış edilmiş və bu maddələrin qeyd olunan siyahılara əlavə olunması üzrə prosedurlar davam etdirilməkdədir.

     Gömrük orqanlarının şəxsi heyətinin biliklərinin, peşəkarlığının və sayıqlığının artırılması məqsədilə “Narkotiklərə Qarşı Təbliğat” İctimai Birliyi tərəfindən hazırlanmış “Narkotiklər haqqında faktları öyrən” adlı kitabçalar, Əfqanıstan İslam Respublikası Daxili İşlər Nazirliyinin Antinarkotik Polisi, Tacikistan Respublikası Prezidenti yanında Narkotiklərə Nəzarət üzrə Agentlik, Mərkəzi Asiya Regional İnformasiya Əlaqələndirmə Mərkəzi və BMT-nin Qazaxıstandakı Proqram Ofisi tərəfindən birgə hazırlanmış “Heroin qablaşdırmaları üzərində olan ştamplar və digər markalanmalar üzrə məlumat kitabları” yerli gömrük orqanlarına təqdim edilmişdir. 

    Dövlət  Gömrük  Komitəsi  Kinoloji  Mərkəzi  tərəfindən Nazirlər Kabinetinə edilmiş müraciət əsasında narkotik axtarışı üzrə xidməti itlərin təlimlərində istifadə olunması məqsədi ilə ehtiyac yarandıqca Müsadirə edilmiş narkotik  vasitələri, psixotrop  maddələri və onların prekursorlarını məhvetmə komissiyasından tiryək, həşiş qətranı, heroin, qurudulmuş marixuana və digər narkotik maddələr əldə edilir.

   Komitə əməkdaşları cari ilin 26-28 aprel tarixlərində Perunun Lima şəhərində Amerika Birləşmiş Ştatları Ədliyyə Departamentinin Narkotiklərlə Mübarizə İdarəsi (DEA) tərəfindən təşkil olunmuş 33-cü Narkotiklərlə Mübarizə üzrə Beynəlxalq Konfransda (IDEC), 16-27 may tarixlərində Malayziya Krallığında təşkil olunmuş Yüksək rütbəli gömrük zabitləri üçün narkotik vasitələrin aşkarlanması və narkotikə qarşı mübarizə qanunları barədə Beynəlxalq Təlimdə, 20 iyun-10 iyul tarixlərində Çin Xalq Respublikasının Şanxay şəhərində təşkil olunmuş “İnkişaf etməkdə olan ölkələr üçün qaçaqmalçılığa qarşı hüquq-mühafizə fəaliyyəti” mövzusunda seminarda, 16-18 avqust tarixlərində Avstriyanın Vyana şəhərində Narkotik Vasitələrə Nəzarət üzrə Beynəlxalq Şura (INCB) tərəfindən həyata keçirilən “Mərkəzi və Qərbi Asiyada turşu anhidrid və prekursor qaçaqmalçılığı ilə bağlı məlumat mübadiləsi” adlı layihə çərçivəsində “Gömrük məlumatları, profilləmə və məlumat sistemlərindən istifadə” mövzusunda keçirilmiş seminarda iştirak edərək bunlardan bir çoxunda Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində narkotik tərkibli bitkilərin əkilməsi, onların istehsalı, tranziti, terrorçuluğun maliyyələşdirilməsi, çirkli pulların yuyulması və onunla əlaqəli digər cinayətkarlıq növlərinin yayılması hallarına beynəlxalq ictimaiyyətin diqqətinin cəlb edilməsi üçün müvafiq təqdimatlar edilərək bu məsələ ətrafında ətraflı çıxışlar etmişlər.

    Bununla yanaşı, beynəlxalq əməkdaşlıq çərçivəsində “CENcomm” sistemində MDB-yə üzv dövlətlər arasında məlumat mübadiləsi məqsədilə “CIS” platformasının yaradılmasına dair razılıq əldə olunmuş və Dövlət Gömrük Komitəsi əməkdaşlarının həmin platformaya girişi təmin edilmişdir. Ümumdünya Gömrük Təşkilatının hüquq-mühafizə şəbəkəsi olan “CEN”-ə Azərbaycan Respublikası gömrük orqanları tərəfindən aşkar edilmiş narkotiklərin qanunsuz dövriyyəsi faktları haqqında məlumatlar daxil edilmiş və Narkotik vasitələrə nəzarət üzrə Beynəlxalq Şuranın layihəsi olan “PİCS” (prekursorların aşkar olunması faktlarına dair əlaqələdnirmə sistemi) sistemindən istifadə davam etdirilmişdir.

Azad Vəliyev,

Dövlət Gömrük Komitəsi Gömrük Sahəsində 
Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin böyük inspektoru 




Baxılıb: 1064