Hacıqabulda narkomaniyaya qarşı mübarizə geniş vüsət alır

   Azərbaycan Respublikası Prezidentinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi barədə imzaladığı sərəncamı insanları sağalmaz xəstəliklərə düçar edən bu dəhşətli bəlaya qarşı mübarizə sahəsində atılmış ən xeyirxah addım kimi dəyərləndirmək gərəkdir. Sərəncamda bəşəriyyətin bu dəhşətli bəlasına qarşı ayrı-ayrı dövlət strukturlarının, qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin, hüquq- mühafizə orqanlarının, təhsil və səhiyyə sisteminin birgə mübarizə aparması, onun qismən də olsa yayılmasının və kütləvi hal almasının qarşısının qətiyyətlə alınması təxirəsalınmaz bir vəzifə kimi qarşıya qoyulub.

   Respublikamızda narkomaniyaya qarşı mübarizə sahəsində ölkə Prezidenti İlham Əliyevin təsdiq etdiyi bir sıra proqramlar və həmçinin  “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Azərbaycan Respublikasının 18 iyun 2009-cu il tarixli Qanunu ilə bağlı Hacıqabul Rayon İcra Hakimiyyətində yaradılmış Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyasına rayonun hüquq mühafizə orqanlarının, Gənclər və İdman İdarəsinin, Təhsil, Mədəniyyət və Turizm şöbələrinin nümayəndələri daxil edilmişdir. Komissiya aidiyyəti dövlət orqanları ilə birlikdə narkomanlığın yayılmasının qarşısının alınması istiqamətində görülmüş işlərin təhlilini müzakirə olunması məqsədilə  dəyirmi masalar keçirmiş, rayon Təhsil, Gənclər və İdman İdarələri ilə birgə narkomanlığı profilaktikası istiqamətində işin daha da gücləndirilməsi üçün Tədbirlər Planı hazırlayaraq təsdiq etmişdir.

   2016-cı ilin 11 ayı ərzində keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində Hacıqabul RPŞ-si tərəfindən narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi ilə bağlı 48 cinayət faktı qeydə alınmışdır. Bunlardan 7 fakt narkotik vasitələrin qanunsuz satışı, 37 fakt narkotik vasitələrin qanunsuz saxlaması, 4 fakt narkotik vasitələrin  kultivasiyası ilə bağlı olmuşdur. Ümumilikdə keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində 4722.17 qram narkotik vasitə aşkar olunaraq dövriyyədən çıxarılmışdır. Bunlardan 10.021 qram çəkidə narkotik vasitə olan “heroin”, 131946 qram çəkidə narkotik vasitə olan “tiryək”, 4579.536 qram çəkidə narkotik vasitə olan qurudulmuş “marixuana”, 0,667 qr narkotik vasitə olan metadon, 201.305 qram çəkidə kultivasiya edilmiş yaş çətənə kolları aşkar olunaraq götürülmüşdür.

   Hacıqabul rayonu ərazisində narkotik bitkilərin kultivasiya olunmasının və yabanı halda bitməsinin qarşısını almaq məqsədi ilə kompleks əməliyyat-axtarış və profilaktik tədbirlərin həyata keçirilməsi davam etdirilir.

   Hacıqabul rayon Təhsil şöbəsi üzrə 2016-cı ildə rayonun təhsil müəssisələrində narkomaniyaya qarşı mübarizə sahəsində bir çox işlər görmüşlər. 2016-cı ildə rayonun ümumtəhsil məktəblərinin VII-XI sinif şagirdləri arasında “Narkomaniyaya Yox deyək” adlı inşa yazı və rəsm müsabiqələri keçirilmişdir. “Narkomaniya əleyhinə mübarizəni birlikdə aparaq”, “Narkomaniya ilə mübarizə sağlam həyat deməkdir”, “Narkomaniya-ağ ölüm” mövzularında dəyirmi masalar, treninqlər keçirilmişdir.  Rayonun şəhər 1, 2, 5, 6 saylı tam orta məktəblərində “Narkomaniyaya əsrin bəlasıdır”,  3, 4, 8, 9 saylı tam orta məktəblərində “Bəşəriyyətin düçar olduğu bəla”, eləcə də rayonun Muğan, Pirsaat qəsəbə, Navahı qəsəbə 1 saylı, Qarasu, Rəncbər, Talış kənd tam orta məktəblərində “Gəlin, gələcəyimizi qoruyaq!” mövzusunda dəyirmi masalar, Qubalıbalaoğlan, Navahı, Atbulaq kənd tam orta məktəblərində “Narkomaniyanın törətdiyi fəsadlar”  mövzusunda diskussiyalar  keçirilmişdir.

   Uşaq yaradıcılıq Mərkəzinin təşkilatçılığı ilə rayonun ümumtəhsil  məktəblərinin şagirdləri arasında “Narkomaniyaya Yox deyək” devizi altında rəsm müsabiqəsi və “Narkomaniya gələcəyimizin məhvi deməkdir.” mövzusunda rayonun ümumtəhsil məktəblərinin müəllim və şagirdlərinin, hüquq mühafizə orqanlarının əməkdaşlarının birgə iştirakı ilə dəyirmi masalar keçirilmişdir.

   Bundan əlavə, Təhsil şöbəsinin rayon Gənclər və İdman İdarəsi ilə birgə tədbirlər planına müvafiq olaraq rayonun Talış kənd tam orta məktəbində “Narkomaniya əsrin bəlasıdır”, 10 saylı tam orta məktəbdə “Sağlam ol, bir addım öndə ol” müxtəlif səpkili tədbirlər həyata keçirilmişdir.

   Hacıqabul rayon Gənclər və İdman İdarəsində 2016-cı ilin 11 ayı ərzində narkomaniyaya qarşı mübarizə sahəsində bir sıra tədbirlər həyata keçirmişdir.

   “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair” Hacıqabul rayon Mədəniyyət və Turizm şöbəsində Tədbirlər Planı hazırlanmışdır. Tədbirlər planına uyğun olaraq Mədəniyyət müəssisələrində, təhsil müəssisələrində uşaq və yeniyetmələrin iştirakı ilə müxtəlif səpkili mədəni-kütləvi tədbirlər keçirilmiş, şer müsabiqələri, mahnı müsabiqələri təşkil olunmuşdur. Şəhərin folklor klubunda fəaliyyət göstərən dərnək üzvlərinin iştirakı ilə səhnələşdirilmiş “Narkomaniyaya qarşı mübarizə”, “Narkomaniya cəmiyyətin bəlasıdır” devizi altında “Qəribə taleyim və Dələduzlar” adlı tamaşalar nümayiş etdirilmişdir.

    2016-cı ilin 11 ayı ərzində Hacıqabul rayonun Mərkəzi Xəstəxanasında 295 nəfər şəxs  narkoman kimi dispanser qeydiyyatından, 70 nəfər şəxs isə profilaktik qeydiyyata götürülmüşdür. Narkomaniya ilə mübarizə işlərinə nəzarət rayon rəhbərliyinin də diqqətində olmuşdur. Belə ki, İcra Hakimiyyəti Başçısı yanında Şuranın iclaslarında sözügedən məsələ dəfələrlə müzakirə olunmuş və bu sahədə işlərin daha da gücləndirilməsi barədə qərarlar qəbul olunmuşdur.

Ə.Ə.SƏMƏDOV,

Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının birinci müavini,
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə
Qarşı Mübarizə üzrə Komissiyanın sədri




Baxılıb: 1409