Narkomaniyaya qarşı mübarizədə QHT-nin rolu

  Əhalinin sağlamlığının qorunması, o cümlədən gənclərin sosial-mənəvi və fiziki inkişafı dövlətin və cəmiyyətin qarşısında dayanan əsas vəzifələrdən hesab olunur. İnsanların sağlamlığı, eyni zamanda gələcəyimiz olan gənclərin sosial-mənəvi və fiziki cəhətdən inkişafı və sağlam həyat tərzi keçirmələri ilə bağlı müvafiq dövlət qurumları, o cümlədən vətəndaş cəmiyyəti institutları bu istiqamətdə davamlı fəaliyyət göstərir.

  Eyni zamanda bir sıra dövlət qurumlarının bu istiqamətdə fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarına müxtəlif formalarda dəstək göstərməsi həyata keçirilən ümumi fəaliyyətin ictimai faydalılığını daha da artırır. Belə dövlət qurumlarından biri də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasıdır.

  “Narkotik vasitələrin, psixotrop maddələrin və onların  prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq Şuranın üzərinə düşən vəzifələrdən danışarkən ilk növbədə vətəndaş cəmiyyəti nümayəndələri üçün bu istiqamətdə keçirilən maarifləndirici tədbirlərdən və müxtəlif yaş təbəqələri üçün təşkil edilən aksiyalardan bəhs etmək lazımdır. Bu istiqamətdə QHT-lərin aktiv ictimai proseslərə, müxtəlif layihə və proqramların həyata keçirilməsinə cəlb olunması Şuranın qarşısında dayanan əsas vəzifələrdən hesab olunur.

  Başa çatmaqda olan 2016-cı ildə bu istiqamətdə 11 layihəyə Şura tərəfindən ümumilikdə 103.000 manat maliyyə yardımı ayrılmışdır. Narkomaniya əleyhinə fəaliyyət göstərən QHT-lərin bu istiqamətdə təşkil etdiyi tədbirlər əsasən gəncləri əhatə edir. Belə layihələr əsasən gənclərlə işləmək üzrə ixtisaslaşan QHT-lər tərəfindən həyata keçirilir.

  Həyata keçirilən layihələrin icrası bu sahədə dövlətin həyata keçirdiyi siyasətə dəstək ifadə edir, həmçinin narkomaniyaya qarşı mübarizə sahəsində ictimai müqaviməti gücləndirməklə cəmiyyət həyatında yüksək maarifləndirici əhəmiyyət daşıyır. İcra edilmiş layihələr çərçivəsində görülən işlərə ümumilikdə 45 işçi cəlb olunmuş, 5679 nəfər layihələrdə iştirak etmiş və bəhrələnmişdir. Onlardan 2195 nəfəri uşaq və yeniyetmə, 1886 nəfəri gənc, 1598 nəfəri isə digər yaş qrupuna aid insanlardır. Maliyyələşmiş layihələr çərçivəsində 6 təlim, 37 seminar və 11 müxtəlif  tipli tədbir təşkil olunmuş, 7 buklet və 5 sosial çarx hazırlanmışdır. Həmçinin Sabirabad rayonunda gənclərin bədən tərbiyəsinin və fiziki durumlarının inkişafı məqsədilə futbol yarışı təşkil edilmiş və narkomaniya və zərərli vərdişlər əleyhinə 100 nəfər gəncin iştirakı ilə aksiya baş tutmuşdur.

  2017-ci ildə də dövlətin və cəmiyyət tərəfindən narkomaniyaya qarşı həyata keçiriləcək mübarizə tədbirləri çərçivəsində Şuranın qarşısında mühüm vəzifələr dayanır. Dövlət orqanlarının QHT-lərlə birgə həyata keçirdiyi tədbirlər, aparılan monitorinqlər bu sahədə gələcəyə nikbin baxmağa əsas verir. Əminik ki, dövlətin iradəsi, vətəndaş cəmiyyəti institutlarının səyləri nəticəsində cəmiyyəti narahat edən, ayrı-ayrı insanların ciddi probleminə çevrilmiş narkomaniya kimi zərərli vərdişlərə meyillilik getdikcə əhəmiyyətini azaldacaqdır.

  QHT-lərlə davamlı işbirliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası növbəti illərdə də “Narkomaniyaya qarşı mübarizə” mövzusunda vətəndaş cəmiyyətinin təmsilçilərindən yeni, innovativ təkliflər, bu ictimai-sosial təhlükə ilə mübarizədə daha effektiv yanaşma üsulları və tədbirlərin qapalı məkanlardan açıq məkanlara çıxmasını gözləyir.

  Şura ötən dövrlərdə olduğu kimi, bu sahədə bütün tərəfdaş qurumlara dəstək verməyə hazırdır.

Qalib Yaqubov,

Azərbaycan Respublikasının Prezidenti yanında
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası
Katibliyinin məsləhətçisi




Baxılıb: 1593