Narkomaniyaya qarşı mübarizədə vətəndaş həmrəyliyi əsasdır

   XXI əsrdə cəmiyyəti, bəşəriyyəti ən çox narahat edən problemlərdən biri, bəlkə də birincisi, ən mürəkkəbi, sonu faciə ilə nəticələnən narkomaniya problemidir.

   Dünyada milyonlarla, ölkəmizdə isə minlərlə insan “ağ ölüm” adlandırılan bu bəladan əziyyət çəkir. Narkomaniyanın yüksələn xətt üzrə belə inkişafı yaxın gələcəkdə ictimai faciəyə gətirib çıxara bilər. Ən acınacaqlısı da budur ki, dünyanın digər dövlətlərində olduğu kimi, ölkəmizdə də bəzi gənclər və yeniyetmələr arasında narkotiklərə aludəçilik halları artmaqdadır.

   Narkomaniya və narkobizneslə mübarizə uzunmüddətli, çoxşaxəli, çoxlu maliyyə vəsaiti tələb edən dinamik bir prosesdir. Bu problemin ictimai təhlükəliliyi isə ondan ibarətdir ki, bu cinayət həmişə gizli şəraitdə baş verir, nəzarətdən kənarda qalır və durmadan artır, genişlənir.

   SSRİ dövründə yaşadığımız 70 il ərzində ölkəmiz narkomaniya problemi ilə məşğul olmaq, ona qarşı mübarizə aparmaq əvəzinə daha çox bu problemi gizlətməyə, narkotizmin cəmiyyətdə mövcudluğunu inkar etməyə çalışmış və nəticə etibarilə, asılılıq kimi müalicəsi çox çətin başa gələn dəhşətli xəstəliyin yayılmasına səbəb olmuşdur. Narkotiklərlə bağlı cinayətlər haqqında rəsmi statistik məlumatlar ictimaiyyət və kütləvi informasiya vasitələrindən qapalı, gizli saxlanılmışdır.

   Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra bir sıra problemlər kimi, narkotizm probleminə qarşı mübarizə tədbirləri görülməsinin vacibliyi də ön plana çıxmış, bir sözlə, problemə münasibətdə yeni mərhələ başlanmışdır. Şərti olaraq “yeni” adlandırdığımız bu mərhələnin ən uğurlu cəhəti ondan ibarətdir ki, narkotizmə qarşı mübarizədə dövlət orqanları ilə yanaşı, ictimai təşkilatların fəaliyyəti üçün də lazımi şərait yaradılmışdır.

   Azərbaycan Respublikasında narkotizmlə və narkobizneslə mübarizənin əsası ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 18 iyun 1999-cu il tarixli Qanun ilə qoyulmuşdur.

   Bu bəla ilə mübarizə etmək bir o qədər asan deyil. Narkotik maddə alverçiləri yeniyetmə və gənclərin çox olduğu yerlərdə olur, onlara həmin məhsulları təklif edirlər. Pul qazanmaq naminə onlar insanları, xüsusilə uşaqları, yeniyetmə və gəncləri ölümə aparan bu pis vərdişə alışdırırlar.

   Narkotik maddələr müxtəlif çeşidlidir. Daha çox yayılanları isə xaşxaş, tiryək, marixuana, heroin, kokain və sairdir. Son illər kimyəvi laboratoriyalarda hazırlanan yeni sintetik narkotik maddələr meydana gəlmişdir ki, onlar xüsusilə təhlükəlidir.  Çünki birinci dəfədən adamı özünə alışdıra, asılı vəziyyətə sala bilir. Narkotiklərdən asılılıq ağır xəstəliyə- narkomaniyaya gətirib çıxarır. Narkotik maddələr insan sağlamlığına bərpaedilməz ziyan vurur, fiziki qüvvələri tükəndirir, bədənin çəkisi birdən-birə azalır, ümumi zəhərlənmə baş verir.

   Bəşəriyyətin bu dəhşətli bəlasına qarşı ayrı-ayrı dövlət strukturları, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri, hüquq-mühafizə orqanları, təhsil və səhiyyə sistemi birgə mübarizə aparmaqla onun qismən də olsa yayılmasının və kütləvi hal almasının qarşısını ala bilər. Bunun üçün daha çox maarifləndirmə, narkomaniyanın fəsadlarının yeniyetmə və gənclərə izah edilməsi, onlara bu xəstəliyinin nə kimi qorxulu nəticələr verdiyini əyani misallarla göstərmək vacibdir. Narkomanların tədricən öz hərəkətlərini idarə edə bilməmələri, asılılıq nəticəsində ən əziz adamlarına qarşı özləri də hiss etmədən əxlaqsız hərəkətlər edir, bədənlərində baş verən ağrıların qarşısını almaqdan ötrü narkotikanın əldə edilməsi məqsədilə oğurluq, soyğunçuluq, quldurluq cinayətlərini törədir, hətta ən müqəddəs varlıqlar olan ana-bacı və övladlarını da bu cinayətin qurbanına çevirirlər.

   Narkomaniya ilə mübarizə hər bir vətəndaşın mənəvi borcudur. Bütün bəşəriyyətin bəlasına çevrilən “Ağ ölüm”ə qarşı dövlət orqanları, ictimai təşkilatlar, cəmiyyətin bütün üzvləri, ağsaqqallar, gənclər birgə mübarizə aparmalı, uşaq və gənclər arasında maarifləndirmə tədbirləri mütəmadi xarakter almalı və milli mənəvi dəyərlərin təbliğinə xüsusi fikir verilməlidir.

Zakir Müslümov,

Şamaxı rayon prokuroru, baş ədliyyə müşaviri




Baxılıb: 1891