“Narkotiklərlə mübarizə mənəviyyatın xilası deməkdir”

   Suraxanı rayonunda narkomanlığa qarşı davamlı mübarizə aparılır

   Hazırda bütün dünyanı ciddi şəkildə narahat edən narkomaniya ağrılı bir problem olmaqla yanaşı, əhatə dairəsini getdikcə genişləndirərək ümumbəşəri bəlaya çevrilmişdir. Narkotik vasitələrə aludəçilik cinayətkarlıq, zorakılıq və digər neqativ hallar üçün münbit zəmin yaradan mühüm amillərdən biri olaraq məhsuldar qüvvələrin inkişafına mənfi təsir göstərməklə gəncləri sosial-iqtisadi və siyasi proseslərdən uzaqlaşdırır, ailələrin və bütövlükdə cəmiyyətin inkişafını ləngidən ağrılı bir prosesə çevrilir.

   BMT-nin 1987-ci il Konvensiyasına daxil olan ölkələrin “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Bəyannaməsinə əsasən 26 iyun “Narkomaniya və narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı Ümumdünya mübarizə günü” kimi qeyd olunur.

   Bir sıra başqa dövlətlərlə müqayisədə respublikamızda narkotizm o qədər də dəhşətli şəkil almamışdır. Lakin yaddan çıxartmamalıyıq ki, narkomanlıq yoluxucu xəstəlikdir, üstəlik də QİÇS-ə aparan bir yol kimi, gizli şəkildə, sürətlə yayılmaq xüsusiyyətlərinə malikdir.

   Son illər bütün dünyada olduğu kimi, ölkəmizdə də bu sahədə məqsədyönlü tədbirlər həyata keçirilir, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri gücləndirilir.

   Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin 2013-cü il iyunun 24-də imzaladığı Sərəncamla təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət Proqramı (2013-2018-ci illər)”nın icrasını təmin etmək məqsədi ilə Suraxanı rayonunda əlaqədar dövlət orqanları və qeyri-hökumət təşkilatları ilə birlikdə silsilə tədbirlərin keçirilməsi təşkil edilir.

   “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın 4.1.11-ci bəndinin icrasına müvafiq olaraq Suraxanı rayonunda narkomanlığa qarşı mübarizəyə vətəndaşların cəlb olunması üçün  fəaliyyət göstərən etimad telefonu (012) 452-05-77 vasitəsilə məlumatın verilməsinə şərait yaradılmışdır.

   Narkotik vasitələrin daşınmasının qarşısını almaq üçün rayonun hüquq-mühafizə orqanları davamlı işlər aparır. Rayon İcra Hakimiyyəti problemin ciddiliyini nəzərə alaraq rayonun hüquq-mühafizə orqanları, əlaqədar dövlət orqanları və qeyri-hökumət təşkilatları ilə birlikdə müxtəlif layihə, tədbir və aksiyalar həyata keçirir.

   Rayon İcra Hakimiyyəti  “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət proqramı (2013-2018-ci illər)”nın icrası ilə əlaqədar 2016-cı ilin 11 ayı ərzində Suraxanı rayonu Heydər Əliyev Mərkəzində, Gənclər Evində, Səttar Bəhlulzadə və Qurban Abbasov adına Mədəniyyət saraylarında, rayonun digər mədəniyyət ocaqlarında, tam orta məktəblərdə “Narkomaniya əsrin bəlasıdır”, “Sağlam gənclik narkomaniyaya yox deyir”, “Asudə vaxtımızı səmərəli keçirək”, “Narkomaniya bəşəriyyətin bəlasıdır” və digər mövzularda silsilə maarifləndirici tədbirlər, diskussiyalar, tam orta məktəblərdə açıq dərslər, rəsm və inşa yazı müsabiqələri, çoxsaylı idman yarışlarının keçirilməsini təşkil etmişdir.

   Bu mühüm Dövlət Proqramının icrası ilə əlaqədar 9 mart 2016-cı il tarixdə Suraxanı Gənclər Evində “Narkomaniya bəşəriyyətin bəlasıdır!” devizli maarifləndirici tədbir keçirilmişdir. Rayon tam orta məktəb şagirdlərinin iştirakı ilə keçirilən tədbirdə öncə məktəblilərin narkomaniya və onun fəsadlarının təsvir olunduğu rəsmlərindən ibarət sərgiyə baxış keçirilmişdir. Tədbir zamanı məktəblilərə narkotik və psixotrop maddələr, onların dövriyyəsi, xüsusən son vaxtlar məktəblilər arasında geniş yayılaraq daha təhlükəli hal alması barədə məlumat verilmişdir.

   6 aprel  2016-cı il tarixində 76 saylı tam orta məktəbdə Hövsan qəsəbəsində yerləşən tam orta məktəblərin şagirdləri arasında “Azərbaycan gəncləri narkotiklər əleyhinə” mövzusunda rəsm  müsabiqəsi keçirilmişdir.  Müsabiqədə 180 şagird iştirak etmişdir. 15 aprel 2016-cı il tarixdə   rayonun Yeni Günəşli yaşayış sahəsində yerləşən tam orta məktəblərin şagirdləri arasında “Azərbaycan gəncləri narkotiklər əleyhinə” mövzusunda inşa yazı müsabiqəsi keçirilmişdir. 16-17 aprel 2016-cı il tarixlərində narkomaniya və terrorizm əleyhinə! Kikboksinq idman növü üzrə yeniyetmə və gənclər arasında turnir keçirilmişdir. Turnir iştirakçılarına yarış başlamamışdan əvvəl “Sağlam həyat-sağlam gələcək deməkdir” mövzusunda geniş məlumat verilmiş, narkotizmin fəsadlarını əks etdirən xususi bukletlər paylanılmışdır.

   22 aprel 2016-cı il tarixində Səttar Bəhlulzadə adına Mədəniyyət sarayında Əmircan, Bülbülə və Yeni Suraxanı qəsəbələrində yerləşən tam orta məktəblərdə təhsil alan yuxarı sinif şagirdlərinin iştirakı ilə “Şəxsiyyətin məhvinə aparan yollar” adı altında gənclər arasında hüquq pozuntularının və zərərli vərdişlərin profilaktikası sahəsində hüquqi-maarifləndirici tədbir keçirilmişdir. Tədbir iştirakçılarına  mövzuya aid bukletlər paylanılmışdır.

   29 aprel 2016-cı il  tarixində Əmircan Mədəniyyət evində “Şəxsiyyətin məhvinə aparan yollar” adı altında gənclər arasında hüquq pozuntularının və zərərli vərdişlərin profilaktikası sahəsində hüquqi-maarifləndirici tədbir keçirilmişdir.  5 may  2016-cı il tarixində Qaraçuxur qəsəbəsində yerləşən tam orta məktəblərdə təhsil alan yuxarı sinif şagirdlərinin iştirakı ilə Qurban Abbasov adına Mədəniyyət sarayında “Narkomaniyaya aparan yol!” devizi altında  tədbir keçirilmişdir. Tədbirdə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak etmişlər. Tədbir iştirakçılarına zərərli vərdişlərə aludəçiliyin aqibəti haqqında geniş məlumat verilmiş,  bu yola düşənlər üçün geriyə yol olmadığı haqqında geniş müzakirələr aparılmış, onlara maarifləndirici kitabçalar  və  bukletlər paylanmışdır. Sonda Bakı Uşaq Teatrının aktyorlarının mövzuya aid  hazırladıqları  tamaşa göstərilmişdir. Həmin gün Zığ Mədəniyyət evində “Narkomaniyaya aparan yol!” devizi altında  gənclər arasında debat keçirilmişdir. 17 may 2016-cı il tarixində Suraxanı Gənclər Evində “Narkomaniya bəşəriyyətin bəlasıdır!” devizli maarifləndirici tədbir keçirilmişdir. “Dialoq - gənclərin diskussiya klubu” İctimai Birliyinin və rayon tam orta məktəb şagirdlərinin iştirakı ilə keçirilən tədbirdə öncə məktəblilərin narkomaniya və onun fəsadlarının təsvir olunduğu rəsmlərindən ibarət sərgiyə baxış keçirilmişdir. Tədbir zamanı məktəblilərə narkotik və psixotrop maddələr, onların dövriyyəsi, xüsusən son vaxtlar məktəblilər arasında geniş yayılaraq daha təhlükəli hal alması barədə məlumat verilmişdir.

   3 iyun 2016-cı il tarixində Suraxanı rayonu Heydər Əliyev Mərkəzində rayon İcra Hakimiyyətinin və Polis idarəsinin birgə təşkilatçılığı ilə “Narkomaniya bəşəriyyətin bəlasıdır!”  mövzusunda tədbir keçirilmişdir.

   Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar 24 iyun 2016-cı il tarixində Suraxanı Gənclər Evində “Gənclər narkotiklərə yox deyir!” mövzusunda rayon gənclərinin iştirakı ilə “dəyirmi masa” və tam orta məktəb şagirdlərinin əl işlərindən ibarət  rəsm sərgisi təşkil edilmişdir. Keçirilən maarifləndirmə işinin nəticəsi rəsm sərgisində iştirak edən şagirdlərin təsəvvürlərinin məhsulu olan rəsmlərində öz təzahürünü tapmışdır. Sonda rayon İcra Hakimiyyətinini sifarişi ilə hazırlanmış  bukletlər yeniyetmə və gənclərə paylanılmışdır.

   24 sentyabr 2016-cı il tarixində Qurban Abbasov adına Mədəniyyət sarayında “Narkotiklərlə mübarizə mənəviyyatın xilası deməkdir” mövzusunda Qaraçuxur, Zığ, Hövsan qəsəbələrində, 1 oktyabr 2016-cı il tarixdə isə Səttar Bəhlulzadə adına Mədəniyyət sarayında Əmircan, Bülbülə və Yeni Suraxanı qəsəbələrində yaşayan gənclər və yetkinlik yaşına çatmayanlarla maarifləndirmə tədbiri keçirilmişdir. Sonda tələbələri narahat edən hüquqi, tibbi və s. sualları mütəxəssislər ətraflı cavablandırmışlar. 19 noyabr 2016-cı il tarixində  “Gənclər narkomaniyaya yox deyir!” devizi altında “Muay-Tay” idman növü üzrə turnir keçirilmişdir. Turnirdə 250  idmançı iştirak etmişdir. Turnir iştirakçılarına yarış başlamamışdan qabaq “Narkomaniya və onun fəsadları” mövzusunda geniş məlumat verilmiş, narkotizmin fəsadlarını əks etdirən xususi bukletlər paylanılmışdır. Həmin gün Suraxanı rayonu Heydər Əliyev Mərkəzində “Narkomaniyaya qarşı mübarizədə vətəndaş cəmiyyətinin rolu” mövzusunda tədbir keçirilmişdir.

   Dekabrın 1-də Gənclər Evində Ümumdünya QİÇS-lə Mübarizə Gününə həsr edilmiş “Bizim gücümüz birliyimizdədir” adlı layihə çərçivəsində tədbir keçirilmişdir. Tədbirdə çıxış edənlər qeyd etmişlər ki,  narkotik maddələrdən asılılıq narkomaniyaya düçar olmuş şəxslər arasında digər böyük bir problemə - İİV/QİÇS virusuna yoluxmasına gətirib çıxarır. Tədbirdə Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun və Respublika QİÇS-lə Mübarizə Mərkəzinin nümayəndələri çıxış etmişlər.

   Cari ilin ötən dövrü ərzində keçirilmiş tədbirlərdə ümumilikdə 5800-dən çox uşaq, yeniyetmə və gənc iştirak etmişdir.

   Narkomanlığa və narkotik vasitələrin dövriyyəsinə qarşı mübarizədə rayonun hüquq-mühafizə orqanları tərəfindən onlarla cinayət faktı aşkar olunmuşdur.

   2016-cı il ərzində Suraxanı RPİ-nin NMB-nin əməkdaşları və ərazi PB-nin əməkdaşları ilə birlikdə keçirilmiş tədbirlər nəticəsində 86 cinayət faktı aşkar olunmuşdur. Cinayətkarlardan müsadirə olunaraq dövriyyədən çıxarılmış narkotik vasitələrin ümumi çəkisi 14 kq 140 qram təşkil etmişdir. Onlardan: marixuana-12 kq 924 qram, heroin-1 kq 153 qram, tiryək-62,400 qram təşkil etmişdir.

   Cari il ərzində Suraxanı NMB əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində iki əkin faktı üzrə  258 ədəd çətənə kolu aşkar olumuşdur. Aşkar olunmuş 258 ədəd çətənə kolu üzrə 1kq 475 qram yaş kütlə dövriyyədən çıxarılmışdır.

   Suraxanı rayonunda ümumbəşəri bəla olan narkomaniyaya qarşı mübarizə davam etdirilir.

Barxudar Barxudarov,

Suraxanı Rayon İcra Hakimiyyəti  başçısı aparatının İctimai-siyasi və humanitar 
məsələlər şöbəsinin müdiri




Baxılıb: 1795