Narkomaniyanın profilaktikası ailədən başlanır

  Narkomanlığa və narkotik maddələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizəyə nəinki dövlət qurumları, eyni zamanda cəmiyyətin bütün üzvləri qoşulmalıdır. Hər bir qurum, hər bir ailə narkomanlığın profilaktikası sahəsində bacardığını əsirgəməməlidir. Narkomaniyaya qarşı profilaktik tədbirlər dedikdə, narkomaniyanın yayılmasının qarşısını almaq üçün hazırlanmış tədbirlər kompleksi nəzərdə tutulur. Nəzərə alsaq ki, narkomaniya xəstəliyinə tutulmaq təkcə hər hansı bir fərd üçün deyil, eyni zamanda bütün cəmiyyət üçün təhlükəlidir, onda narkomaniyanın profilaktikasının nə dərəcədə vacib olması aydın olar. Narkomaniya insanları fəlakətə sürükləyir. Yalan, cinayət, ailələrin dağılması, ölümcül xəstəliklər və s. narkomaniyanın gətirdiyi bəlalardır.

  QİÇS-ə yoluxmuş xəstələrin 70%-i bu ölümcül virusa narkotik istifadəçisi olduqlarına görə düçar olmuşlar. Onu da qeyd etmək lazımdır ki, QİÇS-ə yoluxmuş tək bir xəstənin illik müalicə kursuna çəkilən xərc dövlətə 25,2 min dollara başa gəlir. Əgər narkomanların orta yaş həddinin 30 yaş olması faktını diqqətə çatdırsaq, narkomaniyanın millətin mövcudluğu, onun genofondu üçün necə böyük təhlükə yaratdığını görərik.

  Narkomaniyaya qarşı mübarizə onu sonradan müalicə etməkdən daha asandır. Axı, narkomanların müalicəsi çox vaxt nəticəsiz olur. İstənilən reabilitasiya mərkəzi, yaxud narkoloji klinika qarşısına narkomaniyanın nəticələrini aradan qaldırmaq məqsədi qoyur, ancaq təəssüf ki, heç də hamısı buna nail ola bilmir. Ona görə də narkomaniyanın profilaktikası narkomaniyaya qarşı mübarizədə vacib alətlərdən birinə çevrilir.

  Narkomaniyanın profilaktikası ailə və məktəbdən başlanmalıdır. Bəs, bu profilaktika ailədə necə həyata keçirilməlidir? Əlbəttə, əsas məqam yenə də valideynlərin övlada nümunə olması, xüsusi ilə də onların sağlam həyat tərzi keçirməsidir. Valideynlərin uşaqlarının narkomaniyadan qorunmasında bu profilaktikanın rolunu başa düşmələri olduqca mühümdür. Eyni zamanda nəzərə almaq lazımdır ki, narkomaniyanın profilaktikası qarşılıqlı inam olan ailədə mümkündür.

  Ailədə narkomaniyanın profilaktikasının yalnız söhbət formasında aparılması həmişə müsbət nəticə vermir. Böyüklər tez-tez səhvlər edirlər, uşağın fikrinə hörmət etmirlər, ona qulaq asmırlar, amma uşaq səhv edəndə, adətən, onu cəzalandırırlar və çox vaxt ona niyə səhv etdiyini və bu səhvi aradan qaldırmağın yollarını başa salmırlar. Bu halda uşaq, yeniyetmə öz problemlərini yoldaşları ilə bölüşür və çox zaman yanlış məlumat alır. Ona görə də ailədə onların fikirlərinə, düşüncələrinə diqqətlə yanaşılmalı, onlarla nəinki valideyn, hətta dost səviyyəsində münasibət qurulmalıdır. Uşaqlara düzgün yol göstərilməli, dost seçimində məsləhət verilməli, hətta lazım gələrsə, şübhəli məqamlarda özlərindən xəbərsiz izlənmələri də məqsədəuyğun olardı. Əgər valideynlər işə bu cür yanaşarlarsa, gələcəkdə övladları tərəfindən baş verə biləcək problemlərin qarşısını almış olarlar.

  Narkomaniyanın qarşısını almağın ən əlverişli yolu onun məktəblərdə profilaktikasını aparmaqdır. Məhz ən çox yeniyetmələr təhlükəli işlərə meyillidirlər və buna görə də şəxsiyyətin formalaşdığı dövrdə bir sıra xəbərdarlıq yönlü fəaliyyətlərin aparılması vacibdir. Lazımi tərzdə yanaşma və təsirli informasiyalar verdikdə uşaqlar narkomaniya barədə öz fikirlərini formalaşdıra və ondan istifadənin nə kimi fəsadlar verə biləcəyi barədə düzgün biliyə malik olurlar.

  Məktəbli azyaşlılar və yeniyetmələr arasında narkomaniyanın profilaktikası mütləq və aydın başa düşüləcək tərzdə olmalı, yeniyetmələr tərəfindən çox ciddi qəbul olunmalı və birmənalı olaraq onlarda narkotiklərdən uzaq durma mövqeyi formalaşdırılmalıdır. Narkomaniyaya qarşı profilaktika sistematik olmalı və kütləvi xarakter daşımalıdır. Uğurlu profilaktika mühazirələr, plakatlar və yeniyetmələrlə müsahibə formasında mümkündür.

  Müasir dünyada narkomaniya ona qarşı yeni mübarizə üsullarının yaranmasından daha sürətlə yayılır və buna görə bu bəla ilə sistematik profilaktik mübarizə aparılması çox vacibdir.

  Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının ekspert tədqiqatı üzrə fəaliyyət göstərən əməkdaşları tərəfindən narkomaniyanın yeniyetmələr arasında profilaktikası sahəsində bir sıra tədbirlər planı hazırlanmışdır.

  Narkotik vasitələrin və psixotrop maddələrin ekspertizasına istintaq orqanları tərəfindən daxil olan müxtəlif növ narkotik maddələrin: tiryək, çətənə, həşiş, heroin, metadon, metamfetaminlərin xarici görünüşləri və digər orqanaleptik əlamətləri (iy, konsistensiya) barədə tanıtmaq məqsədi daşıyan informasiyalar, onları təsvir edən fotoşəkillər və eyni zamanda bu narkotiklərdən istifadə edən insanların psixoloji və daxili durumları barədə məlumatlar, narkotik istifadəçisi olmamışdan əvvəl və sonrakı xarici görünüşlərini təsvir edən fotoşəkillər toplanmışdır. Yığılmış materialların kitabça şəklində nəşr olunaraq orta ümumtəhsil məktəblərinə, hüquq-mühafizə orqanlarına və yeniyetmələrlə iş üzrə digər qurumlara təqdim olunması nəzərdə tutulmuşdur.

Elvin Aslanov,
Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin əməkdaşı

 



Baxılıb: 10782