Narkomaniyaya qarşı ardıcıl mübarizə aparılır

   Xəzər Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiya tərəfindən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrasının təmin olunması məqsədilə aidiyyəti orqanlar cəlb olunmaqla mütəmadi olaraq hər il tədbirlər həyata keçirilmişdir.

   Rayonun təhsil müəssisələrində təhsil işçiləri, məktəblilər və tələbələr arasında narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar, erkən müalicənin labüdlüyü, həmçinin narkomanlığın cəmiyyətə və insanların  sağlamlığına ziyanı barədə təbliğat aparılması istiqamətində tədbirlər keçirilib. 26 iyun - BMT-nin Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Bakı şəhərində yerləşən orta ümumtəhsil müəssisələrinin şagirdləri arasında “Mən narkomaniyanı belə görürəm” mövzusunda keçirilən rəsm sərgisində rayonumuzun nümayəndəsi I yeri tutmuş, “Azərbaycan gəncləri narkotiklərə yox deyir” mövzusunda rəsm müsabiqəsində rayonumuzun gənci fərqlənmə diplomu ilə təltif olunmuşdur.

   Şagird və tələbələrin antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədilə “Gənclər narkotiklər əleyhinə” devizi altında kikboksinq üzrə yeniyetmə və gənclər arasında rayon birinciliyi, “Gənclər narkotiklər əleyhinə” devizi altında kontakt karate üzrə klublararası açıq rayon turniri,  “İdman narkomaniyaya qarşı” devizi altında kütləvi idman tədbiri keçirilmişdir. Gənclər arasında sağlam həyat tərzinin təbliği olunması, onların idmana cəlb olunması, ayrı-ayrı idman növlərinin təbliğ edilməsi məqsədilə “İdman narkomaniyaya qarşı” devizi altında keçirilmiş kütləvi idman tədbiri şagird və tələbələrin  xüsusi marağına səbəb olmuşdur.

   Valideyn himayəsindən məhrum uşaqlar üçün  Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası İşçi Qrupunun, Daxili İşlər, Təhsil nazirliklərinin, o cümlədən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşlarının iştirakı ilə   narkotiklərin insan sağlamlığına və mənəviyyatına sarsıdıcı zərbə vurması, cəmiyyətin inkişafını ləngitməsi və törətdiyi sosial bəlalar və bu neqativ halların aradan qaldırılmasının zəruriliyi istiqamətində “Narkotiklərə qarşı mübarizə sağlam mühit və sağlam gələcəkdir” mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir.

   2016-cı il ərzində Xəzər rayonunda 719 nəfər narkoman qeydiyyata alınmışdır ki, onlardan da 95  nəfəri gənclərdir.

   2016-cı il ərzində narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə əlaqədar Xəzər RPİ-nin İŞ-də 111 cinayət işinin istintaqı aparılmışdır. Həmin cinayət işləri və keçən ildən qalıq qalan 112 iş üzrə istintaq tamamlanaraq işlər baxılmasından ötrü məhkəmələrə göndərilmişdir. Qeyd olunan cinayət işlərindən 7 iş bağlı qalmışdır.

   Bundan başqa, Xəzər RPİ-nin İŞ-də bu qəbildən olan cinayət işlərinin istintaqı zamanı cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərin əksəriyyəti Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yaşayan şəxslər olmuş, bu halların qarşısının alınması məqsədilə Xəzər Rayon Polis İdarəsinə müvafiq təqdimat verilmişdir. Xəzər RPİ-nin İŞ-də narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə əlaqədar istintaqı aparılmış hər bir cinayət işindən narkotik vasitənin mənbəyinin müəyyən edilməsi məqsədilə ayrıca icraata materiallar ayrılmışdır.

   2016-cı il ərzində narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərin istintaqı zamanı həmin cinayətlərin törədilmə səbəb və şəraitinin aradan qaldırılması məqsədilə hər bir cinayət işi üzrə müvafiq təqdimat verilmiş və təqdimatların cavabları alınmışdır.

V.Həsənov




Baxılıb: 1126