Narkomaniyasız həyat

  Azərbaycan Respublikası  Prezidentinin 24 iyun 2013-cü il tarixli Sərəncamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair  2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icra olunmasının təmin edilməsi ilə əlaqədar rayon İcra Hakimiyyəti tərəfindən “Kürdəmir rayonunda narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə” üzrə Proqram işlənib hazırlanıb və sənəd əsasında  tədbirlər həyata keçirilir.

   Komissiya tərəfindən rayon Gənclər və idman idarəsi ilə birlikdə “Narkomaniyasız həyat” şüarı altında rayonda mütəmadi olaraq hüquq mühafizə orqanlarının, dövlət və ictimai təşkilatların nümayəndələrinin iştirakları ilə “dəyirmi masa” arxasında seminar-müşavirələr təşkil edilib və həmin müşavirələrə rayonun yeniyetmə və gənclərinin əksər qrupları dəvət edilib. Ötən il 1-4 noyabr tarixlərində  rayon Təhsil şöbəsi və Gənclər və İdman idarəsi tərəfindən təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında “Narkomaniya və sağlam həyat tərzi” mövzusunda ümumtəhsil məktəbləri arasında inşa yazı müsabiqəsi keçirilib, qaliblər Fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

   2016-cı il may ayının 27-də  Kürdəmir Rayon İcra Hakimiyyətinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “Gənclərin radikal təsirlərdən qorunması” mövzusunda tədbir keçirilib. Tədbirdə rayonun dini icma rəhbərləri, ağsaqqallar, rayon ziyalıları, ictimaiyyət nümayəndələri iştirak edib. Tədbirdə gənclərin radikal dini cərəyanların, narkomaniyanın təsiri altına düşməməsi və bu istiqamətdə məlumatlandırılmasının təmin edilməsi üçün maarifləndirici filmlərin çəkilməsinin və istiqamətləndirici tədbirlərin daha çox keçirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

   Ötən ilin oktyabr ayının 24-də rayonun Mədəniyyət evində Gənclər və İdman Nazirliyinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının təşəbbüsü və dəstəyi ilə Bakı Uşaq Teatrı tərəfindən “Həyatla oyun” tamaşasının nümayişi təşkil edilib. Tamaşanın məqsədi bütün insanları bəşəriyyətin ən böyük problemlərindən biri olan narkomaniya, QİÇS-ə qarşı mübarizəyə çağırmaq, yeni metodlar vasitəsilə onları məlumatlandırmaq və maarifləndirmək olub.

   Rayon ərazisində narkotiklərin əkilməsinin, becərilməsinin, emalının, qarşısını almaq məqsədilə rayon İcra Hakimiyyəti başçısının ərazi nümayəndəliklərinin hüquq mühafizə orqanları, dövlət hakimiyyəti orqanlarının ictimaiyyət nümayəndələri ilə birgə fəaliyyəti təmin edilib.

   Rayonda narkomaniyaya düçar olmuş şəxslərin məcburi müalicəsi, tibbi reabilitasiyasını gücləndirmək məqsədilə Mərkəzi rayon xəstəxanası ilə  sıx əlaqə saxlanılıb, yeniyetmə gənclər arasında səhiyyə orqanları tərəfindən profilaktiki və təbliğatı işinin aparılmasına köməklik göstərilib.

   Rayonda narkomaniyaya qarşı mübarizə aparmaq, narkomanların qeydiyyata götürülməsi, müalicəvi-profilaktik işlər aparmaq məqsədilə Kürdəmir Şəhər Poliklinikasında yaradılmış narkoloji kabinetdə 2016-cı ilin yanvarın 1-nə olan hesabata görə 146 nəfər narkoman xəstə qeydiyyatdadır. Ötən dövr ərzində Mərkəzi rayon xəstəxanasının həkimləri tərəfindən mütəmadi olaraq xəstələr arasında, eləcə də kütləvi yerlərdə, məktəblərdə profilaktiki söhbətlər aparılması təmin edilib. Sevindirici haldır ki, rayonda qeydiyyatda olan narkomaniyadan əziyyət çəkən xəstələr arasında qadınlar, yeniyetmələr və  gənclər olmayıb.

   Rayonun hüquq mühafizə orqanları da 2016-cı il ərzində narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində müəyyən işlər görüblər. Rayon Polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-Xaş 2016” şərti adı altında keçirilmiş tədbirlər zamanı 232 ədəd 131 kiloqram çəkidə  yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilərək məhv edilib, eyni zamanda, aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində yaşıl kütləsi 1099,66 qram olan 29 ədəd çətənə kolu və 1918,89 qram narkotik vasitə olan marixuana, 101,663 qram heroin aşkar edilərək götürülüb. Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı  2016-cı ildə şöbə tərəfindən 40 cinayət faktı aşkar edilib, təqsirkar şəxslər məsuliyyətə cəlb ediliblər.

Tacəddin Novruzov,

Kürdəmir RİH başçısının birinci müavini, Narkomanlığa və
Narkotik vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə
üzrə Rayon Komissiyasının sədri

 



Baxılıb: 1148