Narkomanlığa qarşı mübarizə gücləndirilir

   Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Neftçala Rayon Komissiyası tərəfindən bu dəhşətli sosial bəla ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik  vasitələrin, psixotrop  maddələrin və onların  prekursorlarının  qanunsuz  dövriyyəsinə  və  narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqram”ından irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində və eləcə də narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı  mübarizənin aparılması, narkotik xassəli bitkilərin əkilib-becərilməsinin qarşısının alınması məqsədilə zəruri tədbirlər həyata keçirilir.

  Neftçala Rayon İcra Hakimiyyəti başçısı yanında Şura iclaslarında cinayətkarlığa və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, qanunvericilik və hüquq qaydalarının möhkəmləndirilməsi sahəsində kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərini hüquq mühafizə orqanları ilə birgə və əlaqəli işi sahəsində görülmüş tədbirlərin vəziyyəti barədə məsələlər geniş şəkildə müzakirə edilir. Ərazilərdə cinayətkarlığın və narkomanlığın sayının azaldılması məqsədilə əhali arasında kütləvi profilatiki maarifləndirici söhbətlərin keçirilməsinə diqqət daha da artırılmışdır.

   Rayon Polis şöbəsi, Mərkəzi rayon xəstəxanası və Təhsil şöbəsi tərəfindən narkomanlığa qarşı mübarizə ilə bağlı tədbirlər gücləndirilmişdir. Rayon Polis şöbəsi tərəfindən keçirilmiş kompleks əməliyyat-axtarış və profilatiki tədbirlər nəticəsində narkotik tərkibli bitkilərin əkilib-becərilməsinin və yayılmasının qarşısının alınması istiqamətində irəliləyişlərə nail olunmuşdur.

   Qeyd edilməlidir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə rayon komissiyası tərəfindən 2016-cı il ərzində 14,866 qr tiryək, 2,32 qr həşiş, 1,272 qr heroin, 1,145 kq marixuana və 4,21 kq çətənə kolu (2 kol) yandırılaraq məhv edilmişdir.  Narkomanlığa düçar olmuş şəxslərlə müntəzəm fərdi söhbətlər aparılmış və onların sosial reabilitasiyası istiqamətində də müəyyən tədbirlər görülmüşdür. Hal-hazırda Mərkəzi rayon xəstəxanasında 204 nəfər narkomaniyaya düçar olmuş şəxs  dispanser qeydiyyatındadır. Rayonun 51 ümumtəhsil məktəbinin, 16 məktəbəqədər təhsil müəssisəsinin pedaqoji kollektivlərinə bu bəlaya qarşı təbliğat və mübarizə işinin gündəlik diqqət mərkəzində saxlanılması bir vəzifə olaraq tapşırılmışdır.

   Rayon komissiyası tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində görülən işlərin yüksək səviyyəyə çatdırılmasına nail olmaq üçün zəruri tədbirlər bundan sonra da davam etdiriləcəkdir.

Vurğun Əkbərov,

Neftçala rayon İcra Hakimiyyəti başçısının birinci  müavini, Narkomanlığa və 
narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı Neftçala rayon Komissiyanın sədri




Baxılıb: 1118