Narkomaniya şəxsiyyətin tənəzzülü və məhvi ilə nəticələnir

   Bu gün Narkotiklərin qanunsuz dövriyyəsi transmilli xarakter kəsb edərək, bütün bəşəriyyəti təhdid edən qlobal təhlükəyə çevrilmişdir. Narkomaniya kriminogen vəziyyətin daha da pisləşməsinə təkan verir, bir sıra ağır xəstəliklərin yayılmasını sürətləndirir, əxlaqi dəyərlərin devalvasiyası, şəxsiyyətin tənəzzülü və məhvi ilə nəticələnir.

   Narkomaniyaya qarşı ardıcıl mübarizə üçün bütün imkanlar səfərbər olunmalıdır. Yeniyetmələr və gənclər arasında sağlam həyat tərzinin təbliği, onların  şüurlu vətəndaşlar kimi formalaşması Azərbaycan Respublikasında reallaşdırılan dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biridir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 avqust 2005-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)”nda gənclər arasında hüquq pozuntuları, narkomanlıq, QİÇS və digər neqativ halların profilaktikası ilə bağlı, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nda gənclərin sağlamlığının qorunması və həssas qruplardan olan gənclərin dəstəklənməsi ilə bağlı ayrıca fəsil nəzərdə tutulmuşdu.  Gənclər və İdman Nazirliyi tərəfindən hazırlanmış “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”nın layihəsində bu istiqamətdə fəaliyyətin daha da genişləndirilməsi  nəzərdə tutulur. 

   Ölkə rəhbərliyi tərəfindən bu sahədə qarşıda qoyulmuş vəzifələrin həlli məqsədilə Gənclər və İdman Nazirliyi daim narkomaniyanın profilaktikasına yönəlmiş məqsədyönlü tədbirlər həyata keçirir, sağlam həyat tərzinin təbliği istiqamətində səmərəli fəaliyyət proqramları icra olunur. 

   2016-cı il ərzində bu sahədə bir sıra yeni aksiyalar təşkil olunmuşdur. Belə ki,  Bakı şəhərində “Gənclər evləri”ndə psixososial xidmət fəaliyyətinin dəstəklənməsi üçün gənc mütəxəssislər üçün təlim kursu keçirilmişdir. 6 aprel-Ümumdünya Fiziki Aktivlik Günü münasibətilə Suraxanı rayonunda Gənclərin sağlamlıq festivalı təşkil olunmuş, habelə Gəncə şəhərində “Gənclərin sağlamlıq sestivalı - 2016” layihəsi uğurla həyata keçirilmişdir. Şuşa, Zəngilan, Oğuz, Şəki, Zaqatala, Qax, Balakən, Kürdəmir, Zərdab, Goranboy, Samux, Naftalan, Göygöl, Göyçay rayonlarında  narkomaniya ilə mübarizəyə həsr olunmuş “Həyatla oyun” adlı maarifləndirici teatr tamaşası nümayiş etdirilmişdir. Qobustan, Şamaxı, Şirvan və Hacıqabul rayonlarında “Sağlam gələcək üçün zərərli vərdişlərə qarşı  birləşək!” devizi altında maarifləndirici tədbirlər keçirilmişdir.

   Gənclər arasında sağlam həyat tərzinin təbliğinə xidmət edən silsilə tədbirlər müsbət nəticələr əldə etmək üçün real zəmin formalaşdırır. “Narkomaniya ilə mübarizədə gənclər təşkilatlarının rolu” mövzusunda keçirilmiş konfrans bu istiqamətdə atılan mühüm addımlar olmuşdur.

   Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 1 dekabr-ümumdünya QİÇS-lə Mübarizə Günü ilə əlaqədar “Gələcəyə Doğru Gənclərin İnkişafı”  İctimai Birliyinin “Gənclər arasında QİÇS-in profilaktikası məqsədilə mübarizənin gücləndirilməsi” layihəsi reallaşdırılmışdır.

   Gənclər arasında sağlam həyat tərzinin kütləvi bədən tərbiyəsi və idman vasitəsilə təbliğinə xüsusi önəm verilir. “Olimpiya dəyərləri gənclərin təqdimatında” mövzusunda sərgi və konfrans, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü ilə əlaqədar təşkil olunan  “İdman  dayanıqlı inkişaf naminə” festival-müsabiqə məhz bu məqsədə xidmət etmişdir.

   Qeyd olunan tədbirlər narkomaniyaya qarşı mübarizə prosesinin səmərəliliyini yüksəltməyə imkan verir. Lakin bu istiqamətdə fəaliyyət bir an belə dayandırılmamalı, yeni və əlavə tədbirlərin həyata keçirilməsi təmin olunmalıdır. Gənclər və İdman Nazirliyi bu sahədə digər dövlət strukturları və qeyri-hökumət təşkilatları ilə sıx əlaqələndirilmiş fəaliyyətini daha da genişləndirəcəkdir.

Nərmin Aslanbəyova,

Gənclər və İdman Nazirliyinin 
Sağlam həyat tərzinin təbliği və sosial proqramlar sektorunun müdiri




Baxılıb: 1116