Narkomaniya ümidsizlik, məhv olmuş həyat deməkdir

   Azərbaycanda sosial-iqtisadi sabitliyin təmin edilməsi, insanların sağlamlığının, rifahının və mənəvi-əxlaqi dəyərlərinin qorunması məqsədilə narkomanlığa, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə ümumdövlət vəzifəsi kimi müəyyən edilmişdir.

   Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə sahəsindəki münasibətləri tənzimləyən və ya bu sahə ilə bağlı olan 29 qanun, Azərbaycan Respublikası Prezidentinin 13 Fərmanı, 40 Sərəncamı, Nazirlər Kabinetinin 22 qərarı, 5 sərəncam, Ali Məhkəmənin Plenumunun qərarları, o cümlədən müxtəlif orqanların birgə aktları qəbul edilmişdir. 

   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu siyasət nəticəsində problemə dəyişən şəraitə və tələblərə uyğun yanaşılması dövlətin əsas prioritetlərindən birinə çevrilmiş, bu sahədə qətiyyətli mübarizənin təmin edilməsi məqsədi ilə qəbul edilmiş  “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının  qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı” uğurla həyata keçirilməkdədir. 

   Belə ki, cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan narkomaniya və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin gücləndirilməsi məqsədi ilə 2016-cı il ərzində də ölkəmizdə kompleks tədbirlər həyata keçirilmiş, ictimai maarifləndirmə işləri genişləndirilmiş, antinarkotik təbliğat və digər təşkilati-hüquqi tədbirlər həyata keçirilmişdir.

   2016-cı il ərzində Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən ümumi çəkisi 2 ton 150 kq 529,354 qr müxtəlif növ narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları (654 kq 081,557 qr marixuana, 225 kq 544,966 qr tiryək, 1 ton 186 kq 270,004 heroin, 42 kq 211,316 qr həşiş, 41 kq 899,194 qr digərləri, 501,517 qr psixotrop maddələr, 11976 ədəd həb, 20,8 qr prekursor), o cümlədən 21.532 ədəd çətənə kolu aşkar edilərək qanunsuz dövriyyədən götürülmüşdür.

   Həmçinin “Xaş-xaş” şərti ad altında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Daxili İşlər Nazirliyinin təşkilatçılığı və Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfat Nazirliyi, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti qurumların iştirakı ilə  99 ha 35 sot ərazidən 147  ton 391 kq 085 qr (335 min 064 ədəd) narkotik tərkibli bitkilər yaşıl kütlə halında yığılaraq məhv edilmişdir.

   Ümumilikdə, hüquq-mühafizə orqanları tərəfindən 3411 fakt aşkar edilmişdir ki,   onlardan 888-i satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, 2221-i satış məqsədi olmadan narkotik vasitələri, psixotrop maddələri və onların prekursorları qanunsuz olaraq əldə etmə və saxlama, 259-u qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya etmə, 43-ü isə digərləri olmuşdur.

   Ötən il ərzində cinayət məsuliyyətinə 2607 nəfər cəlb edilmişdir ki, onlardan 5-i 18 yaşadək, 176-ı 18-25 yaşadək, 412-i  26-29 yaşadək, 2014-ü 30 yaşdan yuxarı, 22-si fəhlə, 5-i qulluqçu, 1-i məsul şəxs, 3-ü kənd təsərrüfatı işçisi, 1-i ali məktəb tələbəsi, 2331-i işləməyən, 2570-i kişilər, 37-si qadınlar olmuşdur. Məsuliyyətə cəlb olunanlardan 34-ü xarici ölkə vətəndaşları olmuş, onlardan 677 kq-dan artıq müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr götürülmüşdür. Əcnəbilərdən 18-i İran İslam Respublikası, 8-i Gürcüstan, 4-ü Türkiyə, 1-i Qazaxıstan, 1-i Hindistan, 1-i Belarus, 1-i isə Türkmənistan vətəndaşı olmuşdur.

   2016-cı il ərzində 2142 nəfər narkotik istifadəçisi qeydə alınmaqla  xəstələrin ümumi sayı 29448 nəfərə çatmışdır (Bakı şəhəri üzrə 11730 nəfər). Onlardan 24056-sı dispanser, 5392-si profilaktik, 893-ü anonim qeydiyyatda olanlardır. İstifadəçilər arasında 18 yaşa qədər 5 nəfər, 612-si qadın, 183 nəfəri toksikomanlar, həmçinin ötən il ərzində qeydiyyata götürülənlərin 1567-si dispanser, 575-i profilaktik olmuşdur. 2016-cı ildə qeydiyyatdan çıxanların ümumi sayı 1249 (691-i dispanser, 558-i profilaktik) nəfərdir.

   Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə məhkəmənin qanuni qüvvəyə  minmiş 404 hökmü üzrə  müsadirə  olunan barəsində məhvetmə qərarı qəbul edilmiş 938 kq-dan artıq müxtəlif növ narkotik vasitələrin, o cümlədən 13.010 ədəd psixotrop maddələrin və 4.702 ədəd çətənə kolunun məhv edilməsi təmin edilmişdir.

   Həmçinin Dövlət Proqramının icra vəziyyəti ilə bağlı şəhər/rayon İcra hakimiyyətlərində fəaliyyət göstərən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyaların təqdim etdikləri məlumat əsasında təhlil aparılmışdır. Təbliğat və maarifləndirmə işlərinin gücləndirilməsi məqsədi ilə yerli İcra hakimiyyəti orqanlarında seminarlar, “dəyirmi masa”lar keçirilmiş, asudə vaxtın səmərəli təşkili istiqamətində yeniyetmə və gənclərin idman, incəsənətlə məşğul olmalarına şərait yaradılmış, şəhər/rayon gənclər evlərində, idman, mədəniyyət, incəsənət müəssisələrində sağlam həyat tərzinin təbliği məqsədi ilə müxtəlif sərgilər, rəsm müsabiqələri təşkil etməklə iştirakçılarda narkomaniyanın doğurduğu faciələr, həmçinin QİÇS və digər yolxucu virusların yayılması yolları haqqında təsəvvür yaradılmışdır.

   Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənovun verdiyi müvafiq tapşırıq və göstərişlərə əsasən Dövlət Proqramının icrasını daim diqqət mərkəzində saxlayan Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən Dövlət Proqramına müvafiq olaraq, fəaliyyətin əhatəsinin genişləndirilməsi məqsədilə şəhər/rayon komissiyaları ilə birgə profilaktik tədbirlər, konfranslar, seminarlar, praktik təlimlər həyata keçirilmiş, görülən işlərin effektivliyini artırmaq üçün yerlərdə bu istiqamətdə çalışan əməkdaşlara metodik tövsiyələr verilmişdir.

   Narkomanlıqla mübarizə sahəsində maarifləndirmə tədbirlərinin aparılması məqsədi ilə təlimçilər hazırlanması üçün Dövlət Komissiyasının İşçi Qrupu aidiyyəti dövlət orqanlarının mütəxəssislərinin iştirakı ilə Bakı şəhərinin Sabunçu, Yasamal, Nəsimi, Nərimanov, Binəqədi, Nizami rayonlarında, həmçinin respublikanın İsmayıllı, Göyçay, Masallı, Cəlilabad, Salyan, Hacıqabul, Şirvan, Saatlı, Yevlax, Sabirabad, Siyəzən, Şabran, Xaçmaz, Quba, Kürdəmir, Ucar, Zərdab, Ağdaş, Ağsu, Şamaxı, Mingəçevir, Qəbələ, Şəki, Balakən, Zaqatala və Oğuz şəhər və rayonlarında yerli komissiyaların üzvləri, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların məsul katibləri və uşaqlarla iş üzrə məsləhətçi-psixoloqlar, orta təhsil məktəblərinin direktor müavinləri (təlim-tərbiyə işləri üzrə), psixoloqları və tibb işçiləri üçün təlim-məşğələlər keçirilərək,  ümumilikdə 1200 təlimçi hazırlanmış, onlar zəruri əyani vəsaitlərlə (o cümlədən elektron variantda) təmin edilmişdir.

   Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı və müvafiq icraçı orqanların iştirakı ilə Azərbaycan Dillər Universitetində, Bakı Slavyan Universitetində, Azərbaycan Texniki Universitetində, Qərb Universitetində, Qafqaz Universitetində narkotiklərin və narkomanlığın cəmiyyətə, insanların sağlamlığına ziyanı barədə təbliğat aparılması, tələbələrin antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədi ilə maarifləndirmə tədbirləri keçirilmişdir.

   Bundan başqa, ümumtəhsil internat məktəblərində valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şagirdlər üçün “Narkotiklərə qarşı mübarizə sağlam mühit və sağlam gələcəkdir” mövzusunda maarifləndirmə tədbirləri keçirilmiş, şagirdlər zəruri təbliğat materialları ilə təmin olunmuşlar.

   2016-cı ildə cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər arasında antinarkotik təbliğat işinin gücləndirilməsi məqsədilə Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Dövlət Komissiyasının İşçi Qrupu arasında təsdiq olunmuş “Tədbirlər Planı”na müvafiq olaraq, il ərzində cəzaçəkmə müəssisələrində (Yetkinlik yaşına çatmayanlar üçün tərbiyə müəssisəsi daxil olmaqla) 25-dən çox maarifləndirmə tədbiri keçirilmiş, tədbirlərdə, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun, Respublika Narkoloji Mərkəzinin əməkdaşları mövzu ətrafında çıxışlar edərək, narkotiklərlə bağlı cinayət hadisələrinin profilaktikasından danışmış, məhkumlara narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı və törətdiyi sosial bəlalar barədə ətraflı məlumatlar verilmiş, o cümlədən Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış videoçarxlar və filmlər nümayiş olunmuş, məhkumlara maarifləndirici bukletlər, yaddaş kitabçaları paylanılmışdır.

   Həmçinin ictimai təbliğat işinin genişləndirilməsi məqsədi ilə və bu işdə sosial reklamların (bilbordların) mühüm rol oynadığını nəzərə alaraq, üzərində narkomaniya və narkotiklərin fəsadları barədə xəbərdaredici məlumatlar və xüsusi şüarlar əks olunan sosial lövhələr quraşdırılmışdır.

   26 iyun-BMT-nin Narkotiklərlə Mübarizə Günü ilə  əlaqədar  narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə təbliğat aparılması və sağlam həyat tərzini təbliğ etmək məqsədilə tanınmış idman ustalarının iştirakı ilə hazırlanmış videoçarx Bakı şəhəri üzrə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin 450 piyada dayanacaqlarında yerləşən avtobus informasiya terminal monitorlarında 2016-cı il 13 iyun tarixindən etibarən 60 gün ərzində yayımlanmış, həmin videoçarx Bakı şəhərinin mərkəzi küçələrində yerləşən elektron reklam tablolarında 30 gün ərzində yayımlanmışdır. Qeyd olunan sosial çarx “Park Bulvar” Alış Veriş Mərkəzinin, “MetroPark” və “28 Mall” Ticarət və Əyləncə mərkəzlərinin bütün monitorlarında, o cümlədən ölkə üzrə kinoteatr şəbəkəsi olan “CinemaPlus LLC” şirkətinə məxsus kinoteatrlarda (“28 Mall” Ticarət və Əyləncə Mərkəzi, “Amburan Mall”) kinofilmlərin nümayişindən əvvəl anonslar və reklamlar bölümündə uzunmüddətli nümayiş olunmuşdur. Şəhər və rayon  icra hakimiyyətlərində fəaliyyət göstərən bütün yerli komisiyalar tərəfindən maarifləndirici tədbirlər keçirilmiş və təşkil olunan tədbirlər barədə məlumatlar (foto və video görüntülər də əlavə olunmaqla) Dövlət Komissiyasının rəsmi internet səhifəsində yerləşdirilmişdir.

   Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası İşçi Qrupunun təşkilatçılığı ilə sağlam həyat tərzinin təbliği ilə bağlı zəruri bildiriş və əlaqə vasitələri SMS vasitəsilə “Azerfon” mobil operatoru tərəfindən 1,5 milyon abunəçiyə, “Bakcell” mobil operatoru tərəfindən 2 milyon abunəçiyə, “Azercell Telekom MMC” tərəfindən 3 milyondan çox abunəçiyə  göndərilmişdir.

   Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunda 2016-cı ilə dair ölkədə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, eləcə də bu sahədə həyata keçirilən maarifləndirmə, hüquqi, sosial və tibbi tədbirləri əks etdirən, aidiyyəti qurumların təqdim etdikləri məlumatlar əsasında Azərbaycan Respublikasında narkotiklərə nəzarət sahəsində Ölkə Məruzəsi hazırlanmış, həmçinin “İki sahil” qəzetində hər həftə narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı, bu sahədə görülən tədbirlər və onların nəticələri barədə məlumatlar dərc edilmişdir.

   Təbliğat-təşviqat işləri ilə əlaqədar məlumatların ictimaiyyətə çatdırılması üçün Dövlət Komissiyasının www.nmdk.gov.az ünvanlı rəsmi saytı vahid sistem konsepsiyası altında daha müasir dizayna və yeni veb 2.0 proqramlaşdırma texnologiyalarına əsaslanaraq yenilənmiş, veb-saytın məlumatların idarəetmə sisteminin əlavə olaraq 2 dildə (rus və ingilis) yaradılması, yüksək effektivlik və sürət imkanlarına sahib PHP proqlamlaşdırma texnologiyaları üzərində qurulması, həmçinin xəbər və məqalələrin müxtəlif sosial şəbəkələrdə paylaşılması təmin edilmişdir.

   Beləliklə, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası bu istiqamətdə dövlət siyasətinin həyata keçirilməsini, aidiyyəti orqanların və ictimai birliklərin fəaliyyətinin əlaqələndirilməsini, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının  qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrasını daim nəzarətdə saxlayır.

   Əminliklə söyləyə bilərəm ki, Azərbaycan dövlətinin adı çəkilən problemlə bağlı müəyyənləşdirdiyi strategiya uğurla reallaşdırılacaq, gənc nəslin sağlam və yüksək ideallar ruhunda tərbiyəsi, genefondumuzun qorunması istiqamətində aparılan mübarizə tədbirləri öz töhfəsini verəcək.

Fəqan Şahverdiyev,

Narkomanlığa və Narkotik Vasitələrin  
Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə
Dövlət 
Komissiyasının İşçi Qrupunun rəhbəri 




Baxılıb: 1152