Sağlam gələcək naminə

   Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra dövlət quruculuğu, siyasi, iqtisadi və sosial sahələrdə gedən inkişaf və aparılan islahatlar narkomanlığa qarşı mübarizə problemlərinin həlli üçün cəmiyyətin, dövlətin və qeyri-hökumət təşkilatlarının səylərinin birləşdirilməsini, beynəlxalq əlaqələrin genişləndirilməsini və kompleks mübarizəni zəruri etmişdir.

   Narkomaniya ilə mübarizə bütün ölkəmizdə olduğu kimi, Sumqayıt şəhərində də daim diqqət mərkəzində saxlanılır. Bu problemin həlli istiqamətində şəhərin bütün strukturları Dövlət Proqramına uyğun olaraq qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərirlər. Bu baxımdan  narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı şəhərdə fəaliyyət göstərən müvafiq idarə, müəssisə və təşkilatlarla birlikdə qabaqlayıcı-profilaktik tədbirlər həyata keçirilir.

   Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiya tərəfindən mütəmadi olaraq hər ilin əvvəlində narkotik vasitələrin yayılması və narkomaniya ilə mübarizə istiqamətində aparılan işlərin vəziyyəti haqqında müvafiq idarə, müəssisə və təşkilatların hesabatları alınır, təhlil edilərək, onların fəaliyyətindəki nöqsan və çatışmazlıqlar aşkarlanır və gələcəkdə görüləcək işlər üçün prioritet istiqamətlər müəyyən edilir. Eyni zamanda “Narkotik vasitələrin, psixotrop maddələrin və onun prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icra edilməsindən irəli gələn vəzifələri müəyyən etmək məqsədilə şəhərin müxtəlif idarə və təşkilatları da cəlb olunmaqla Komissiyanın hər il üçün Tədbirlər Planı təsdiq edilir.

   Ötən illərdə olduğu kimi, 2016-cı ildə də hüquq-mühafizə orqanları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat-axtarış tədbirləri keçirilmiş,  aşkar olunmuş faktların sayı, götürülmüş narkotik vasitələrin növü və miqdarı, məsuliyyətə cəlb olunmuş şəxslər barədə məlumatların qeydiyyatı aparılmışdır. Narkomaniya, taksikomaniya və digər zərərli vərdişlərin yayılmasının real vəziyyətinin öyrənilməsi məqsədilə məhəllə və mikrorayonların ərazisində mütəmadi olaraq reydlər keçirilmişdir.

   Qeyd edək ki, 2016-ci il ərzində narkotik vasitələrin satılması, saxlanılması, tiryəkxanaların təşkil edilməsi və zəhərli maddələrin saxlanılması ilə əlaqədar şəhər Polis İdarəsinin Narkomaniya ilə mübarizə Bölməsinin əməkdaşları tərəfindən 118 cinayət faktı müəyyən edilmişdir ki, onlardan 13-ü narkotiklərin qanunsuz satışı ilə bağlı olmuşdur. Nəticədə ümumi çəkidə  27228,039 qram qeyri-qanuni yolla əldə edilən narkotik vasitə qanunsuz dövriyyədən çıxarılmışdır. Qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin 6017,557 qramını güclü təsirə malik narkotik vasitələr növünə aiddir ki, bunların da 2122,577 qramını heroin, 615,146 qramını tiryək, 3279,834 qramını həşiş təşkil edir.

   Müqayisə üçün, qeyd edək ki, 2015-ci illə müqayisədə hesabat ilində narkotiklərlə bağlı aşkar edilmiş cinayət faktlarının sayı 9 fakt az olsa da, qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin miqdarı isə 6,161qram çox olmuşdur.

   2016-cı ildə şəhər Polis idarəsində saxlanılan məhkəmə qərarı ilə müsadirə edilmiş narkotik vasitələr olan 12217,05 qram marixuana, 8,528 qram heroin, 195,75 qram tiryək, 19,03 qram həşiş qətranı və digər narkotik vasitələr komissiya üzvlərinin iştirakı ilə yandırma yolu məhv olunmuşdur.

   Narkomaniya əleyhinə mübarizə və narkotik preparatların istifadəsinə nəzarət işi daim diqqət mərkəzində olan problemlərdən biridir. Şəhərdə Rayonlararası Narkoloji Dispanser fəaliyyət göstərir. Şəhərin müxtəlif xəstəxanalarından daxil olan çağırışla dispanserin həkimləri tərəfindən konsultasiyalar  aparılmışdır. Eyni zamanda dispanserin narkoloqları tərəfindən narkomaniya və toksikomaniya ilə mübarizə məqsədilə müxtəlif təşkilatlarda, tədris müəssisələrində mühazirələr oxunmuş, “Sumqayıt” qəzetində elmi-kütləvi məqalələr dərc olunmuş, yerli televiziya kanalında narkomaniya əleyhinə vaxtaşırı təbliğat aparılır və çıxışlar edilir.

   Dispanserin “Məxfi müalicə otağı” əhaliyə anonim tibbi xidmət göstərir ki, burada məxfilik tam qanunauyğun surətdə saxlanılır ki, bu da xəstələrin müalicəyə cəlb olunmasında xüsusi əhəmiyyət kəsb edir.

   Narkomaniya ilə mübarizə istiqamətində işin aktuallığını və gənc nəslin bu prosesə həssaslığı nəzərə alınaraq, şəhər ərazisində yerləşən bütün tədris müəssisələrində, eləcə də təhsildənkənar müəssisələrdə şagirdlər və valideynlər arasında narkomaniyanın fəsadları, müalicəsi və profilaktikası haqqında məlumat və maarifləndirmə xarakterli görüşlər keçirilmiş, görüşlər zamanı narkomanlığa düçar olmuş şəxslərin faciəli taleyindən bəhs edən “Narkomaniya əsrin bəlasıdır”  adlı videoçarx nümayiş etdirilmiş, “Sumqayıt”, “Sumqayıt təhsili-Sabah” qəzetlərində mütəmadi olaraq narkomaniya və QİÇS-lə bağlı materiallar dərc olunmuşdur. Eyni zamanda məktəblərdə reydlər təşkil olunmuş, çətin tərbiyə olunan, valideyn himayəsindən məhrum olmuş, uğursuz ailədən olan, təhsildən yayınan, zərərli vərdişlərə, təsir altına düşməyə meyilli olan həssas risk qrupuna aid olan şagirdlər müəyyən edilərək, məktəb rəhbərləri tərəfindən nəzarətə götürülmüşlər.

   Ümumtəhsil məktəblərində və məktəbdənkənar tərbiyə müəssisələrində təbliğat və maarifləndirmə işinin aparılması məqsədilə antinarkomaniya xarakterli seminarların keçirilməsi, narkomanlıqla bağlı “Ağ ölüm”, “Əsrin xərçəngi”, “Olum ya ölüm-özün seç” və s. mövzularda rəsm və inşa yazı müsabiqələrinin, “Narkotiksiz gənclik - sağlam həyat” devizi altında müxtəlif idman növləri üzrə idman yarışlarının təşkili və keçirilməsi təmin edilməkdədir.

   Eyni zamanda Sumqayıt şəhərində mütəmadi olaraq 7 aprel-Ümumdünya Sağlamlıq Günü, 31 may - Ümumdünya Siqaret Çəkməkdən İmtina Günü, 26 iyun - Narkotiklərlə Mübarizə Günü, 1 dekabr - Qazanılmış İmmun Çatışmazlığı Sindromuna Qarşı Mübarizə Gününə həsr edilmiş maarifləndirici görüşlər keçirilməkdədir.

   Bu sahədə görülən işlər Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyaya təqdim etdiyi İş Planına  əsasən davam etdirilməkdədir.

Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Narkomanlığa və Narkotik
Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Komissiya




Baxılıb: 1157