Narkomaniyaya qarşı maarifləndirici tədbirlər görülüb

   “Sosial xidmət haqqında”  Azərbaycan Respublikası Qanununa əsasən,  2013-cü ildən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial xidmət sahəsində dövlət sifarişlərinin qeyri-hökumət və qeyri-kommersiya təşkilatlarına verilməsi prosesinə başlanılmışdır. Bu işlərin davamı olaraq 2016-cı ildə “Sosial təhlükəli vəziyyətdə olan kimsəsiz uşaqların (küçə uşaqları) sosial reabilitasiyası” və “Yetkinlik yaşına çatmayanların baxımsızlığının profilaktikası” layihələri icra edilmişdir.

   Layihələr çərçivəsində mərkəzlər təşkil edilmişdir ki, burada da uşaqların baxımsızlığının profilaktikası məqsədilə yetkinlik yaşına çatmayanlara emosional - psixoloji dəstək göstərilmiş, hüquqi məsləhətlərlə təmin edilmiş, müraciətləri müvafiq qurumlara yönləndirilmişdir. Az ağır, ağır, həmçinin böyük ictimai təhlükə törətməyən cinayət əməlləri və müxtəlif hüquqpozmalar törətmiş, ilk dəfə məhkəmə qarşısında dayanan uşaqlar, həmçinin polis, prokurorluq və ya yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar tərəfindən ictimai normalara zidd hərəkətlərə yol verdiklərinə görə qeydiyyata alınmış uşaqlara hüquqi yardım göstərilmişdir. Uşaqların mənəviyyata zidd informasiyalardan müdafiəsi, nəzarətsizlik və baxımsızlığa qarşı mübarizə, həmçinin narkotik vasitə aludəçisi olmamaları məqsədilə maarifləndirici tədbirlər görülmüşdür. Bundan əlavə, qanunazidd əməllərə təhrik və uşaq əməyini istismar edən şəxslərə qarşı profilaktik tədbirlər həyata keçirilmişdir. Həyata keçirilən layihələr ümumilikdə 468 nəfər sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanları və onların ailələrini əhatə etmişdir. 

   “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, cəzaçəkmə müəssisələrində cəza müddətinin sonuna 3 ay qalmış məhbuslarla görüşlər keçirilir, sosial adaptasiyaya ehtiyacı olan şəxslər  müəyyən edilir, qeydiyyata götürülür və bu ehtiyacların təmin olunması məqsədilə görüləcək işlərə dair məlumat verilir. 

Əjdər Cəbiyev, 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
aparatının rəhbəri 




Baxılıb: 946