Narkomanlıq dəhşətli bəladır

   Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı"ndan irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan milli parklar, dövlət təbiət qoruqları və dövlət təbiət yasaqlıqlarında xüsusi komissiyalar yaradılmış və müvafiq iş planı təsdiq edilmişdir. Mütəmadi olaraq bu ərazilərdə narkotik vasitələrin əkilib becərilməsinə qarşı reydlər və əməliyyat-axtarış tədbirləri aparılmışdır. Həmçinin meşə fondu torpaqlarında narkotik xassəli bitkilərin əkilib becərilməsi, eləcə də yabanı şəkildə bitənlərin qarşısının alınması məqsədilə bir sıra profilaktik tədbirlər həyata keçirilmişdir və bu məsələ daim nəzarətdə saxlanılmışdır.

   Belə ki, 2016-cı il ərzində Dövlət Sərhəd Xidmətinin, Zaqatala və Balakən rayon polis şöbələrinin və nazirliyin yerli qurumlarının əməkdaşları tərəfindən Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisində həyata keçirilən tədbirlər nəticəsində ümumilikdə aşkarlanmış 6 fakt üzrə çətənə bitkisinin əkilməsi üçün qabaqcadan hazırlandığı güman edilən müxtəlif ölçüdə 114 sahə (1,54 ha) aşkar edilərək nəzarətə götürülmüş və ümumi sayı 13434 ədəd narkotik xassəli çətənə bitkisinin əkilməsi faktı aşkar edilmişdir. Aşkar edilmiş bu faktlarla əlaqədar qanunamüvafiq qaydada təhqiqat aparılması məqsədilə Zaqatala və Balakən rayon polis şöbələrinə müraciət edilmiş və aidiyyəti üzrə cinayət işləri başlanılmışdır.

   Eyni zamanda, 2016-cı il ərzində Daxili İşlər Nazirliyinin qurumlarının nümayəndələri ilə birgə bölgələrdə keçirilən reydlər zamanı Qazax rayonu ərazisində ümumi çəkisi 14,455 kq olan 10 ədəd qurudulmuş marixuana kolları, 1,785 kq çəkidə qurudulmuş marixuana, Bərdə rayonu ərazisində ümumi çəkisi 1 300 kq olan 2 007 ədəd, Yevlax rayonunun Aran bələdiyyəsi ərazisində ümumi çəkisi 3 150 kq olan 43 742 ədəd, Qaramanlı bələdiyyəsi ərazisində ümumi çəkisi 2 630 kq olan 39 548 ədəd, Tərtər rayonu ərazisində ümumi çəkisi 11,895 kq olan qurudulmuş marixuana və ümumi çəkisi 1960 kq olan 2 272 ədəd,  Ağdaş rayonu ərazisində ümumi çəkisi 6 280 kq olan çətənə kolları aşkar edilmiş və KİV nümayəndələrinin iştirakı ilə yandırılaraq məhv edilmişdir.

   Qeyd olunanlarla yanaşı, bölgələrdə təbliğat və maarifləndirmə işləri də aparılmışdır. Belə ki, nazirliyin müvafiq qurumları tərəfindən 2016-cı il ərzində bölgələrdə qabaqlayıcı kompleks profilaktik tədbirlərin həyata keçirilməsi məqsədilə rayon icra hakimiyyətlərinin, icra nümayəndələrinin, bələdiyyələrin, qeyri-hökumət təşkilatlarının, əhalinin və məktəblilərin iştirakı ilə narkotik vasitələrin və psixotrop maddələrin yayılmasının qarşısının alınmasında yeniyetmə və gənclərin üzərinə düşən vəzifələr, narkotik maddələrin zərərli təsirlərindən yarana biləcək təhlükələr, narkotik maddələrə aludəçiliyin qarşısının alınması istiqamətində "Narkomanlıq dəhşətli bəladır", "Narkomaniyaya qarşı mübarizə", "Sağlam həyat tərzini seç", "Narkomanlığa qarşı mübarizədə fəal olmalı", "Narkotiklərdən uzaq olaq" və s. mövzularda təbliğat xarakterli yığıncaqlar keçirilmiş, narkomanlığın yayılması, narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə ilə bağlı ətraflı fikir mübadiləsi aparılmışdır.

   Bölgələrdə monitorinqlərin, reydlərin keçirilməsi davam etdirilir və bu tədbirlər Nazirliyin daim diqqət mərkəzindədir.

Rasim Səttarzadə, 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri




Baxılıb: 1144