26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Binəqədi rayonunda dəyirmi masa təşkil olunub.

   Bələdiyyənin inzibati binasında təşkil olunan tədbirdə Binəqədi rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Seymur Hacıyev, Biləcəri bələdiyyəsinin sədri Hikmət Quliyev və Binəqədi rayon 6-cı polis bölməsinin inzibati sahə rəisi, polis mayoru Natiq Ağamirzəyevin qəsəbə gəncləri ilə görüşü baş tutub.

   Tədbirdə bildirilib ki, əsas məqsəd ölkədə narkomaniyaya qarşı birgə mübarizənin gücləndirilməsi və bu sahədə maarifləndirmə işinin artırılmasıdır. Vurğulanıb ki,  narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına vurduğu ziyan,  onun törətdiyi sosial bəlalar, erkən müalicənin labüdlüyü və narkomanlığın profilaktikası barədə təbliğat işi həyata keçirilməlidir.

   Azərbaycanda narkotik vasitələrdən istifadənin qarşısının alınması istiqamətində müxtəlif qanun və dövlət proqramları qəbul olunaraq həyata keçirilir. Dövlət başçısının sərəncamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair” 2013-2018-ci illər üçün Dövlət Proqramı qəbul olunub.

   Tədbirin sonunda dəyirmi masa ətrafında əyləşən gənclərin təklifləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.




Baxılıb: 3147