Narkomanlığa qarşı mübarizə gücləndirilir

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Masallı rayon Komissiyası hesabat dövründə öz işini Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 18 iyun 1999-cu il tarixli Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrə uyğun qurmağa çalışmışdır.

Belə ki, hesabat dövründə komissiya narkotiklərin insan orqanizminə vurduğu ziyanlar haqqında hüquq mühafizə orqanlarının, Mərkəzi Rayon Xəstəxanasının, Rayon Təhsil şöbəsinin, Rayonun Gənclər və İdman İdarəsinin birgə fəaliyyətini təşkil edərək, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə gücləndirilir.

Narkomaniyaya meyilli şəxslərin aşkar olunaraq uçota alınması və onların müalicəsi istiqamətində Masallı Mərkəzi Rayon Xəstəxanası tərəfindən görülən işlər Komissiya tərəfindən nəzarətə götürülmüşdür. Bu sahədə olan xəstələrin dəqiq siyahısı əldə olunmuş və yeni aşkar olunan xəstələrin kortatekası təşkil edilmişdir. Hal-hazırda Masallı Mərkəzi Rayon Xəstəxanasında 361 nəfər narkomaniya diaqnozu ilə 79 nəfər isə profilaktiki qeydiyyatda durur. Onların mualicəsi üçün müəyyən tədbirlər görülür.

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Masallı rayon Komissiyası narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə Rayon Ağsaqqalları və Masallı Rayon Polis Şöbəsi ilə qarşılıqlı əlaqələrin qurulmasını və əhali arasında maarifləndirmə işinin birgə təşkilini təmin etmişdir.

2017-ci il 6 ay ərzində Masallı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində 42 fakt aşkar olunmuşdur. Onlardan 24-ü satış məqsədi olmadan, 10 fakt satış məqsədi ilə qanunsuz narkotik vasitələrin saxlanılması, 4-ü narkotik tərkibli bitkilərin kultivasiyası faktı olmuşdur. Aşkar olunmuş faktlar üzrə ümumilikdə qanunsuz dövriyyədən 4 kq 656 qr narkotik vasitə və 30 çətənə kolu aşkarlanmışdır.

Masallı RPŞ-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 08.05.2017-ci il tarixdə Masallı rayonu Ərkivan qəsəbə sakini Axundov Füzuli Fətulla oğlunun fərdi yaşayış evinin həyətyanı sahəsində 4 ədəd dəmir vedrədə qanunsuz olaraq əkib-becərdiyi ümumi təmiz çəkisi 185 qram olan 9 ədəd narkotik tərkibli bitki çətənə (kannabis) kolu; 09.06.2017-ci il tarixdə Masallı rayonu Ərkivan qəsəbə sakini Tağıyev Valeh Bayraməli oğlunun yaşadığı evinin həyətyanı sahəsində qanunsuz olaraq əkib-becərdiyi ümumi təmiz çəkisi 1000 qram olan 21 ədəd narkotik tərkibli bitki çətənə (kannabis) kolu; 19.06.2017-ci il tarixdə Masallı rayonu Tiyaqani kənd sakini Ağayev Nazim Şahverən oğlunun yaşadığı evinin həyətyanı sahəsində qanunsuz olaraq əkib-becərdiyi ümumi təmiz çəkisi 70 qram olan 6 ədəd narkotik tərkibli bitki çətənə (kannabis) kolu; 28.06.2017-ci il tarixdə Masallı MMBM-nin Masallı rayonu Məmmədoba kəndi yaxınlığında olan meşə fonduna aid olan sahədə həmin kənd sakini Xamiyev Sahil Şaməddin oğlunun qanunsuz olaraq əkib-becərdiyi ümumi təmiz çəkisi 240 qram olan 05 ədəd narkotik tərkibli bitki çətənə (kannabis) kolu aşkar olunaraq götürülmüşdür. Aşkar olunmuş 4 fakt üzrə Masallı RPŞ-nin istintq bölməsində Azərbaycan Respublikası CM-nin 237-ci maddəsilə cinayət işi başlanaraq istintaqı aparılır.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın 4.4.9-ci bəndinə müvafiq olaraq Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Masallı rayon Komissiyası tərəfindən narkomanlığın qarşısının alınması ilə bağlı hesabat dövründə həyata keçirilmiş tədbirlərə diqqət artırılmışdır.

Narkomaniyaya qarşı aparılan işlərin əsas istiqamətlərindən birinin yeniyetmələrin asudə vaxtlarından səmərəli istifadə edilməsi olduğundan, vətənpərvərlik idman oyunları, məktəblərin ənənəvi spartakiadası çərçivəsində idman yarışları, məktəblərarası futbol, voleybol, basketbol, stolüstü oyunlar üzrə yarışlar, intellektual oyunlar və müsabiqələrin keçirilməsinə diqqət artırılıb. Narkomaniya və narkotik vasitələrinin qanunsuz dövriyyəsinə qarşı mübarizəsi üzrə Masallı Rayon Komissiyası bundan sonra da rayonda narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə aparacaq və “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrasını layiqincə həyata keçirməyə çalışacaq.

Nadir Abıyev,

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə

qarşı mübarizə üzrə Masallı rayon Komissiyasının sədri




Baxılıb: 1173