Narkomaniya əsrin bəlasıdır

   Məhz  ümummilli lider Heydər Əliyevin “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında”  1996-cı il 26 avqust tarixli Fərmanını, Dövlət Komissiyası haqqında Əsasnaməni, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nı, eləcə də digər hüquqi-normativ sənədləri rəhbər tutaraq Astara rayon İcra Hakimiyyəti başçısı yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Rayon Komissiyası tərəfindən qarşıya qoyulmuş vəzifələrin icrası ilə əlaqədar 2017-ci ilin ötən dövründə ictimai maarifləndirmə işləri genişləndirilmiş, antinarkotik təbliğat və digər təşkilati-hüquqi tədbirlər həyata keçirilmişdir.

   2017-ci ilin ötən dövründə rayonda Narkomaniya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizəni daha da gücləndirmək üçün rayon İcra Hakimiyyətinin, rayon Gənclər və İdman idarəsinin, rayon Təhsil Şöbəsinin, Astara Pedaqoji Kollecinin, rayon Mədəniyyət müəssisələrinin, Yap Gənclər Təşkilatının, rayon Mərkəzi Xəstəxanasının və rayon Polis Şöbəsinin birgə kompleks tədbirlər planına uyğun olaraq müxtəlif mövzularda 12 tədbir: 1 seminar müşavirə, 2 rəsm sərgisi, 2 seminar, 7 görüş və mədəni-kütləvi aksiyalar keçirilmişdir.

   Rayonda Narkomanlığa, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizəni gücləndirmək məqsədilə rayonun ümumtəhsil məktəblərində, mədəniyyət evi, klub və kitabxanalarda, ayrı-ayrı yaşayış məntəqələrində həyata keçirilən tədbirlər  “Astara” qəzetində dərc edilmişdir.

   Rayon komissiyası Astara Pedaqoji Kollecində, Mərkəzi Kitabxanada keçirilmiş tədbirlər zamanı iştirakçıları maarifləndirmək məqsədilə hazırlanmış “Narkomaniyaya yox deyək”, “Narkotiklərsiz XXI əsr”, “Bəşəriyyətin faciəsi” mövzularında broşurlar paylanmışdır.

   Narkomaniyaya qarşı mübarizədə Astara rayon Mərkəzi xəstəxanasında narkoloji kabinet fəaliyyət göstərir. Narkoloji kabinet tərəfindən narkotik vasitələrdən istifadə edənlərin qeydiyyatı aparılır və 295 nəfər narkoman, 15 nəfər alkoqolizmdən əziyyət çəkən qeydiyyata alınmışdır. Həmin şəxslər mütəmadi olaraq müayinə olunaraq xəstəlikdən azad olunmaq üçün daim profilaktik tədbirlər həyata keçirilir.

   Hesabat dövründə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 18 cinayət hadisəsi qeydə alınmışdır. Narkotik vasitələrin satılması ilə bağlı 9 fakt, saxlanması ilə bağlı 6 fakt və narkotik tərkibli bitkilərin əkilib becərilməsinə dair 3 fakt aşkar olunmuşdur.

   Ötən müddətdə  Astara rayonunun Şiyəkəran kənd sakini Babazadə Vüsal Firudin oğlunun üzərindən və evindən satış məqsədi ilə saxladığı 6,491 qram heroin və 281,05 qram həşiş qətranı aşkar edilib götürülmüşdür. Fakta görə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi başa çatdırılaraq, məhkəməyə göndərilmişdir.

   Astara şəhər sakini Abdullayev Rüfət Rahim oğlunun üzərindən 0,948 qram narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür.

   Ərçivan qəsəbə sakini Əliyev Ramiz Rəcəb oğlunun üzərindən 0,371 qram heroin aşkar olunub götürülmüşdür.

   Şiyəkəran kənd sakini Məmmədov Feyzulla İlqar oğlu və Mirzəyev Qismət Babulla oğlu qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə gətirdikləri külli miqdarda narkotik vasitəni şərti alıcıya satarkən saxlanılmışlar və Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə cinayət işi başa çatdırılaraq, məhkəməyə göndərilmişdir.

   Astara şəhər sakini Şıxov Nəriman Salman oğlunun üzərindən 0,164 qram heroin və yaşadığı evin həyətindən 2 ədəd 5,09 qram kannabis bitkisi aşkar olunub götürülmüşdür. Fakta görə Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri cinayət işi başa çatdırılaraq, məhkəməyə göndərilmişdir.

   Şahağacı kənd sakini İqrar Mirzəyevin üzərindən və yaşadığı evdən 11,814 qram tiryək, 1000 qram həşiş qətranı, 10, 901 qram heroin, 4,479 qram metanfetamin aşkar olunaraq götürülmüş və Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başa çatdırılaraq, məhkəməyə göndərilmişdir.

   Ərçivan qəsəbə sakini Kənan Novruzovun üzərindən 185 ədəd psixotrop maddə aşkar edilib götürülmüşdür.

   Astara şəhəri Qum küçəsində Güllü Şiriyevaya məxsus evin həyətindən 21 ədəd, Nazay Məmmədovaya məxsus evin həyətindən 4 ədəd xaş-xaş bitkisi aşkar olunub götürülmüşdür. 

   Maşxan kənd sakini Turab İbadovun üzərindən 29,36 qram marixuana aşkar edilib götürülmüşdür.

   Astara şəhər sakini Amil Əliyevin üzərindən 0,339 qram heroin aşkar olunaraq götürülmüşdür.

   Göstərilən faktlarla əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaqı aparılmış və baxılması üçün məhkəməyə göndərilmişdir. 

   2017-ci ilin ötən dövrində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı həyata keçirilən tədbirlər nəticəsində 19.214 qram heroin,  511.814 qram tiryək, 1786.05 qram həşiş, 29.36 qram marixuana cəmi 18 fakt üzrə 2 kq 369.497  qram narkotik maddələr, 6.0 qram narkotik bitki (yaşıl kütlə)  və 27 çətənə kolu aşkar edilib, dövriyyədən çıxarılmışdır.

   Azərbaycan Respublikasının ərazisində, eləcə də Astara rayonunda narkomanlığın yayılmasının səbəblərindən biri də narkotik vasitələrin qonşu dövlətlərdən qaçaqmalçılıq yolu ilə müxtəlif vasitələrlə ölkəmizə gətirilməsidir.   Astara rayonun İran İslam Respublikası ilə 100 km-ə yaxın quru sərhədi, 20 km-lik dəniz sərhədi vardır. Burada narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizəni gücləndirmək məqsədi ilə daha ciddi tədbirlərin görülməsi tələb olunur. Bütün bunlarla birlikdə xüsusi qeyd olunmalıdır ki, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə hamı bir nəfər kimi fəal iştirak etməli, bütün qüvvələr səfərbərliyə alınmalı, daha təsirli tədbirlərin həyata keçirilməsi üçün lazım olan nə varsa hamısından istifadə olunmalıdır. Bu işdə bütün qüvvələr və səylər birləşdirilməli, sərhəd və gömrük məntəqələrində nəzarət gücləndirilməli, hüquq mühafizə orqanlarının öz fəaliyyətlərində yeni formalar və metodlar tətbiq etməklə daha ciddi mübarizə aparmalarına diqqət artırılmalıdır. 

   Narkomanlığa, Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyası Dövlət Proqramının müvafiq bəndlərinin icrasından irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar sağlam həyat tərzinin təbliği, asudə vaxtın təşkili məsələlərinə diqqətin artırılması və gənclər arasında antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədi ilə bundan sonra da fəaliyyətinin səmərəliliyinin artırılmasına səy göstərəcəkdir.

Allahverən Mahmudov,

Astara Rayon İcra Hakimiyyəti başçısının birinci müavini,
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz
Dövriyyəsinə Qarşı Mübarizə üzrə rayon komissiyasının sədri




Baxılıb: 3719