Nizami rayonunda “Yeniyetmə-gəncləri zərərli vərdişlərdən qoruyaq!” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib.

   Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı Nizami rayon komissiyasının 2017-ci il iş planınına uyğun olaraq Rayon Polis İdarəsi ilə birgə 2017-ci il noyabr ayının 28-də Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının inzibati binasında yuxarı sinif şagirdlərinin, orta ixtisas nəktəblərin tələbələrinin, müəllim və valideynlərin iştirakı ilə “Yeniyetmə-gəncləri zərərli vərdişlərdən qoruyaq!” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib.

   Tədbiri Rayon İcra Hakimiyyəti başçısının müavini, komissiyanın sədri Gülnaz İsrafilova açaraq 2017-ci ildə ötən müddət ərzində keçirilmiş tədbirlər, görülmüş işlər barəsində ətraflı məlumatlar verib. G.İsrafilova xüsusi olaraq vurğulayıb ki, zərərli vərdişlər və onlara aludəçilik insan sağlamlığına çox ağır zərbə vurur. Bu cür neqativ hallara qarşı hamılıqla mübarizə aparılmalı, yeniyetmə-gənclərimizi sağlam mühitdə və sağlam ruhda böyümələri, təhsil və tərbiyə almaları üçün davamlı olaraq yerlərdə müxtəlif məzmunlu maarifləndirici tədbirlər keçirilməli, onların xüsusi olaraq asudə vaxtlarının səmərəli təşkilinə nail olunmalıdır. Zərərli vərdişlərin gənclərə vurduğu yaraların fəsadları çox ağır və sağalmaz olur, nəticədə bütün cəmiyyət əziyyət çəkir, gələcəyimiz üçün təhlükələr yaranır. Yeniyetmə-gənclər üçün  sağlam həyat tərzi yeğanə və alternativsiz seçimdir, çünki sağlam həyat tərzi  sağlam ruh və sağlam mənəviyyat deməkdir.

   Tədbirdə həmçinin Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin YYÇPİTŞ-nin xüsusilə mühüm tapşırıqlar üzrə baş inspektoru polis polkovnik-leytenantı Əkbər Əkbərov “Yetkinlik yaşına çatmayanların cinayətə meyilliliyinin fəsadları və onların məruz qaldıqları zorakılıqdan müdafiəsi, təhsildən qərəzli şəkildə yayınmalarının qarşısının alınmasında daxili işlər orqanlarının rolu”, Nizami RPİ-nin İctimai Təhlükəsizlik şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elçin Əliyev “Dini radikalizmin zərərli təsirləri”, Bakı şəhər Narkoloji Dispanserin narkoloq həkimi Ələddin İsmayılov “Narkotiklər haqqında nə bilirik: narkotik, yoxsa həyat”, Rayon Qeydiyyat şöbəsinin baş məsləhətçisi Əmir Bağırlı “Yetkinlik yaşına çatmayan qızların erkən nikahlara məruz qalmalarına qarşı mübarizədə gənclərin fəallığının artırılması” və YAP Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva “Sağlam gəncliyimizi qoruyaq və qayğı göstərək” mövzularında çıxışlar etmiş, yeniyetmə-gəncləri zərərli vərdişlərdən uzaq olmağa çağırmış, onlara dəyərli tövsiyələrini vermişlər.




Baxılıb: 1646